https://news.day.az/azerinews/1858588.html Şengen vizası rəqəmsallaşır: Azərbaycanlı turistləri hansı dəyişikliklər gözləyir? Avropa İttifaqı Şengen vizası sistemini rəqəmsal formata keçirməyə hazırlaşır. Maraqlısı isə azərbaycanlı turistlər üçün bu addımın hansı nəticələr doğuracağıdır.

Şengen vizası rəqəmsallaşır: Azərbaycanlı turistləri hansı dəyişikliklər gözləyir?

Azərbaycanca, 8 сентября 2026 15:39 (UTC +04:00) 166
Şengen vizası rəqəmsallaşır:

Avropa İttifaqı Şengen vizası sistemini rəqəmsal formata keçirməyə hazırlaşır. Maraqlısı isə azərbaycanlı turistlər üçün bu addımın hansı nəticələr doğuracağıdır.

Day.Az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev deyib ki, bu addımı Avropa İttifaqının viza və sərhəd idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirmək olar.

O, qeyd edib ki, yeni sistemin əsas üstünlüklərindən biri viza müraciəti prosesinin daha çevik və şəffaf olması, kağız sənədlərdən və fiziki viza stikerindən asılılığın azalmasıdır.

"Azərbaycanlı turistlər üçün bu, ilk növbədə müraciət prosesinin müəyyən mərhələlərinin onlayn həyata keçirilməsi baxımından rahatlıq yarada bilər. Bununla belə, rəqəmsal vizanın tətbiqi Şengen ölkələrinə giriş qaydalarının sadələşdirilməsi və ya viza tələbinin aradan qalxması demək deyil.

Ərizəçilər yenə də səfərin məqsədi, maliyyə imkanları, səyahət sığortası və digər tələb olunan məlumatları təqdim etməli olacaqlar. Xüsusilə biometrik məlumatların təqdim edilməsi zərurəti müəyyən hallarda fiziki müraciəti tamamilə aradan qaldırmaya bilər.

R. Quliyev bildirib ki, rəqəmsal sistem saxta vizaların qarşısının alınmasına və müraciətlərin daha effektiv idarə olunmasına da töhfə verə bilər.

"Azərbaycanlı turistlər baxımından əsas dəyişiklik sənədləşmə və müraciət prosesinin daha sürətli, elektron və istifadəçi yönümlü formata keçməsi olacaq. Buna görə də həmin yeniliyi həm turistlər, həm də viza prosedurlarını həyata keçirən qurumlar üçün uzunmüddətli perspektivdə müsbət  qiymətləndirmək olar", - o deyib. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости