Qusarda terrorçuluğa çağırış edən şəxs həbs edilib

Qusarda dini düşmənçilik və dini fanatizm zəminində terrorçuluq törədilməsinə açıq çağırışlar edən şəxs həbs edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərə çağırış edilməsi məzmunlu materialları birdən çox dəfə yayıb.

O, bu yolla dini nifrət və düşmənçiliyin salınmasına, dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətləri dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aşkar surətdə qəsdən törədib.

Şəxs düşmənçilik və dini fanatizm zəminində terrorçuluğa çağırışla bağlı materialları, eləcə də müxtəlif tarixlərdə xarici ölkələrdə döyüşmüş və şəhid olan mücahidlərin fotoşəkillərini, 11 sentyabr 2001-ci il tarixində Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinə hücum səhnələrini, İŞİD bayrağının və mücahidlərin əks olunduğu səhnələri, hərbi və atəş təlimləri səhnələrini, habelə real döyüş səhnələri əks olunmuş videomaterialları paylaşıb yayıb.

O, son paylaşımını 2024-cü ilin noyabr 03-dən 04-ə keçən gecə İnstagram sosial şəbəkəsində "story" olaraq paylaşıb. Bu paylaşının xarici ölkələrdə cihad uğrunda şəhid olan mücahidlər ilə bağlı olub.

Qusar rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə 3 il 6 ay müddətinə, Məcəllənin 283.1-1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib.