Prezident İlham Əliyevin Çinə səfəri ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir

22-24 aprel 2025-ci il tarixlərində Prezident İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında strateji əməkdaşlıqda yeni bir mərhələdir. Bu səfər həm format, həm də nəticələri baxımından tarixi əhəmiyyət daşıyır. Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirilmiş yüksək səviyyəli görüş, imzalanan mühüm sənədlər və aparılan danışıqlar Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafına güclü təkan verir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Pekin şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə səsləndirdiyi fikirlər bu səfərin əsl mahiyyətini aydın şəkildə göstərdi. Si Cinpin Azərbaycanın Çin üçün etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik, davamlı inkişafı qeyd etdi və Azərbaycanın beynəlxalq nüfuzunun artdığını vurğuladı.

Prezident İlham Əliyev də öz növbəsində Çinlə əlaqələrin hər zaman Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu bildirdi. O, Çin tərəfinin "Bir kəmər, bir yol" təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycanın bu layihənin önəmli iştirakçılarından biri olduğunu və nəqliyyat-logistika imkanları ilə layihəyə töhfə verdiyini vurğuladı. Ən önəmli məqamlardan biri də o idi ki, Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri bir daha vurğulandı", - o bildirib.

A.Qarayev qeyd edib ki, səfər çərçivəsində Azərbaycan və Çin arasında müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalandı.

"Bunların arasında iqtisadiyyat, nəqliyyat, enerji, informasiya texnologiyaları, kənd təsərrüfatı və humanitar sahələr üzrə əməkdaşlığa dair sənədlər oldu. İmzalanan sənədlər Azərbaycan-Çin münasibətlərinin konkret və praktik nəticələr doğuracaq yeni mərhələyə keçdiyini göstərir. Sənədlər arasında bir sıra önəmli istiqamətlər olsa da, ən önəmlisi Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın imzalanması oldu. Bundan əlavə, hüquqi, nəqliyyat, energetika, ticarət və bir sıra digər sahələri əhatə edən önəmli sənədlər imzalandı. Bu sənədlər onu da göstərir ki, hər iki ölkə gələcəkdə də əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - o bildirib.

Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanan Birgə Bəyanata toxunan politoloq qeyd edib ki, sənəd çox mühüm sahələri əhatə edir.

"Birgə Bəyanat iki ölkə münasibətlərində yeni mərhələnin əsasını qoyur. Bu bəyanat təkcə diplomatik rəsmi sənəd deyil, həm də Bakı ilə Pekin arasında əməkdaşlığın dərinləşməsinin, qarşılıqlı etimadın və uzunmüddətli strateji baxışın ifadəsidir. Çin kimi qlobal güc mərkəzi ilə belə bir tərəfdaşlığın qurulması Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir, xüsusilə enerji, nəqliyyat və "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu bəyanat həm də Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində artan rolunu təsdiqləyir və regionda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bir sözlə, bu Birgə Bəyanat Azərbaycan-Çin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini, geosiyasi və iqtisadi baxımdan əhəmiyyətli dərəcədə gücləndiyini göstərir", - o bildirib.

Onun sözlərinə görə, siyasi müstəvidə Azərbaycan və Çin qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərə malikdir.

"Çin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü məsələsində daim prinsipial mövqe sərgiləyib. Bu barədə Prezident İlham Əliyevin Çinə səfəri zamanı da təkrar bildirildi. Eyni zamanda, Azərbaycan da "Vahid Çin" siyasətinə birmənalı dəstək verir. Bu etimad fonunda hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlıq edir. Çin Azərbaycanın beynəlxalq tədbirlərini, o cümlədən, mühüm qlobal forumların və görüşlərin Bakıda keçirilməsini dəstəkləyir. Bundan əlavə, ÇXR Sədri Si Cinpin geniş tərkibli görüş zamanı Prezident İlham Əliyevi bu il Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət edib və Prezident İlham Əliyevin bu dəvəti qəbul etməsi, həmçinin, Bakı-Pekin münasibətlərinin yüksək səviyyədə olmasının və qarşılıqlı etimadın daha bir təsdiqidir", - o bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıdığını və dinamik şəkildə inkişaf etdiyini bir daha təsdiqlədi.

"Bu səfər iki ölkə arasında siyasi dialoqun dərinləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, sadəcə diplomatik addım deyil - imzalanan sənədlər, əldə olunan razılaşmalar və verilən mesajlar qarşıdakı illərdə daha dərin və çoxşaxəli əməkdaşlığın başlanğıcı olacaq. Azərbaycanın geosiyasi mövqeyi və Çinin qlobal iqtisadi gücü bir-birini tamamlayır. Bu baxımdan, Prezident İlham Əliyevin Çinə dövlət səfəri təkcə ikitərəfli əlaqələrə deyil, eyni zamanda regionun gələcək inkişafına təsir göstərən mühüm hadisələrdən biri kimi tarixə düşəcək", - A.Qarayev əlavə edib.