Bərpa olunan enerji layihələrində özəl sektorun iştirakı üçün hansı təşviq mexanizmləri var?

Qanunvericilik sahəsində həyata keçirilən islahatlar bərpa olunan enerji layihələrinin inkişafını asanlaşdırmağa və investisiyaların cəlb olunmasına kömək edir.

Bunu Day.Az-a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.

Şöbə müdiri xatırladıb ki, Prezident İlham Əliyevin 1 fevral 2024-cü il tarixli Fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri" təsdiq edilib.

Sözügedən Fərmanla bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı, tullantıların idarə olunması və dövlət-özəl tərəfdaşlığı istiqamətləri üzrə layihələr dəstəklənir. Eyni zamanda, 2024-cü il dekabr 16-dan Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanunda edilən dəyişikliklərlə investorlara bir sıra güzəştlər tətbiq edilir.

"Belə ki, Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələrində iştirak edən fərdi sahibkarlar və hüquqi şəxslər, Energetika Nazirliyinin təsdiqedici sənədi əsasında, "Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanuna uyğun olaraq bağlanmış satınalma müqaviləsi ilə müəyyən olunmuş müddətə, lakin 30 ildən çox olmamaqla (tikinti dövrü də daxil olmaqla), texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddırlar.

Dövlət-özəl tərəfdaşlığı və ya dövlətin satınalma öhdəliyi əsasında həmin layihələrdə iştirak edən fərdi sahibkarlar və hüquqi şəxslər, eyni müddətə gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi və torpaq vergisindən azaddırlar. Bu, bərpa olunan enerji layihələrinin inkişafını asanlaşdırmağa və investisiyaların cəlb olunmasına kömək edir. Qeyd olunan dəyişikliklər xüsusən bərpa olunan enerji sahəsindəki investisiyaları stimullaşdırmağa və ölkənin yaşıl enerji sektorunun inkişafını sürətləndirməyə yönəlib", - deyə C.Əliyev qeyd edib.