Azərbaycan Televiziyası 70, Azərbaycan Radiosu 100 yaşında!
Ölkəmizdə ilk radio verilişinin efirə getdiyi 1926-cı il noyabrın 6-dan 100 il ötür. Həmin gündən etibarən 6 Noyabr ölkəmizdə Televiziya və Radio İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayıma başlayıb.
İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailiyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərib.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir.
Azərbaycan televiziyası və radiosunun keçdiyi inkişaf yolu
Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı il fevralın 14-də ilk dəfə verici-qəbuledici vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.
1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub. 1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.
Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.
Azərbaycan televiziyası və radiosu Qarabağda
2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Artıq respublika üzrə yayımı həyata keçirilən bir sıra telekanal Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.
Eyni zamanda, "Azərbaycan" radiosu və "İctimai" FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərlərini və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonlarını, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.
Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq biz də həmkarlarımızı təbrik edirik!
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре