Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı hazırlıq işləri görülür

Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 33-cu ildönümü ilə bağlı hazırlıq işləri görülür.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir.

"Hər il olduğu kimi, bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırımına aid bannerlərin vurulması nəzərdə tutulur. Hazırda çatışmazlıqlar aradan qaldırılır. İşlər yaxın zamanda yekunlaşacaq", - deyə P.İmanov qeyd edib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.