Səngəçal terminalı Azərbaycanın milli enerji sisteminə qoşulur

İsveçrənin ABB şirkəti bp-nin Səngəçal terminalının elektrikləşdirilməsi layihəsində iştirakdan qürur duyur.

Day.Az xəbər verir ki, şirkətin strateji satışlar və əsas müştərilər üzrə meneceri Ceyms Hezerinqton 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bp hazırda terminalın elektrik təchizatını təmin edən qaz turbinlərini istismardan çıxarır və obyekti Azərbaycanın milli enerji sisteminə qoşur.

C. Heterinqton qeyd edib ki, şəbəkəyə qoşulma enerji təchizatının sabitliyində və gərginlikdə mümkün dalğalanmalar üçün risklər yarada bilər.

O bildirib ki, ABB bu risklərin qarşısını almaq üçün sinxron kompensator əsaslı həll təklif edib; bu texnologiya terminalın və Xəzər dənizindəki dəniz aktivlərinin elektrik təchizatında fasilələrin qarşısını almağa imkan verəcək.

 

"Biz bp və tərəfdaşlar tərəfindən Azərbaycanda Səngəçal terminalında bu layihənin həyata keçirilməsi üçün seçilməkdən çox qürur duyuruq. Bu, şirkətimiz üçün həqiqi uğurdur", - deyə C. Hezerinqton bildirib.

Xatırladaq ki, 2025-ci ildə ABB bp-dən Səngəçal terminalının elektrikləşdirilməsi və enerji sisteminin sabitliyinin dəstəklənməsi üzrə müqavilə əldə edib.

Qeyd edək ki, STEL (Sangachal Terminal Electrification) layihəsi bp tərəfindən Səngəçal terminalının operatoru kimi icra edilir və idarə olunur.

Layihənin tamamlanması iki mərhələdə nəzərdə tutulur: birinci mərhələ 2027-ci ilin ortalarınadək, ikinci mərhələ isə 2028-ci ilin sonunadək başa çatdırılacaq.

Layihə "Şəfəq" günəş elektrik stansiyası ilə sıx bağlıdır və Azərbaycan Respublikasının Cəbrayıl rayonunda 240 MVt gücündə yeni günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur. Layihələr arasında əlaqə yeni kommersiya modeli - virtual elektrik enerjisinin ötürülməsi mexanizmi (Virtual Power Transfer Arrangement) vasitəsilə təmin ediləcək. Bu mexanizm Səngəçal terminalının "Azərenerji" tərəfindən idarə olunan milli şəbəkəyə həm terminal ərazisində, həm də ondan kənarda inşa ediləcək yeni infrastruktur, o cümlədən 220/110 kV-luq yeni yarımstansiya vasitəsilə qoşulmasına imkan verəcək.