https://news.day.az/azerinews/1876703.html Müvəqqəti sıxlıq yarana bilər, daimi xarakter daşımır– TƏBİB-dən açıqlama Son dövrlər poliklinikalara müraciət edən vətəndaşlar tibbi arayış əldə etmək üçün müxtəlif həkimlərin qəbulunda saatlarla növbə gözləməli olduqlarını bildirirlər. Xüsusilə bir neçə ixtisas həkiminin müayinəsindən keçmək, laborator və digər müayinələrin nəticələrini gözləmək prosesin daha da uzanmasına səbəb olur.

Müvəqqəti sıxlıq yarana bilər, daimi xarakter daşımır– TƏBİB-dən açıqlama

Azərbaycanca, 24 ноября 2026 12:22 (UTC +04:00) 156
Müvəqqəti sıxlıq yarana bilər, daimi xarakter daşımır– TƏBİB-dən açıqlama

Son dövrlər poliklinikalara müraciət edən vətəndaşlar tibbi arayış əldə etmək üçün müxtəlif həkimlərin qəbulunda saatlarla növbə gözləməli olduqlarını bildirirlər. Xüsusilə bir neçə ixtisas həkiminin müayinəsindən keçmək, laborator və digər müayinələrin nəticələrini gözləmək prosesin daha da uzanmasına səbəb olur.

Day.Az xəbər verir ki, vətəndaşlar arasında bu vəziyyətin həkim çatışmazlığı, müraciətlərin çoxluğu və ya mövcud tibbi prosedurlarla əlaqəli olması ilə bağlı suallar yaranır. Eyni zamanda, tibbi arayışların verilməsi prosesinin sadələşdirilməsi, növbələrin azaldılması və xidmətin daha operativ təşkili məsələsi də gündəmə gətirilir.

Məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sağlamlıq haqqında arayışların verilməsi müəyyən edilmiş tibbi müayinə tələblərinə uyğun həyata keçirilir.

"Qeyd edək ki, tibb müəssisələrinə müraciətlərin intensivliyi günlər üzrə fərqlənir. Xüsusilə müxtəlif təyinatlı tibbi arayışlar üçün müraciətlərin eyni dövrə təsadüf etməsi ayrı-ayrı günlərdə və saatlarda müvəqqəti sıxlığın yaranmasına səbəb ola bilər. Bu hal bütün tibb müəssisələri üçün daimi xarakter daşımır.

Nəzərə almaq lazımdır ki, sağlamlıq haqqında arayışın verilməsi yalnız sənədin rəsmiləşdirilməsi deyil, vətəndaşın sağlamlıq vəziyyətinin faktiki tibbi müayinələr əsasında qiymətləndirilməsini nəzərdə tutur. Məsələn, sağlamlıq haqqında tibbi arayışın (Forma 86) verilməsi üçün müvafiq ixtisas həkimlərinin baxışı, laborator və instrumental müayinələr tələb olunur. Bu müayinələrin tam şəkildə aparılması və nəticələrinin qiymətləndirilməsi müəyyən vaxt tələb edir.

Tibbi arayışların formal prosedur kimi deyil, real müayinələrin nəticələri əsasında verilməsi prinsipial əhəmiyyət daşıyır. Bu yanaşma həm sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsinə, həm də mümkün xəstəliklərin erkən aşkarlanmasına xidmət edir.

Eyni zamanda, TƏBİB tərəfindən müraciət axınının daha səmərəli idarə olunması, qəbul prosesinin təşkili və vətəndaşların gözləmə müddətinin minimuma endirilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə poliklinikalarda onlayn növbə sisteminin tətbiqi və digər müasir həllərin istifadəsi nəzərdə tutulur", - deyə əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости