Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq tərəfdaşlığın inkişafını vacib hesab edir
Kibertəhdidlərə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və süni intellektdən təhlükəsiz istifadənin təşviqi kiberdiplomatiyanın əsas prioritetləri olmalıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi müavini Həsən Mansurov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemi köklü transformasiya mərhələsindən keçir. Qlobal geosiyasi proseslər, rəqəmsal texnologiyaların inkişafı və süni intellektin genişlənən tətbiqi dövlətlərin təhlükəsizlik mühitini, iqtisadi potensialını və beynəlxalq təsir vasitələrini əhəmiyyətli dərəcədə dəyişir.
"Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır", - deyə H.Mansurov qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə güc ənənəvi olaraq hərbi, iqtisadi və siyasi imkanlarla müəyyən edilsə də, hazırda informasiya resurslarına nəzarət, texnoloji potensial, rəqəmsal infrastrukturun dayanıqlılığı və kiberməkanda milli maraqların müdafiəsi də strateji əhəmiyyət daşıyır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi müavini müasir dövrdə hücumların xarakterinin dəyişdiyinə diqqət çəkərək bildirib ki, son illərdə müxtəlif ölkələrin enerji infrastrukturları iri miqyaslı kiberhücumlara məruz qalır.
O qeyd edib ki, bu ilin oktyabrında Avropa ölkələrindən birində dövlətin rəqəmsal xidmətlərinə qarşı həyata keçirilən kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib.
Bununla yanaşı, son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə gov.az seqmentinə qarşı DDoS və digər xarakterli kiberhücumlar həyata keçirilib.
"Belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir", - deyə o vurğulayıb.
H.Mansurov bildirib ki, kiber və texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə, geosiyasi motivli kiberhücumlar isə adi statistikaya çevrilib. Beynəlxalq sorğu hesabatlarına əsasən, təşkilatların 64 faizi geosiyasi motivli kiberhücumları öz risk strategiyalarında nəzərə alır.
Onun sözlərinə görə, süni intellektin inkişafı bu dəyişiklikləri daha da sürətləndirir. Süni intellekt texnologiyalarına, böyük hesablama resurslarına və məlumat infrastrukturlarına çıxışı məhdud olan dövlətlər xarici texnoloji platformalardan daha çox asılı vəziyyətə düşə bilərlər.
Bununla belə, tam texnoloji müstəqilliyin qeyri-mümkün olduğunu bildirən H.Mansurov real seçimin etibarlı qlobal tərəfdaşlıq mexanizmlərinin yaradılması olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, texnologiya şirkətləri artıq yalnız bazar iştirakçıları deyil. Qlobal kibermühitdə bəzi qərarlar paytaxtlarda deyil, texnologiya şirkətlərinin ofislərində, bəzən isə darknetdə verilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi müavini vurğulayıb ki, süni intellekt dövründə regional təhlükəsizlik yalnız coğrafi sərhədlər və ənənəvi hərbi imkanlarla məhdudlaşmır. Enerji sistemləri, nəqliyyat dəhlizləri, telekommunikasiya şəbəkələri, maliyyə infrastrukturu və rəqəmsal dövlət xidmətləri getdikcə daha çox bir-biri ilə əlaqələnir.
O bildirib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya əlaqələrində mühüm mövqeyə malikdir. Bu infrastrukturların kibertəhlükəsizliyi yalnız ölkənin milli maraqlarına deyil, həm də beynəlxalq enerji təchizatına, ticarətə və iqtisadi əlaqələrə təsir göstərə bilər.
H.Mansurov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 aprel tarixli Fərmanı əsasında DTX-nin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi - Milli Kibermərkəz kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə üzərinə düşən funksiyaları yerinə yetirir.
O əlavə edib ki, dövlətlər arasında kiberinsidentlər barədə məlumat mübadiləsinin, qarşılıqlı etimadın və operativ kommunikasiya mexanizmlərinin inkişafı daim diqqətdə saxlanılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi müavini beynəlxalq səviyyədə kiberməkanda məsuliyyətli davranış normalarının formalaşdırılması istiqamətində görülən işlərə də toxunub.
Bildirib ki, 2015-ci ildə BMT-nin Hökumət Ekspertləri Qrupu dövlətlərin kiberməkanda məsuliyyətli davranışına dair 11 könüllü norma üzərində razılığa gəlib. Bu dialoq cari ildə fəaliyyətə başlamış BMT-nin daimi Qlobal Mexanizmi çərçivəsində davam etdirilir.
Onun sözlərinə görə, Bakıda keçirilən Kiberdiplomatiya üzrə beynəlxalq konfranslar Azərbaycanın bu sahədə töhfə vermək potensialını nümayiş etdirir.
H.Mansurov qeyd edib ki, Azərbaycan hazırlanmasında yaxından iştirak etdiyi BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya etmiş ilk ölkələrdəndir. Ölkəmiz, eyni zamanda, kibertənzimləmə təşəbbüslərinin müəlliflərindəndir.
O vurğulayıb ki, hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır.
"Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir", - deyə o bildirib.
H.Mansurov diqqətə çatdırıb ki, bu gün kiberməkanda əsas problem qaydaların çatışmazlığından daha çox onların icrası ilə bağlıdır. Onun sözlərinə görə, diplomatiyanın effektivliyi bəyannamələrlə deyil, onların praktik nəticələri ilə qiymətləndirilməlidir.
Bu baxımdan kiberhücumların aidiyyətinin müəyyən edilməsinin xüsusi diqqət tələb etdiyini bildirən DTX rəisinin müavini qeyd edib ki, hücumçular izlərini gizlədir, müxtəlif ölkələrin elektron infrastrukturundan ardıcıl istifadə edirlər. Süni intellekt isə bu prosesi daha da mürəkkəbləşdirir.
O bildirib ki, kiberdiplomatik mexanizmlərin yetərsizliyi ölkələr arasında bir-birinə qarşı yanlış qərarların qəbul edilməsi riskini artırır.
H.Mansurov beynəlxalq hesabatlara istinadən qeyd edib ki, artıq elə kiberhücumlar qeydə alınır ki, əməliyyatın böyük hissəsini süni intellekt özü icra edir. Beləliklə, kiberhücumların idarəçiliyi tədricən süni intellektə ötürülür.
"Kiberhücum dəqiqələr ərzində baş tutur, diplomatik reaksiya isə həftələr ərzində. Bu fərqi azaltmaq kiberdiplomatiyanın yeni vəzifəsidir", - deyə o vurğulayıb.
DTX rəisinin müavini əlavə edib ki, qlobal proqnozlar kibertəhlükəsizlik arzuları ilə uzlaşmır və risklər müdafiə imkanlarından daha sürətlə artır.
O, yeni risklərdən birinin də kvant texnologiyalarının imkanları ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, hazırda şifrələnmiş məlumatlar toplanır və gələcəkdə yeni nəsil kompüterlər vasitəsilə açılmaq üçün saxlanılır. Bu səbəbdən beynəlxalq standartlaşdırma qurumları kvantsonrası kriptoqrafiyaya keçidin indidən başlanmasını tövsiyə edirlər.
"Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır", - deyə H.Mansurov bildirib.
O, generativ süni intellekt, deepfake texnologiyaları və avtomatlaşdırılmış informasiya əməliyyatlarının dövlətlərarası diplomatik münasibətlər üçün yeni risklər yaratdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, ümumilikdə fiziki və hüquqi şəxslərin gündəlik həyatı deepfake-lərlə mübarizə ilə müşayiət oluna bilər.
O qeyd edib ki, strategiya texnologiyaların inkişafını, infrastrukturun formalaşdırılmasını, idarəetmənin təkmilləşdirilməsini və kadr potensialının gücləndirilməsini nəzərdə tutur.
Çıxışında Azərbaycanın Zəfər Gününü qeyd etdiyini xatırladan H.Mansurov bildirib ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın dünyaya açılan diplomatiyası hazırda geniş regionda sülh və əməkdaşlıq gündəliyinə xidmət edir.
"Azərbaycan öz coğrafi və demoqrafik ölçülərindən dəfələrlə böyük beynəlxalq diplomatiya daşıyıcısıdır", - deyə o bildirib.
DTX rəisinin müavini kiberdiplomatiyanın başlıca missiyasının texnoloji inkişafın yaratdığı imkanları beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəltmək olduğunu vurğulayıb.
Bu istiqamətdə üç əsas prioriteti qeyd edib. Bunlardan birincisi kibertəhdidlər barədə operativ məlumat mübadiləsinin və dövlətlərarası əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsidir.
İkinci istiqamət kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və süni intellektdən təhlükəsiz istifadə sahəsində beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsidir.
Üçüncü prioritet isə bütün dövlətlərin qlobal kibertəhlükəsizlik qaydalarının formalaşdırılmasında bərabərhüquqlu və daha fəal iştirakının təşviq edilməsidir.
H.Mansurov çıxışının sonunda əsas məqsədin yalnız mövcud problemlərin həlli ilə məhdudlaşmamalı olduğunu vurğulayıb.
"Ən ümdə məsələ yalnız problemləri həll etmək deyil, həm də problemlərin yaranmadığı mühit yaratmaqdır", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре