Azərbaycan Almaniyanın enerji və logistika xəritəsində mövqeyini gücləndirir - Azər Qarayev
Almaniyanın xarici işlər naziri İohann Vadefulun Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşlər Bakı-Berlin münasibətlərinin gündəliyində yeni prioritetlərin formalaşdığını göstərir.
Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, siyasi dialoqun intensivləşdirilməsi, enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat-logistika imkanları və iqtisadi əlaqələrin dərinləşdirilməsi iki ölkənin qarşılıqlı maraqlarının getdikcə daha çox üst-üstə düşdüyünü nümayiş etdirir.
"Bu səfərin diqqətçəkən məqamlarından biri onun Azərbaycan-Almaniya münasibətlərində mühüm siyasi və iqtisadi qərarların qəbul edildiyi dövrə təsadüf etməsidir. Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin iyulunda Almaniyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə imzalanıb. Bundan əlavə, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamə qəbul edilib. Beləliklə, Vadefulun Bakı səfəri əvvəlki siyasi təmaslar zamanı əldə olunmuş razılaşmaların praktiki məzmunla zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Almaniya xarici işlər nazirini qəbul etməsi də münasibətlərin siyasi səviyyədə inkişafına verilən önəmi təsdiqləyir. Görüşdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarının çatdırılması, eləcə də iyul ayında keçirilmiş danışıqların məmnunluqla xatırlanması iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdiyini göstərir", - o bildirib.
A.Qarayev qeyd edib ki, tərəflər siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, investisiyalar, ənənəvi və alternativ enerji, nəqliyyat, logistika, bağlantılar və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu istiqamətlərin hər biri Azərbaycan və Almaniyanın qarşılıqlı maraqlarına cavab verir. Almaniya Avropanın aparıcı iqtisadiyyatlarından biri və qabaqcıl texnologiyaların istehsalçısı kimi Azərbaycan üçün mühüm tərəfdaşdır. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, enerji resursları və inkişaf edən nəqliyyat infrastrukturu ilə Almaniya biznesi üçün yeni imkanlar yaradır.
"İqtisadi münasibətlərin hazırkı mənzərəsi də bu potensialı təsdiqləyir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollara çatıb. Bu ilin yanvarından etibarən Azərbaycan Almaniyaya təbii qaz ixracına başlayıb. Sonuncu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan artıq Avropa enerji bazarında mühüm təchizatçı mövqeyinə malikdir və Almaniya ilə birbaşa qaz tədarükünün başlanması bu əməkdaşlığa yeni istiqamət əlavə edir.
Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallığını qoruduğu bir vaxtda Azərbaycanın rolu Almaniya üçün də əhəmiyyət kəsb edir. Bakı enerji əməkdaşlığını yalnız ənənəvi resurslarla məhdudlaşdırmır, bərpaolunan enerji sahəsində də geniş layihələr həyata keçirir. Bu baxımdan Azərbaycanla Almaniya arasında alternativ enerji, texnologiya və investisiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin mövcuddur. Alman şirkətlərinin bu proseslərdə iştirakı həm texnoloji təcrübənin, həm də investisiya imkanlarının Azərbaycana cəlb edilməsinə töhfə verə bilər", - o bildirib.
Politoloq vurğulayıb ki, digər mühüm istiqamət Orta Dəhlizdir. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu və Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarına tələbatın artdığı şəraitdə Azərbaycanın tranzit imkanları daha böyük əhəmiyyət qazanır.
"Xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarının diqqətinə Orta Dəhlizin inkişafı, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrində alman şirkətləri üçün mövcud imkanları çatdırıb. Bu layihələr Almaniya biznesinin Azərbaycan vasitəsilə regionun nəqliyyat və logistika infrastrukturunda daha fəal iştirakına şərait yarada bilər.
Bakı eyni zamanda alman şirkətlərini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və inkişaf layihələrinə cəlb etməkdə maraqlıdır. Bu ərazilərdə infrastrukturun qurulması, iqtisadi fəaliyyətin bərpası və yeni yaşayış məntəqələrinin yaradılması müxtəlif sahələr üzrə texnologiya və investisiya ehtiyacını artırır. Almaniyanın sənaye və mühəndislik sahəsində təcrübəsi bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlar aça bilər. Görüşdə keçmiş məcburi köçkünlərin qayıdışı və mina təhlükəsi ilə bağlı problemlərin də diqqətə çatdırılması Azərbaycanın postmünaqişə dövrünün əsas prioritetlərini beynəlxalq tərəfdaşlarının diqqətində saxladığını göstərir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, səfərin regional siyasi gündəliyi də diqqətdən kənarda qalmayıb. Ceyhun Bayramov və İohann Vadeful Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri olduğunu nəzərə alsaq, Berlinin Cənubi Qafqazdakı proseslərə münasibəti Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bakı isə regionda sülh və sabitliyin təmin edilməsində öz mövqeyini və mövcud reallıqları tərəfdaşlarına birbaşa çatdırmaqda maraqlıdır.
"Təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlığın müzakirəsi də münasibətlərin yalnız siyasi və iqtisadi müstəvidə inkişaf etmədiyini göstərir. Xalqlararası əlaqələrin möhkəmləndirilməsi uzunmüddətli tərəfdaşlığın mühüm dayaqlarından biridir.
2027-ci ildə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 35 ili tamam olacaq. Bu yubiley ərəfəsində Bakı və Berlin münasibətləri yeni məzmunla zənginləşdirmək üçün kifayət qədər imkanlara malikdir. İyul ayında imzalanmış strateji sənədlər, Biznes Şurasının yaradılması və Vadefulun Bakı səfəri əməkdaşlığın daha konkret layihələr üzərində qurulmasına siyasi zəmin yaradır.
Əsas məsələ bu siyasi dinamikanın iqtisadi nəticələrə çevrilməsidir. Almaniya üçün Azərbaycan enerji, nəqliyyat və regional əməkdaşlıq baxımından etibarlı tərəfdaş, Azərbaycan üçün isə Almaniya texnologiya, investisiya və Avropa iqtisadi məkanına inteqrasiya baxımından mühüm imkanlar təqdim edir. Mövcud gündəlik göstərir ki, Bakı-Berlin münasibətləri artıq ənənəvi diplomatik təmasların çərçivəsindən çıxaraq daha geniş strateji və praktiki əməkdaşlıq mərhələsinə doğru irəliləyir", - politoloq əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре