Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb

Gürcüstanda C130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də Tbilisidən Ankaraya yola düşüb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha sonra isə onların dəfn mərasimi keçiriləcək.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.