Əhaliyə texniki kartof satılır?

Son vaxtlar bazarlarda insan qidası adı altında əslində heyvan yemi üçün nəzərdə tutulmuş texniki kartof satıldığına dair iddialar var. Bildirilir ki, bu kartofun haradan gəldiyi, necə saxlanıldığı və yetişdrilməsində hansı kimyəvi maddələrdən istifadə olunduğu barədə heç bir məlumat yoxdur. Ekspertlər deyir ki, bu kimi qida təhlükəsizliyi problemləri ciddi xəstəliklərin sürətlə yayılmasına, hətta gənc yaşlarda ortaya çıxmasına təsir göstərir.

Day.Az xəbər verir ki, ekspert Vahid Məhərrəmli Qaynar.info-ya deyib ki, kartofun üç növü var:

"Birincisi, yemlik sort - mal-qara üçün yem. İkincisi, texniki sort, ondan sənayedə kraxmal istehsalında istifadə olunur. Bir də bizim bildiyimiz ərzaq üçün kartof. İnsanların nə yemlik, nə də texniki kartofu yeməsi məsləhət deyil. Nəyə görə? Texniki sortu torpaqdan çıxardandan sonra bir qədər açıq şəraitdə saxlayırlar. Harda ki, torpaqdan çıxarırlarsa oradaca sərirlər. Günəşin şüaları kartofun rəngini dəyişir. Kartoflarda solanin əmələ gəlir. Bu zaman günəş şüalarından kartofun rəngi yaşıl olur".

Qeyd edək ki, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu bölgü ilə razılaşmır:

"Texniki kartof deyilən anlayış yoxdur. Çipsi istehsalı üçün olan kartof var, süfrəlik kartof var, salatlıq kartof var və sairə. Bir neçə sort var. Heyvandarlıq təsərrüfatı üçün xüsusi kartof istehsal olunmur, belə bir kartof mövcud deyil. Bir də faraş kartof var. Bu, saxlanılmır, qabığı soyulan kartofdur.

Azərbaycana xaricdən keyfiyyətsiz kartof gətirilə bilər. Əvvəllər də gətirilirdi. Xəstə kartof da olurdu. Sonra həmin bitki mənşəli xəstəliklər ölkədə yayıla bilirdi. Amma bunun qarşısını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) alır. AQTA məhsulu yoxlayır, bəzən geri qaytarır. O cəhətdən bu dəqiqə nəzarət var. Mən İrandan Azərbaycana texniki kartof gətirilməsi barədə deyilən iddialara inanmıram. Keyfiyyətsiz kartof gələ bilər, onun da qarşısını AQTA alır. Hər bir idxal olunan məhsuldan nümunələr götürülür, partiyalara baxış keçirilir, ondan sonra onun Azərbaycanda dövriyyəsinə və gömrük işlərinə icazə verilir" (APA).

Kartof növləri və onun mümkün zərərləri barədə qısa araşdırma apardıq. Ən böyük kartof istehsalçılarından olan Rusiyada keyfiyyətə nəzarət üzrə dövlət xidməti "Roskaçestva"nın arayışına görə, kartof sortları təyinatına görə süfrə kartofu, sənaye (zavod istehsalı), yem kartofu, universal kartof və yarımfabrikatlar üçün uyğun sortlar kimi təsnif edilir.

Çipsi, fri, kraxmal istehsalında sənaye emalı üçün nişasta və şəkər payı, həmçinin məhsuldarlığı yüksək olan kartof növlərindən istifadə olunur. Heyvandarlıq üçün xüsusi kartof yetişdirilmə texnologiyası yoxdur. Sadəcə, bu məqsədlə yetişdirmək üçün seçilən kartoflarda dada əhəmiyyət verilmir, əsas diqqət kök yumrularında qida maddələrinin - zülal və quru maddənin daha yüksək olmasına yetirilir.

Onu da bildirək ki, kartof, gecəgülü ailəsinə (və ya başqa sözlə, Solanaceae botanika cinsinə) aiddir. Kartofla bağlı ən təhlükəli məqam onun günəş şüaları altında qalaraq "yaşıllaşması"dır. Qurum belə kartofların əhaliyə satışına görə yüksək cərimələr tətbiq edib. Belə ki, kartof üç-dörd aydan çox saxlanıldıqda, kök yumruları, xüsusən də işığa məruz qalanlar solanin adlı güclü zəhər toplayaraq yaşıllaşır. Solanin (latınca "Solanum" - "gecəgülü" sözündən) bitki qlikozididir (alkaloid). Zəhərli üzvi birləşmədir. Steroidlərlə kimyəvi cəhətdən əlaqəli olan bu bitki gecəgülü ailəsinin bitkilərində olur. İnsanlar və heyvanlar tərəfindən çox miqdarda solaninin qəbul edilməsi zəhərlənməyə səbəb olur.

İşıq və fiziki zədələnməyə məruz qalma kartofun kök yumrularında qlikoalkaloid səviyyəsinin artmasına gətirib çıxarır. Qlikoalkaloidlər xüsusilə dərinin altında, yaşıl və cücərmiş kök yumrularında cəmləşir. Onlar mərkəzi sinir sistemini zəiflədir və baş ağrılarına, ishala, susuzluğa, qızdırmaya, qıcolmalara və ağır hallarda ölümə səbəb ola bilər. Mərkəzi sinir sisteminə təsiri nəticəsində düşüncə yavaşlayır, qavrayışın aydınlığı azalır, hərəkətlərdə qeyri-müəyyənlik yaranır, düzgün qərarlar qəbul etmək qabiliyyəti pozulur və insanın iradəsi zəifləyir.

Bundan əlavə, əsasən sənaye emalı üçün yetişdirilən kartofa xlorprofam (saxlama zamanı kartofun cücərməsinin qarşısını almaq üçün istifadə olunan bitki böyümə tənzimləyicisi) və tiametoksam (Kolorado kartof böcəyi də daxil olmaqla zərərvericilərə qarşı mübarizə vasitəsi) vurulur. Bu maddələrdən istifadə müəyyən olunmuş normadan yüksək olarsa, insan orqanizmi üçün təhlükə yaradır. Lakin xlorprofam yalnız emal, məsələn, kartof çipsi istehsalı üçün nəzərdə tutulmuş kartoflarda istifadə olunur. Yəni belə maddələr yalnız termik emaldan keçiriləcək məhsula vurulmalıdır. Yaxud bu maddə vurulan kartof pərakəndə satışa çıxarılmamalıdır.

Kartof yetişdirilərkən ona azot gübrələri vurulur - bu, kök yumrularında nitratların toplanmasına səbəb olur. Nitratların müəyyən miqdarda - 250 mq/kq həcmində olması insan üçün təhlükə yaratmır. Lakin ondan yüksək həddə istifadə xüsusilə yeni yetişmiş kartofların istehlakı zamanı insan orqanizminə mənfi təsir göstərir. Bu baxımdan kartof nə qədər çox qalarsa, onun tərkibindəki nitratların miqdarı o qədər azalar. Çünki zamanla nitratlar sağlamlıq üçün təhlükəsiz olan zülal və azot birləşmələrinə çevrilir. Mütəxəssislər təzə kartofdan istifadə zamanı bişirməzdən əvvəl onun qabığını soyaraq 30 dəqiqəyə qədər suda saxlamağı məsləhət görürlər. Bu, onun tərkibində nitratları kəskin azaldır.

Azərbaycanda kartof istehsalında sənaye üsulundan geniş istifadə olunur. Bu sahədə gübrələrdən istifadəyə nəzarət vacibdir. Son illərdə kartof istehsalının azalması fonunda idxalın artması ölkəyə gətirilən kartofların keyfiyyət məsələsini də ön plana çıxarır. Xüsusilə İrandan idxal olunan kartofların keyfiyyəti ilə bağlı çoxsaylı məlumatlar yayılır. Musavat.com-un bununla bağlı sorğusuna cavab olaraq, AQTA-dan verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən idxal olunan kartof məhsuluna nəzarət zamanı aparılan risk qiymətləndirilməsinə uyğun olaraq çirkləndiricilərin (ağır metallar, nitratlar), pestisid qalıqlarının, GMO göstəricilərinin, habelə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu yoxlanılır.

Yeri gəlmişkən, 2025-c ildə AQTA İrandan idxal edilən 47 400 kq ərzaqlıq kartof məhsulunda kartof gövdə nematodu müəyyən olunduğu üçün məhsul məhv edilib. Qırğızıstandan idxal olunan daha bir partiya toxumluq kartofda da zərərverici aşkarlanıb və məhsul məhv edilib. Belə faktlar hər il Rusiya, Belarus və digər ölkələrin məhsullarında da aşkarlanır. Lakin indiyədək kartofun tərkibində pestisid və digər kimyəvi preparat qalıqlarının aşkarlanmasına dair faktlara rast gəlinmir.