Xəzərin sahilboyu ərazilərində zonalaşdırma aparılacaq, idarəetmə rəqəmsallaşdırılacaq
Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunmasında yeni koordinasiya mexanizmi tətbiq ediləcək, ərazilərin zonalaşdırılması və idarəetmə proseslərinin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev cümə axşamı Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, sahilboyu ərazilərin idarə edilməsində ətraf mühitin mühafizəsi, iqtisadi artım və sosial ehtiyaclar vahid yanaşma çərçivəsində nəzərə alınacaq.
"Biz hamımız bir vətəndaş kimi dənizdən səmərəli istifadə etmək istəyirik. Çimərliklər və istirahət məkanları vətəndaşlara xidmət edən çox vacib obyektlərdir. Hesab edirik ki, bu sahədə görüləsi işlər çoxdur və gələcəkdə aidiyyəti qurumlarla birlikdə qanunvericilik və təkliflər əsasında idarəetmə mexanizmləri daha da təkmilləşdiriləcək", - deyə o bildirib.
İ.Həbiyev qeyd edib ki, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi daha şəffaf və rəqəmsal formata keçiriləcək. Bunun üçün sahilboyu ərazilərin elektron kadastr xəritələri əsasında vahid məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.
"Bütün ərazi məkan olaraq elektron kadastr xəritələri əsasında vahid baza formasında formalaşdırılacaq. Oradakı idarəetmə, sosial və biznes prosesləri, eləcə də ekoloji mühafizə məsələləri həmin sistem üzərindən həyata keçiriləcək. Çalışacağıq ki, çeviklik, şəffaflıq və səmərəlilik baxımından düzgün alətlər tətbiq olunsun", - deyə şöbə müdiri vurğulayıb.
Onun sözlərinə görə, yeni yanaşma sahilboyu ərazilərin daha sistemli və əlaqələndirilmiş şəkildə idarə olunmasına imkan verəcək. Müvafiq fərmana əsasən, bu ərazilərdə fəaliyyət xüsusi status və zonalaşdırma prinsipi əsasında təşkil ediləcək.
İ.Həbiyev bildirib ki, sahilboyu ərazilərin zonalara bölünməsi zamanı onların təbii və ekoloji xüsusiyyətləri, istifadəyə yararlılığı, əhalinin istirahət ehtiyacları və biznes fəaliyyəti üçün potensialı nəzərə alınacaq.
"Ərazinin idarə olunması üçün ilk növbədə onun qiymətləndirilməsi və zonalaşdırılması vacibdir. Hansı ərazinin qorunmalı, hansının səmərəli istifadə edilməli, hansı sahənin ekoloji zona, hansının isə sahilboyu biznes və ya əhalinin istirahəti üçün əlverişli məkan kimi müəyyənləşdirilməsi məhz zonalaşdırma çərçivəsində həllini tapacaq", - deyə o əlavə edib.
Şöbə müdiri həmçinin diqqətə çatdırıb ki, Xəzərin sahilboyu ərazilərində bəzi sahələr təbii xüsusiyyətlərinə görə qayalıq və bataqlıq ərazilərdir. Bununla yanaşı, baxımsızlıq, neft və digər çirklənmə halları, eləcə də tullantıların atılması nəticəsində bəzi ərazilər yararsız vəziyyətə düşüb.
O qeyd edib ki, gələcək hədəflərdən biri belə ərazilərin imkanlarını qiymətləndirmək, mümkün olduqda onları istifadəyə yararlı vəziyyətə gətirmək və səmərəli resursa çevirməkdir.
İ.Həbiyevin sözlərinə görə, zonalaşdırma nəticəsində çimərlik və istirahət məkanlarının yerləşdirilməsi, ekoloji mühafizə tələbləri, infrastruktur və səhiyyə baxımından əlverişli ərazilərin müəyyənləşdirilməsi daha optimal şəkildə həyata keçiriləcək. Bu prosesdə aidiyyəti dövlət qurumlarının əməkdaşlığı təmin olunacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре