5 nəfər ailə üzvü, 600 xidmətçi yaşayır

Hindistanın Mumbai şəhərində yerləşən və Asiyanın ən varlı iş adamı Mukesh Ambaniyə məxsus olan Antilia adlı 27 mərtəbəli mülk dünyanın ən bahalı şəxsi evi hesab olunur.

Day.Az xəbər verir ki, qiyməti 4,51 milyard dollar dəyərində qiymətləndirilən nəhəng bina həm ölçüsü, həm də dəbdəbəli detallarına görə diqqət çəkir.

Kiçik şəhər ölçüsündə mülk

Təxminən 130 metr hündürlüyə malik olan Antilia təqribən 400 min kvadratmetrlik sahəni əhatə edir. Bir ailə üçün inşa edilməsinə baxmayaraq, quruluşu və funksiyaları baxımından demək olar ki, kiçik bir şəhəri xatırladır.

Daxili imkanlar: kino zalı, istirahət bölməsi, hovuz və digər məkanlar

Sahiblərinə maksimum rahatlıq təmin etmək üçün binada:

- 50 nəfərlik kino zalı,
- spa və sağlamlıq-istirahət bölmələri,
- üzgüçülük hovuzu,
- doqquz sürətli lift,
- ibadət otağı

kimi imkanlar mövcuddur.

Süni qar otağı - Mumbai istisində qeydi-adi mənzərə

Antilianın ən qeyri-adi xüsusiyyətlərindən biri isə süni qar otağıdır. İqlimin son dərəcə isti olduğu və temperaturun nadir hallarda 7,4°C-dən aşağı düşdüyü Mumbai şəhərində bu otaqda divarlardan süni qar yağdırılaraq ailəyə sərinlik və fərqli istirahət imkanı təqdim edilir.

Helikopter meydançaları və geniş qaraj

Binanın ilk altı mərtəbəsi tam şəkildə qaraj kimi istifadə olunur və burada 168 avtomobil yerləşdirilə bilir. Bundan əlavə, binanın üst hissəsində ailənin rahat hərəkəti üçün üç helikopter meydançası fəaliyyət göstərir.

Asma bağçalardan ilhamlanan dizayn

Antilianın çoxmərtəbəli bağçaları qədim Babilin Asma Bağçalarından ilhamlanaraq salınıb. Bu yaşıllıq zonaları bina daxilində özünəməxsus ekosistem yaradır.

600 nəfərlik heyət - cəmi 5 nəfərlik ailə üçün

Mülkün gündəlik idarəçiliyi və xidmətləri üçün burada 600-dən çox işçi çalışır. Bütün bu geniş imkanlara baxmayaraq, nəhəng binada cəmi 5 nəfər - Mukesh Ambani, həyat yoldaşı və üç övladı yaşayır.

Elxan Əliyev
Day.Az