İtkin-şəhid Şahin Kərimov 33 il sonra dəfn edilib

Şəhid Şahin Kərimovla vida mərasimi keçirildikdən sonra Mingəçevir Şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, dəfn mərasimində şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

Şəhidin tabutuna bükülən Azərbaycan Bayrağı onun anasına təqdim edilib.

xxx

13:14

Mingəçevir şəhərində şəhid Şahin Kərimovla vida mərasimi təşkil olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, uzun illər itkin kimi qeydiyyatda olan Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları müəyyən edilərək ailəsinə təhvil verilib.

Onunla vida mərasimi Mingəçevir şəhərində, ata evində keçirilib.

Mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, idarə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.

Şahin Kərimov Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək Vətənin müdafiəsi naminə xidmət göstərib. Şahin Kərimov 4 aprel 1993-cü ildə şiddətli döyüşlər zamanı itkin düşmüşdü.