Əməkdar artist: "“Bəyin oğurlanması”, “İtkin gəlin” kimi film və seriallarda çəkilmişəm"

Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Lətifə Əliyevanın Milli.Az-a müsahibəsi.

- Lətifə xanım, sizi son zamanlar televiziyada, seriallarda görmürük, buna səbəb nədir?

- Mənə Sovet dövründə dəvətlər gəlib, "Bəyin oğurlanması", "İtkin gəlin" kimi film və seriallarda çəkilmişəm. Artıq teatrda da çalışmıram, hərdən 1, 2 tamaşada oynayıram. Bildiyimə görə bu gün efirlərdə seriallar çəkilir, nə qədər çox çəksələr, o qədər yaxşıdır. Dəvət edən də sağ olsun, etməyən də. Yəqin ki, mənə uyğun rol yoxdur ki, dəvət etmirlər. Heç incimirəm də. Məndən başqa hamı çəkilir, indi kimin payına nə düşür də (gülür). Oturmuşam evdə, hərdən amma çox darıxıram. İnsan öz sevdiyi sənət ilə məşğul olmayanda istər-istəməz darıxır. Təkcə o deyil axı oynamaq istəyirəm, sənət nöqteyi-nəzərindən də mən nəsə edə bilərəm. Yəqin ki, bir rejissor olacaq ki, məni də filmə çəkəcək.

- Sonuncu çəkildiyiniz "Həyat varsa" serialı oldu. Uzun müddətdən sonra tamaşaçılar sizi necə qəbul etdilər?

- Məni bu serialın "Kəlmeyi şəhadət" bölümünə kastinq direktoru Mehman Məmmədov dəvət etdi. Serialda mənim tərəf müqabillərim bəstəkar Sevinc Tofiqqızı, aktyorlar Faiq Mirzə, Elçin İmanov idi. Serialda Sevincin anasını oynayırdım. Sevinc Tofiqqızını doğma övladım kimi sevmişdim. Filmdən sonra ondan ayrıla bilmirdim. Özümü güclə saxlayırdım, kövrəldiyim dəqiqələr olurdu. Bu filmin çəkilişləri xoş xatirələrlə yadda qaldı. Naci Çelik Berksoyla iş fəaliyyətimdən çox razı qaldım. Filmdən sonra məni yolda görüb tamaşaçılar sevgilərini bildirirdilər. Camaatın mənə qarşı ac olduğunu hiss etdim. Öz-özümə dedim ki, nə əcəb məni unutmayıblar? Onlar məni "Bəyin oğurlanması" filmindəki kimi yadda saxlamışdılar. Mən çox sevindim ki, tamaşaçılar mənim üstümdən biganə keçmədilər. Bu film məni onlara yenidən sevdirdi. Yolda məni görən hər kəs Sevinci soruşurdu. Sevinc Tofiqqızı da bu rolu çox gözəl oynayıb. Amma adam yenə də doymur. Çünki bu yarım saatlıq bir filmdir. Buna da şükür...

- Hər-hansı teatrda məxsusi sizin üçün tamaşa qoyulsa, münasibətiniz necə olar?

- Öz teatrımızda olsa, lap yaxşı olar. Bizim Gənc Tamaşaçılar Teatrında istedadlı gənclərimiz çoxdur. Yavaş-yavaş sənətin sirrlərini daha da dərindən öyrənirlər. Mən bundan sonra mənfi qadın rolları oynamaq istəyirəm. Psixoloji, dramatik rolları sevirəm.

- Lətifə xanım, yuxu yozumuna inanırsınız?

- Yuxuya inanıram, hərdən yuxularım çin olur. Allaha çox bağlı insanam. Hər şeyi Allah axarına qoyur.

- Sənətinizdən nə ummusunuz?

- Sənətimdən heç nə ummamışam. Həmişə mehribançılıq arzulamışam. İnsan necə ki, güləndə üzü gülür, istərdim ki, insanın ürəyi də elə təmiz olsun. Pis, yaxşı hallar hər kəsin həyatında olur. Mən hərdən fikir verirəm, görürəm ki, insanlar yalnız özü üçün yaşayırlar. İnsanlar cəmiyyətdə bir-birinə qəddar baxırlar.

- Həyata müsbət baxışınız, ən əsası isə ümidli olmağınızın səbəbi nədir?

- Gözüm toxdu. Paxıl deyiləm, pislik bilmirəm. Hərdən məndən soruşurlar ki, filan aktyor necə insandır? Siz niyə soruşmursunuz ki, o aktyorun filan tamaşadakı rolunun adı nədir? Arzu edərdim ki, Allah həyatda qarşıma həmişə yaxşı insanlar çıxarsın.

- Lətifə xanım, nəvədən, nəticədən nə var?

- Həm oğul, həm də qız nəvəm var. Böyükdürlər, universitetdə oxuyurlar. Onlar da hərdən mənə deyirlər ki, heç olmasa nənə rolu da yoxdur ki, səni dəvət etsinlər? (gülür) Rolu ssenaristlər elə yazmalıdırlar ki, orada həm nənə, həm cavan, həm də yaşlı rollar olsun.

- Gözünüz kimin üçünsə yollarda qalıb, kiminsə həsrətini, intizarını çəkmisiniz?

- Oğlum 1992-ci ildə Qarabağda olanda, çox pis hallar keçirirdim. Düzdü, oğulları Vətən üçün böyüdürük, amma heç bir ana istəməz ki, oğlunun başına pis hadisə gəlsin. Şükürlər olsun ki, oğlum bu gün yanımdadır. Vaxtilə gözüm onun üçün yolda qalmışdı.

- Elə bir xasiyyətiniz varmı ki, o, sizi çox geridə qoyub?

- Dəhşətli dərəcədə humanistəm, insanam, kövrəyəm. İnsanlara hətta heyvanlara da yazığım gəlir. Halbuki o insan bəlkə də məni saymır, amma istəyirəm ki, ona kömək edim. O insana kömək edə bilməyəndə çox pis oluram. Mənim düşmənə də yazığım gəlir. Bu xasiyyətim məni çox geri qoyub. Bir qadın məni xəstəxanada görüb, yaxınlaşdı və dedi ki, "Qurban olum, qocalma!" Bu sözü insan yalnız öz yaxınına deyə bilər.

Amma içində əcaibləri də var. İstər qocasında, istərsə də cavanında. Elə insan var ki, keçir heç salam da vermir. İnsandı da, nə edəsən? Mən oynadığım rollardan gözləmədiyim hallarda hədsiz gözəl sözlər eşitmişəm. Həmişə qayğı içində yolumu getməyə çalışmışam. Mən o insanlara minnətdaram ki, onlar məni unutmayıblar. Allahın nəzəri həmişə onların üzərində olsun. O insanlar məni məcbur edirlər ki, özümə fikir verim, vaxt ayırım...