Kənardan baxana döyüş asan gələr - KLAVİATURA QƏHRƏMANLARI
İkinci Qarabağ müharibəsinin 41-ci günüdür. Cəsur ordumuz bu günlər ərzində düşmən tapdağında olan torpaqlarımızın bir hissəsini azad edib. Ötən günlər göstərdi ki, ordumuzuda çox cəsur, səmimi, bacarıqlı hərbiçilər var. Ordumuzun qələbələrinə sevinirik. Bir sıra insanlar da var ki, müharibə başlayandan virtual əsgərlik, komandanlıq edirlər. Bir sözlə klaviatura qəhrəmanlığı edirlər. Kənardan baxana döyüş asan gəlir. Elə bilirlər ki, torpaq almaq kompüter oyunudur. İsti yerdə oturub fikir bildirməyə nə var ki?! Hər qarış torpaq əsgərlərimizin qanı və canı bahasına alınır. Belə məqamlarda dediyimizə, yazdığımıza diqqət eləsək, yaxşı olar. Ordunun qədrini bilən insan əsgərin hər addımını dəyərləndirər, ona minnətdar olar. Bir kənd onlarla əsgər həyatıdır. Müharibə itkisiz olmur.
Bəzi insanlar da var ki, əsgərlərimizin, zabitlərimizin zəhmətini kölgə altına salır. Deyirlər ki, döyüşdə əsgər nə edir ki? Guya torpaqlarımız ancaq PUA-ların hesabına alınır. Bu fikri söyləyənlər çox yox, bir gün mənfur düşmənlə üzbəüz soyuq səngərdə dayansa, belə deməz. Gəlin ordumuzun əziyyətini kiçiltməyək. PUA-ların rolu müharibədə əvəzsizdir. Amma əsgərimiz PUA-lara yox, PUA-lar əsgərimizə köməklik edir. Əsas və son sözü də, təbii ki, əsgər deyir!
Fərid Zöhrabov
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре