Milli Məclisin sədri ADPA ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb
Yanvarın 27-də Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) sədri Cülio Çentemero ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, görüşdə Milli Məclisin sədri ADPA-nın Qadın Parlament Forumunun 2-ci sessiyasının əhəmiyyətindən danışıb və Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Bildirilir ki, spiker Sahibə Qafarova dünən ADPA-nın Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğunu bildirib və yekun qərar verildikdən sonra bu statusun qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.
Söhbət zamanı Aralıq Dənizi Parlament Assambleyasının sədri Cülio Çentemero diqqətə çatdırıb ki, ADPA da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. O, qeyd edib ki, Azərbaycan Aralıq Dənizi regionunda olmasa da, mühüm regionda yerləşən bir ölkədir. Bu da parlament dialoqu üçün yaxşı imkanlar yaradır.
Görüşdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) ilə ADPA arasında əməkdaşlıq məsələlərinə də toxunulub. Spiker Sahibə Qafarova Milli Məclisin beynəlxalq əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Söhbətdə QHPŞ və ADPA arasında əməkdaşlıq, qarşılıqlı müşahidəçi statuslarının verilməsi barədə də danışılıb. Bildirilib ki, hər iki təşkilatda oxşar məsələlərin müzakirə olunması əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.
Söhbət zamanı ADPA sədri Cülio Çentemero bu təşkilatın məşğul olduğu məsələlər və onun fəaliyyəti barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular barəsində də fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре