Bakıda “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilir - FOTO
30 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda konfransın açılış mərasimi keçirilib.
Day.Az xəbər verir ki, tədbirdən öncə Fəxri xiyaban ziyarət edilib, Ümummilli Lider Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla anılıb.
Tədbir uşaqların canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzu edib.
O, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinin təsisindən 28 il, onun əsasında Prezidentin 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bu tarixlər müstəqil və müasir dövlət quruculuğu çərçivəsində institusional inkişafımızla yanaşı, həm də dövlətimizin sosial siyasətində insan amilinə verilən dəyəri ifadə edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxışında qeyd edib ki, Azərbaycanda ailə, qadın və uşaq məsələləri dövlət siyasətində mühüm yer tutur və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər. O həmçinin vurğulayıb ki, qadınların təhsil almasına imkan yaradılması vacibdir və gələcəyin təminatı təhsilli analardan asılıdır.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketinin reallaşdırıldığını diqqətə çatdırıb. Bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir.
Çıxışlardan sonra "Tarix yazanlardan gələcək quranlara" filminin nümayişi və bədii kompozisiyanın təqdimatı baş tutub.
Konfrans panel müzakirələrlə davam edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре