Rumıniyada avroya keçid yenidən gündəmə gəlib
Rumıniyada avro valyutasına keçid məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, "Ziare.com" nəşrinin təhlilində qeyd olunur ki, ölkənin avrozonaya daxil olması üçün yerinə yetirilməli olan iqtisadi meyarlar aydın şəkildə müəyyən edilib və bu kriteriyalar "Maastricht meyarları" kimi tanınır.
Avropa İttifaqının qaydalarına əsasən, avronu qəbul etmək istəyən hər bir üzv dövlət bir neçə əsas şərtə cavab verməlidir. İlk növbədə inflyasiya səviyyəsi Aİ-də ən aşağı göstəriciyə malik üç ölkənin orta göstəricisindən əhəmiyyətli dərəcədə yüksək olmamalıdır. Bu tələb qiymət sabitliyinin təmin edilməsinə xidmət edir və milli iqtisadiyyatın uzunmüddətli dayanıqlığını göstərən əsas indikatorlardan hesab olunur. Digər vacib meyar büdcə intizamı ilə bağlıdır. Dövlət büdcəsinin kəsiri ÜDM-in 3 faizini, dövlət borcu isə ÜDM-in 60 faizini keçməməlidir. Bu göstəricilər maliyyə dayanıqlığının əsas ölçüsü sayılır və üzv ölkənin ortaq valyuta məkanında sabit fəaliyyət göstərə bilməsi üçün zəruri hesab edilir.
Bundan əlavə, milli valyuta ən azı 2 il müddətində Avropa Valyuta Məzənnəsi Mexanizmi çərçivəsində ciddi dalğalanmalar olmadan sabit qalmalıdır. Bu şərt milli valyutanın avroya qarşı dayanıqlığını və bazar etimadını nümayiş etdirir. Uzunmüddətli faiz dərəcələri də müəyyən edilmiş həddən artıq olmamalıdır ki, bu da maliyyə bazarlarında sabitliyin göstəricisi kimi qiymətləndirilir.
"Ziare.com"un yazdığına görə, Rumıniya hələ ki, bütün bu meyarlara tam şəkildə cavab vermir. Xüsusilə büdcə kəsiri və inflyasiya göstəriciləri ölkənin qarşısında əsas çağırış olaraq qalır. Son illərdə fiskal intizamın gücləndirilməsi və makroiqtisadi sabitliyin təmin olunması istiqamətində addımlar atılsa da, avroya keçid üçün tələb olunan bütün şərtlərin yerinə yetirilməsi əlavə struktur islahatlar tələb edir. Ekspertlər bildirirlər ki, avronun qəbul edilməsi təkcə iqtisadi deyil, həm də siyasi qərardır. Bu proses geniş ictimai və siyasi konsensus, həmçinin uzunmüddətli sabit iqtisadi siyasət tələb edir. Avrozonaya qoşulma Rumıniya üçün investisiya mühitinin yaxşılaşması, maliyyə sabitliyinin möhkəmlənməsi və Avropa inteqrasiyasının dərinləşməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Rumıniya Avropa İttifaqına daxil olarkən gələcəkdə avronu qəbul etmək öhdəliyi götürüb. Lakin konkret tarix yalnız bütün iqtisadi meyarlar tam yerinə yetirildikdən sonra müəyyən oluna bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре