Yusif Məmmədəliyevin elmi irsi bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyır

Bizim məqsədimiz İslam dünyasında elmi inkişafı ilhamlandırmaqdır.

Day.Az xəbər verir ki, bunu bu gün İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın açılış mərasiminə ünvanladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, akademik Yusif Məmmədəliyevin elmi irsi təkcə Azərbaycan üçün deyil, həm də bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir:

"Y. Məmmədəliyevin parlaq nailiyyətləri insanlığın Yer kürəsindən kənara atdığı ilk böyük addımların təməlində duran elmi sıçrayışlara ciddi töhfə verib.

Bu gün Azərbaycan neft-kimya innovasiyalarının aparıcı mərkəzlərindən birinə çevrilibsə, bunun əsas səbəblərindən biri də Yusif Məmmədəliyevin yaratdığı elmi məktəblər və institutlardır. Bu qurumlar hələ də alimlərin fəaliyyətində araşdırma ruhunu yaşadır və yeni nəsil tədqiqatçıların yetişməsi üçün bir bilik məbədi kimi xidmət edir. Onun yaratdığı bu irs elm və mədəniyyətin harmoniyasının xalqların tərəqqisi üçün əsas şərt olduğunu sübut edir".