Laçındakı KSES egionda təmiz enerji tədarüklərinin möhkəmlənməsinə səbəb olacaq

Laçındakı kiçik su elektrik stansiyası (KSES) regionda təmiz enerji tədarüklərinin möhkəmlənməsinə səbəb olacaq.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Laçında "Malıbəy" KSES-in təməlqoyma mərasimində deyib.
"Regionun infrastrukturuna strateji investisiyaların cəlb edilməsinin uğurlu nümunəsinin şahidi oluruq. Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu layihələr Kəlbəcər və Laçının infrastrukturunun təmin edilməsində mühüm rol oynayacaq və regionun təmiz enerji təchizatının möhkəmlənməsinə səbəb olacaq. Azərbaycanda COP29 ərəfəsində bu cür layihələrin həyata keçirilməsi ölkəmizdə ətraf mühitin mühafizəsi və "yaşıl" inkişaf prinsiplərinə sadiqliyi əyani şəkildə nümayiş etdirir", - o deyib.
Qeyd edək ki, iyunun 1-də Laçında "Malıbəy" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub.
Xatırladaq ki, ötən ilin dekabr ayında "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Demirören Yatırım Holding A.Ş." şirkətlər qrupu (Türkiyə) və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hekəri və Tərtər çayları üzərində beş KSES istifadəyə veriləcək.
Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bütünlükdə 2025-ci ildə, ümumi gücü 13,8 meqavatt olan beş stansiyanın istismara verilməsi planlaşdırılır. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin açılmasına imkan verəcək.
Layihənin 1-ci mərhələsində Laçın rayonu ərazisində Zabux çayı üzərində 5,1 meqavatt gücündə "Malıbəy" SES-in, 2-ci mərhələdə 3,4 meqavatt gücündə "Qalaça 2" SES, 1,8 meqavattlıq "Minkənd" SES və 1,1 meqavatt gücündə "Qalaça 1" SES-in tikintisi planlaşdırılır. 3-cü mərhələdə Kəlbəcər rayonunda Tərtər çayının üzərində 2,4 meqavattlıq "Tərtər 1" KSES-in tikintisi nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре