Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik - Suriyanın energetika naziri

Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüst dəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Bu dəstək Suriyanın layiq olduğu mövqeyə - ölkələr arasında qabaqcıl və firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxışı zamanı deyib.
O, əvvəlcə Suriyanın iqtisadi durumu ilə bağlı təəssüratlarını bölüşüb:
"Suriya xalqı uzun illərdir ağır, acılı, iztirablı illər yaşadı. Bu illər həyatın ən sadə tələblərinin belə olmadığı, əsas xidmətlərin, xüsusilə də enerji xidmətlərinin tamamilə yoxa çıxdığı dövrlər idi. Suriya xalqı uzun illər qaranlıq və zülmət içində yaşadı, zavodlar dayandı, həyati obyektlər sıradan çıxdı, iqtisadi fəaliyyət iflic oldu, infrastruktur məqsədli şəkildə dağıdıldı.
Bu, xalqımızın səbr və ucalıqla yaşadığı, sözlə ifadə edilə bilməyəcək qədər çətin bir dövr idi. Amma keçmiş rejimin qaranlığı çəkildikcə, azadlıq şəfəqləri doğduqca, xalqımız dağıntılar altından qalxaraq yeni bir başlanğıca ümidlə baxmağa başladı və layiq olduğu ləyaqətli həyata qovuşmaq arzusu ilə yaşamağa başladı.
Biz ilk gündən rejimin dağıtdıqlarını bərpa etməyə qərarlı olduq və gecə-gündüz yorulmadan enerji istehsalı və ötürmə stansiyalarını, xüsusilə də elektrik, neft və qazın ötürülməsi sahələrini yenidən bərpa etməyə başladıq".
Nazir vurğulayıb ki, bu gün isə fəxrlə və qürurla Suriyanı Türkiyə ilə birləşdirən regional qaz boru kəmərinin açılışı qeyd edilir:
"Bu xətt bizə gündəlik 6 milyon kubmetr qaz idxal etməyə imkan verəcək. Bu, dost və qardaş regional ölkələrlə əməkdaşlıq və koordinasiya çərçivəsində baş verir. İlk mərhələdə biz gündəlik 3,4 milyon kubmetr qaz idxal edəcəyik, bu qaz Azərbaycan vasitəsilə Türkiyədən gələcək, və bu da Qətər dövləti tərəfindən göstərilən səxavətli yardım çərçivəsində baş tutacaq. Bu qaz həcmi bizə, Allahın izni ilə təxminən 750 meqavatlıq enerji istehsalını artırmağa imkan verəcək. Bu isə elektrik təchizatının yaxşılaşdırılmasına və gündəlik əlavə 4 saatlıq elektrik verilməsinə səbəb olacaq.
Bu da öz növbəsində inkişafı sürətləndirəcək, sənayeni və iqtisadiyyatı canlandıracaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasına kömək edəcək.
Suriyanın bütün övladlarına bəyan edirəm ki, biz qarşıdakı günlərdə də əlavə qaz alışı üçün çalışacağıq, məqsədimiz istehsal gücünü artırmaq və təqdim olunan xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Bu da Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək".
"Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüst dəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Bu dəstək Suriyanın layiq olduğu mövqeyə - ölkələr arasında qabaqcıl və firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik. Bu ölkələr Suriya ilə çiyin-çiyinə dayanaraq, xüsusilə qarşıdakı dövrdə planlaşdırılan regional elektrik birləşmə xətti kimi layihələrdə iştirak edəcəklər. 400 kilovoltluq xətt layihəsi yaxın dövrdə icra ediləcək. Həmçinin elektrik enerjisinin Reyhanlıdan İdlibin şimalına -Harim bölgəsinə qədər çatdırılmasına dair yeni bir xətt də icra mərhələsindədir. Biz bu addımları ən qısa zamanda həyata keçirməyə çalışırıq", - suriyalı nazir qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре