Erməni diasporu Paşinyanı aldatdı

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

"Ermənistanda hakimiyyətə qarşı çevriliş cəhdi və ya ölkəyə kənardan hücum olarsa, Fransa Ermənistana qoşun yollamayacaq. Bunu birdəfəlik bilmək gərəkdir. Fikrimcə, Ermənistanın hakimiyyəti Rusiya ilə prioritet strateji əhəmiyyət daşıyan əlaqələri bərpa etməlidir".

Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Büro üzvü, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan belə deyib.

Onun fikrincə, baş nazir Nikol Paşinyan istefa verməli, hakimiyyəti tərk etməlidir və xarici ölkələrlə münasibətlərə yenidən baxılmalıdır.

"Ermənistanda anti-Rusiya mövqeli və düşüncəli hakimiyyət olmamalıdır. Bu gün xəritəyə baxsanız, görərsiniz ki, Ermənistan düşmənlərlə əhatə olunub. Biz isə malik olduğumuz dostumuzu və tərəfdaşımızı düşmənimizə çevirdik.

Bir daha deyirəm: böyük təhlükə yaranarsa, Fransa Ermənistana sadəcə hərbi yardımlar edəcək, amma qoşun yollamayacaq. Bu səbəbdən indi düşmənə çevirdiyimiz əvvəlki tərəfdaşlarımızla əldaqələri bərpa etməli, Qərblə əlaqələri möhkəmləndirməli, Hindistan və Çinlə münasibətləri genişləndirməli, ağıllı və müdrik siyasət yürütməliyik", - Murad Papazyan söyləyib.

M.Papazyan Fransadakı erməni icması ilə yanaşı, Qərb ölkələrindəki erməni diaspor strukturlarının ən önəmli mənsublarından biridir.

2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gətiriləndən sonra Fransadakı erməni icması ilə onun münasibətləri normal idi. Hətta sıx əlaqələrin yaranması işartıları da vardı: xüsusilə də N.Paşinyanın Frankofoniya Sammitindəki çıxışından sonra Fransadakı erməni təşkilatları ona az qala mədhiyyələr ünvanlayırdılar.

Lakin sonradan N.Paşinyan erməni diaspor təşkilatlarının Ermənistanın daxili işlərinə sürəkli müdaxilə etməyə çalışdıqlarını, hətta siyasi və diplomatik qərarların qəbuluna təsir etməyə cəhd göstərdiklərini görəndə Parisdəki erməni strukturları ilə əlaqələri sərinləşdirdi, təmasların intensivliyini azaltdı.

44 günlük İkinci Qarabağ Müharibəsinin ermənilərin kapitulyasiyası ilə başa çatmasından sonra Fransadakı erməni icması N.Paşinyanı "xəyanətkar və satqın" elan etdi.

İş o yerə çatdı ki, Cənubi Qafqazda geosiyasi planlarını reallaşdırmaq məqsədilə Ermənistandan vasitə qismində istifadə etməyi regional geostrategiyasına daxil etmiş Fransa prezidenti Emmanuel Makron işə qarışdı.

Nikol Paşinyanın Fransaya rəsmi səfəri zamanı məhz E.Makronun vasitəçiliyi ilə onun Murad Papazyanla görüşü baş tutmuşdu.

E.Makronun məqsədi N.Paşinyanla M.Papazyanı barışdırmaq, rəsmi İrəvanla Fransadakı erməni diasporu arasındakı sərinliyi və qarşıdurmanı aradan qaldırmaqdı.

Bəlkə də, baş tuta bilərdi, amma ötən ilin sentyabrın 19-da Azərbaycan ordusunun lokal antiterror tədbirlərindən sonra Fransadakı ermənilər birmənalı olaraq Nikol Paşinyanı "xəyanətkar" adlandırdılar. Səbəb - Xankəndindəki separatçı-terrorçu xunta artıq tarixə qovuşurdu.

Baş verənlər Murad Papazyanı, daşnakları və Fransadakı erməni icmasını məyus etməklə yanaşı, həddən ziyadə qəzəbləndirmişdi, çünki Xankəndindəki xunta onların onillər boyu siyasi məqsədlər üçün istifadə etdikləri struktur idi. Eyni zamanda, "qarabağlı ermənilərə yardım" adı ilə hər il on milyonlarla dollar toplanır, həmin pulların çox kiçik qismi Xankəndində və Ermənistana göndərilir, yerdə qalan hissəsi Fransadakı erməni diaspor təşkilatlarının rəhbərləri tərəfindən mənimsənilirdi.

Qarabağlı erməni separatizmi Fransadakı erməni diasporuna "Böyük Ermənistan" xülyası müstəvisində Erməni Həvariyun (Apostol) Kilsəsi (EAK) ilə birlikdə, konsolidə edilmiş şəkildə fəaliyyət göstərmək və erməni keşişlərdən siyasi məqsədlər üçün yararlanmaq baxımından da olduqca "rahat" mexanizm sayılırdı.

Xankəndindəki xunta tarixə qovuşandan sonra Fransanın Cənubi Qafqazda təsir vasitələrinə, Azərbaycan-Türkiyə tandeminə qarşı "müqavimət" nəsnələrinə yiyələnmək istəyi Ermənistana Avropa İttifaqının Müşahidə Missiyasının (EUMA) göndərilməsi təklifinin məhz rəsmi Paris tərəfindən az qala panaseya kimi təqdimatına səbəb oldu.

Emmanuel Makron regionumuzla bağlı planlarında Ermənistana əlahiddə yer ayırıb və bu səbəbdən də aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Nikol Paşinyan arasındakı görüş rəsmi Parisin ümidlərini daha da artırmışdı. Konkret olsaq, Paris Ermənistana təsir və idarəetmə baxımından inhisarçı mövqe tutmaq, hami və havadar rolunda Rusiyanı bütünlüklə əvəzləmək, İrəvanın əsas strateji, geosiyasi və hərbi tərəfdaşı olmaq fikrində idi.

Vaşinqtonla Brüssel təbii ki, Makronun planlarını arzuolunmaz hesab etdilər, Cənubi Qafqazdakı proseslərə təsir rıçaqları əldə etmək üçün ermənilərdən istifadə məsələsində Fransanın tək oyunçu olmasını məqbul saymadılar.

Nikol Paşinyan Qərbdəki güclər arasında seçim etmək məcburiyyətində qalanda isə Vaşinqtonla Brüssel istiqamətlərinə üstünlük verdi və bu, Fransanın çox qəzəbləndirdi.

Aprelin 19-da Ermənistanın Tavuş (Tovuzqala) rayonunda 32 ildən bəri erməni işğalında olan 4 kəndin azad edilərək Azərbaycana qaytarılması, delimitasiya və demarkasiya prosesinə başlanması, yekun sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində addımlar atılmağa başlayanda start götürən etiraz aksiyalarının kölgədə duran hərəkətverici qüvvələri arasında Fransa məhz bu səbəbdən ön yerlərdən birini tutdu.

Murad Papazyanın İrəvana yollanması, orada Paşinyan hakimiyyətinin istefasını dəstəkləməsi və Ermənistanın Rusiya ilə münasibətlərini normallaşdırmasını gərəkli sayması barədə bəyanatları da Parisin ilk əvvəl İrəvana, sonra da Vaşinqtonla Brüsselə ünvanladığı messiclər də sayıla bilər.

Bu açıqlamaları verən şəxs yalnız Fransadakı erməni icmasının ünlü simalarından və faktiki rəhbərlərindən biri yox, həm də Emmanuel Makronun idarə etdiyi fiqurlardan biridir.

Eyni zamanda, Murad Papazyanın bəyanatları aşkar şəkildə göstərdi ki, erməni diasporu merkantil maliyyə, siyasi və s. məqsədlərinə çatmaq üçün hər şeyi qurban verməyə hazırdır.

Konkret halda Fransadakı erməni diasporu Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəyir.

Ən nəhayət, yaşananlar Fransadakı erməni diasporuna Rusiyanın təsirinin çox ciddi olduğunu göstərir.

Fransa prezidenti Emmanuel Makron da seçkilərdə yerli erməni icmasının səslərini qazanmaq üçün Ermənistanı tam dəstəklədi, Azərbaycanla münasibətləri kəskinləşdirdi, əlaqələri 25 il əvvəlki səviyyəyə atdı.

Halbuki Parislə Bakı arasında əlaqələrin inkişafı hər iki ölkəninn maraqlarına və mənafelərinə tam cavab verirdi.

Fransa Azərbaycanda onlarla, yüzlərlə layihələrdə iştirak edərək on milyardlarla avro xalis mənfəət əldə edə bilərdi.

Amma Emmanuel Makron bütün bunları ermənilərin səslərini qazanmaq üçün qurban verdi.

Fəqət, kim deyə bilər ki, müvafiq əmr alınandan sonra Fransadakı erməni diasporu indi Paşinyanı qurban verdiyi kimi, Makronla münasibətləri də heçə saymayacaq?