Sahibə Qafarova TBMM-in komitə sədri Fuad Oktay ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb.
Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyi bildirilib.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud olan çağırışlar parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin davam etdirilməsini labüd edir. Vurğulanıb ki, üçtərəfli parlament əməkdaşlığı çərçivəsində reallaşdırılan bu mühüm tədbir ölkələrimiz arasında parlamentlərarası münasibətlərin səviyyəsinin daha da artırılmasına xidmət edir.
Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun salamlarını Milli Məclisin sədrinə çatdırıb, Sahibə Qafarova onun da salamlarını TBMM sədrinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərə dair də fikirlər səsləndirilərək, bildirilib ki, ölkələrimiz arasında əlaqələr Ümummilli Lider Heydər Əliyevin "Bir millət iki dövlət" şüarına uyğun şəkildə inkişaf edir. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycanla Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir yerdə olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Vurğulanıb ki, dövlət başçılarımızın qardaşlıq əlaqələri bu münasibətlərin çoxşaxəli inkişafındakı ən mühüm amildir. Məhz onlar ikitərəfli əməkdaşlığın gündəliyini müəyyən edir və bu əməkdaşlığın inkişaf istiqamətləri üzrə müvafiq tapşırıqları verirlər.
Fuad Oktay qeyd edib ki, daha geniş regionda mövcud olan gərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərin daha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələrdən bəhs edilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına dair iradəsini parlamentlər səviyyəsində də tam şəkildə əks etdirmək üçün bütün imkanlardan istifadə olunur. Parlament üzvləri il ərzində çoxsaylı səfərlər, görüşlər keçirirlər, əlaqələrin yüksək səviyyədə inkişafı üçün bütün addımlar atılır. O cümlədən, beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə qarşılıqlı dəstək və birgə fəaliyyət mövcuddur.
Görüşdə həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar o cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре