https://news.day.az/azerinews/1872476.html Soyuq havalarda uşaqları xəstəlikdən qorumağın 9 qaydası Payız-qış aylarında uşaqların mövsümi xəstəliklərdən qorunması üçün gigiyena qaydalarına əməl olunması, düzgün qidalanma, keyfiyyətli yuxu və peyvəndlərin vaxtında vurulması vacibdir. Day.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova bildirib.

Soyuq havalarda uşaqları xəstəlikdən qorumağın 9 qaydası

Azərbaycanca, 6 ноября 2026 12:22 (UTC +04:00) 266
Soyuq havalarda uşaqları xəstəlikdən qorumağın 9 qaydası

Payız-qış aylarında uşaqların mövsümi xəstəliklərdən qorunması üçün gigiyena qaydalarına əməl olunması, düzgün qidalanma, keyfiyyətli yuxu və peyvəndlərin vaxtında vurulması vacibdir.

Day.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova bildirib.

Onun sözlərinə görə, payız-qış aylarında uşaqlar arasında virus infeksiyalarının artmasını yalnız fəsil dəyişikliyi ilə əlaqələndirmək düzgün deyil. Bu dövrdə uşaqların məktəb və bağçalarda, əsasən qapalı məkanlarda sıx təmasda olması yoluxma hallarının artmasına şərait yaradır.

"Uşaqların immun sistemi böyüklərə nisbətən temperatur və rütubət dəyişikliklərinə daha həssasdır. Mövsüm keçidlərində gün ərzində hava kəskin dəyişə bilər. Buna görə uşağa bir qalın paltar əvəzinə, ehtiyac olduqda çıxarıla bilən bir neçə qat nazik, pambıq paltar geyindirilməsi tövsiyə olunur", - pediatr qeyd edib.

Nuranə Hüseynova bildirib ki, uşaqların qida rasionuna C vitamini, sink və antioksidantlarla zəngin məhsullar daxil edilməlidir. Sitrus meyvələri, brokkoli, balqabaq və nar bu baxımdan faydalı qidalar sırasındadır. Uşaqların kifayət qədər maye qəbul etməsinə, hər gün eyni saatda yatmasına və yaşına uyğun müddətdə dincəlməsinə də diqqət yetirilməlidir.

Həkim infeksiyalardan qorunmaq üçün əl gigiyenasının əhəmiyyətini vurğulayıb:

"Uşağa əllərini ən azı 20 saniyə sabunla yumağı öyrətmək lazımdır. Evin havası hər gün müntəzəm dəyişdirilməli, otaqda rütubət 40-60 faiz arasında saxlanılmalıdır. İsitmə sistemləri işə düşdükdə otağın havası quruyur. Bu isə tənəffüs yollarının qoruyucu funksiyasına mənfi təsir göstərə bilər".

Pediatr valideynləri uşaqlara özbaşına dərman verməməyə çağırıb. O bildirib ki, uşaqda halsızlıq və ya burun axması başlayan kimi həkimlə məsləhətləşmədən antibiotik və güclü immunstimullaşdırıcı preparatlardan istifadə etmək olmaz. D vitamini səviyyəsinin qiymətləndirilməsi məsələsi də həkimlə müzakirə edilməlidir.

Nuranə Hüseynovanın sözlərinə görə, soyuq aylarda uşaqlar arasında kəskin respirator virus infeksiyaları, qrip, rotavirus infeksiyası, faringit və tonzillit müşahidə oluna, allergik rinit, bronxit və bronxial astma kimi xəstəliklər kəskinləşə bilər.

Mövsüm dəyişikliyinin qidalanma vərdişlərinə də təsir etdiyini deyən mütəxəssis qeyd edib ki, havalar soyuduqca orqanizm daxili hərarəti sabit saxlamaq üçün daha çox enerji sərf edir. Bu dövrdə uşaqların iştahında və qida seçimlərində dəyişikliklər yarana bilər.

Pediatr payız-qış aylarında uşaqların diqqət və dərsə marağında da azalma müşahidə oluna bildiyini vurğulayıb. Onun sözlərinə görə, günlərin qısalması, yuxululuq, açıq havada keçirilən vaxtın və fiziki fəallığın azalması uşaqların konsentrasiyasına təsir göstərə bilər.

Nuranə Hüseynova xəstəliklərin profilaktikasında peyvəndlənmənin mühüm rol oynadığını bildirib. O, mövsümi qripə qarşı peyvəndin və Milli peyvənd təqviminə vaxtında əməl olunmasının vacibliyini qeyd edib.

"Uşağı xəstəlikdən qorumaq üçün daim evdə, 'istixana şəraitində' saxlamaq düzgün deyil. Küləksiz və yağışsız günlərdə, hava soyuq olsa belə, gündə ən azı 30-40 dəqiqə açıq havada gəzmək tövsiyə olunur. Süni immun gücləndirici preparatlar əvəzinə sağlam qidalanmaya və gündəlik rejimə üstünlük verilməlidir", - deyə həkim bildirib.

Mütəxəssis ev daxilində temperaturun 20-22 dərəcə səviyyəsində saxlanılmasını da tövsiyə edib. O qeyd edib ki, həddindən artıq isti və quru hava burunun selikli qişasının qurumasına səbəb ola bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости