Xəbərin fotosu başqa, məzmunu başqa - Media və Yayım Şurasından ÇAĞIRIŞ
Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərdə mövzuya aid olmayan fotoşəkillərdən istifadə edilməsini manipulyativ vizual təqdimat kimi qiymətləndirib.
Day.Az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bir sıra media resurslarında sözügedən xəbərlərin hadisənin mahiyyətinə uyğun olmayan fotoşəkillərlə təqdim edilməsi auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı və tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər.
Bildirilib ki, eyni görüntülərin digər media resurslarında və sosial şəbəkə platformalarında təkrar paylaşılması yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına zəmin yaradır.
Media və Yayım Şurası media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə olunan materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, foto və videoların xəbərin məzmununa uyğunluğunu təmin etməyə, auditoriyanı yanılda biləcək təqdimatlardan çəkinməyə çağırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре