Prezident İlham Əliyev: Ruanda Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləyib - TAM BƏYANAT

Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı bildirib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əvvəlcə cənab Prezidentə Azərbaycana səfər etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Sonuncu dəfə biz ötən ilin noyabrında Bakıda COP29-da görüşdük və həmin vaxt mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim. Çox minnətdaram ki, o, mənim dəvətimi qəbul etdi və bu gün ölkəmizdə rəsmi səfərdədir.
Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini artıq müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirməkdə və genişləndirməkdə birgə iradəmizi ifadə etdik. Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq.
Şadam ki, son illərdə münasibətlərimiz daha da nəticəyönümlü olub. Azərbaycandan Ruandaya müxtəlif nümayəndə heyətləri səfər edib. Heydər Əliyev Fondunun nümayəndə heyəti ötən il Ruandaya səfər edib və mən cənab Prezidentə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qəbul etdiyinə görə təşəkkürümü bildirirəm. Ölkənizin genişmiqyaslı inkişafı, xalqınızın dövlətçiliyə, müstəqilliyə bağlılığı və müstəqil siyasəti ona böyük təəssürat bağışlayıb. Məmnunuq ki, Heydər Əliyev Fondunun ölkənizdə təhsil proqramlarını dəstəkləmək şansı oldu. Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik. Bu, Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola bilər. Əməkdaşlıq qurmaq məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, eləcə də "ASAN xidmət" kimi oxşar qurumun yaradılması məqsədilə dövlət xidmətləri agentliyi hesab olunan "ASAN xidmət"in nümayəndə heyəti bu il Ruandada olmuşlar. Mən bunu cənab Prezidentlə artıq müzakirə etdim.
O, Azərbaycanda həmin dövlət xidmətləri mərkəzlərindən birinə səfər edəcək və bu cür qurumun Ruandada qurulması üçün texniki və maliyyə yardımını göstərə biləcəyimiz təqdirdə çox məmnun olarıq. Bu gün biz enerji sektorunda imkanları müzakirə etdik. Hər iki ölkə bunun üzərində fəal çalışır və əməkdaşlığımızın gücləndirilməsi potensialı olan mədən işləri sahəsində də iş aparır. Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır.
Cənab Prezident, bizə səfər etdiyinizə görə bir daha minnətdaram və Sizə xoş səfər arzu edirəm.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре