Bank kartından pul oğurlandıqda kim cavabdehdir?

"Təcrübədə bəzən bank kartlarına qanunsuz daxil olmalar şəxslərin komputerlərinə kiberhücumlar təşkil etməklə də törədilə bilir".

Day.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə bank kartı ilə bağlı pozuntular kibercinayətlər və maliyyə fırıldaqları kimi cinayət əməlləri hesab edilir və buna görə qanunvericilikdə sərt cəzalar nəzərdə tutulur:

"Məsələn, Türkiyənin Cinayət Məcəlləsinin 245-ci maddəsinə (bank və ya kredit kartlarından sui-istifadə) görə başqasına məxsus bank və ya kredit kartını hər hansı şəkildə əldə edən və ya saxlayan şəxs kart sahibinin və ya kartın verilməli olduğu şəxsin razılığı olmadan ondan hər hansı şəkildə istifadə etdikdə və ya ondan özünün və ya başqasının xeyrinə istifadə etməyə icazə verdikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə və beş min manatadək cərimə cəzası ilə cəzalandırılır.

Almaniyanın Cinayət Məcəlləsinin (Strafgesetzbuch) "202a" maddəsinə (məlumat casusluğu) əsasən özü və ya başqası üçün icazəsiz girişdən yayınaraq, onlar üçün nəzərdə tutulmayan və icazəsiz girişdən xüsusi olaraq qorunan məlumatlara giriş əldə edən şəxs üç ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə və ya cərimə ilə cəzalandırılır.

Qeyd edək ki, ABŞ-da "Electronic Fund Transfer Act" (EFTA) və "Computer Fraud and Abuse Act" (CFAA) qanunları elektron maliyyə fırıldaqlarını tənzimləyir. EFTA vətəndaşları bank kartı oğurluqlarına qarşı qoruyur və bankların məsuliyyətini müəyyən edir. Əgər kart sahibi oğurluğu vaxtında bildirsə, onun məsuliyyəti məhdudlaşdırılır.

Avropa İttifaqında "Payment Services Directive 2" (PSD2) çərçivəsində bankların və ödəniş xidməti provayderlərinin təhlükəsizlik tədbirləri və müştərilərin hüquqları qorunur. Müştəri xəbəri olmadan həyata keçirilən əməliyyatlara görə bankın məsuliyyəti nəzərdə tutulur".

Hüquqşünas  vurğulayıb ki,Azərbaycan Respublikasının qanunvericiliyində bank kartı oğurluğu və fırıldaqları ilə bağlı müddəalar Cinayət Məcəlləsi və Mülki Məcəllə çərçivəsində tənzimlənir:

"Təsadüfi deyil ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə görə oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təcrübədə bəzən bank kartlarına qanunsuz daxil olmalar şəxslərin komputerlərinə kiberhücumlar təşkil etməklə də törədilə bilir. Bu zaman şəxsin komputerinə qanunsuz müdaxilə edən fırıldaqçılar komputerdə saxlanılan bank məlumatlarını ələ keçirə bilirlər. Əgər bu yolla cinayət törədilərsə, belə əməllərə yol vermiş şəxslər Cinayət Məcəlləsinin 272-ci maddəsi (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) ilə də məsuliyyətə cəlb edilə bilər. Həmin maddədə deyilir ki, "Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edək ki, ağırlaşdırıcı hallarda bu əməlin törədilməsinə görə sözügedən maddədə daha sərt cəza nəzərdə tutulmuşdur".

Hüquqşünas bankların müştərilərin vəsaitlərinin təhlükəsizliyini təmin etməli olduğunu diqqətə çatdırıb:
"Əgər müştəri öz razılığı olmadan əməliyyatın baş verdiyini sübut edə bilirsə, Azərbaycan Respublikasının mülki qanunvericiliyi müstəvisində qaldırılmış iddialarla banklar həmin məbləği qaytarmağa borcludur.
Əlbəttə, bu zaman bankların məsuliyyəti bankın təhlükəsizlik tədbirlərinin səviyyəsindən və müştərinin diqqətindən asılı olaraq dəyişir. Əgər oğurluq bankın təhlükəsizlik zəifliyi nəticəsində baş veribsə, bank məsuliyyət daşıyır və zərərçəkmişə kompensasiya ödəməlidir. Yox əgər müştəri kart məlumatlarını diqqətsiz şəkildə paylaşmışsa və ya şəxsi məlumatlarını fırıldaqçılara vermişsə, bank məsuliyyət daşımır.

Belə hallarla əlaqədar olaraq bir çox bank müştərilərinə 24 saat ərzində oğurluq barədə bildiriş verməyi tövsiyə edir. Gecikmiş bildirişlərdə bankın məsuliyyəti azala bilər".
Bəs, bank kartı oğurlandıqda nə etməli?

Y.Xəlilov əlavə edib ki, əgər bir şəxsin bank kartı oğurlanıbsa və ya ondan icazəsiz istifadə olunubsa, mütləq müəyyən addımlar atılmalıdır:

"Birincisi, dərhal bankla əlaqə saxlamaq ən vacib məsələdir. Daha yaxşı olar ki, operativ şəkildə bankın qaynar xətti ilə əlaqə saxlayaraq kartı blokladasınız. Digər tərəfdən bankın təhlükəsizlik zəifliyinin olub-olmamasını yoxlamaq üçün banka rəsmi şəkildə ərizə ilə müraciət olunmalıdır. Bankın günahı ucbatından oğurluq baş veribsə, ilk olaraq bankın cavabını gözləmək lazımdır. Əgər bank zərəri ödəməkdən imtina edərsə, yuxarıda da qeyd etdiyimiz kimi Mülki Məcəlləyə əsasən məhkəməyə müraciət etmək mümkündür.

Bunlara paralel olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və ya yerli polis orqanına rəsmi şikayət vermək isə problemin həll istiqamətində atılan ən zəruri addımlardandır.

Beləliklə, bank kartlarının oğurluğu və bu cür cinayətlərə qarşı mübarizə həm milli, həm də beynəlxalq səviyyədə ciddi hüquqi sanksiyaların tətbiq olunmasını şərtləndirir. Ölkəmizdə də bank kartlarının oğurluğu və onlardan qanunsuz istifadə ilə bağlı ciddi hüquqi mexanizmlər mövcuddur. Lakin kibercinayətkarlıq və texnoloji inkişaf fonunda qanunvericiliyin daim yenilənməsi və beynəlxalq təcrübənin tətbiqi vacibdir. Eyni zamanda, hüquq-mühafizə orqanlarının peşəkarlığının artırılması, ictimai maarifləndirmə və bank sektorunda təhlükəsizlik standartlarının gücləndirilməsi belə cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır.
Gələcəkdə texnologiyanın inkişafı ilə birlikdə bank kartı fırıldaqçılığının yeni formalarının ortaya çıxacağı da göz önündə saxlanılmalıdır. Buna görə də qanunvericilik sisteminin çevikliyi, qabaqlayıcı tədbirlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bank kartlarının oğurluğuna qarşı effektiv mübarizənin əsas istiqamətlərindən biri olacaqdır".