AXCP və Müsavat liderləri iki qurdu xatırladır

Day.Az представляет новость на азербайджанском языке.

İki gün öncə Milli Şura növbəti sessiyasını keçirdi. Müxalifət liderləri Cəmil Həsənlini sədr, Rüstəm İbrahimbəyovu isə fəxri sədr seçdilər. Ardınca Eldar Namazovun icra aparatı rəhbərliyindən istefasını qəbul edib, Rəsul Quliyevi Milli Şuradan kənarlaşdırdılar. Amma bütün bu proseslər sivil yolla, mədəni qaydada deyil, ciddi qarşıdurma, hətta əlbəyaxa döyüş fonunda baş verdi. Alternativ fikri qəbul etməyən müxalifət funksionerləri bu dəfə atmaca və söyüşlərlə yanaşı, bir-birinə yumruq atmaqdan da çəkinmədilər. Nəticədə Müsavat funksionerləri Milli Şuranın sessiyasını incik, AXCP-çilər isə məmnun halda tərk etdilər. Dekabrın 3-də keçirilən sessiya, orada müzakirə olunan məsələlər, müsavatçıların etirazının səbəbi, Rəsul Quliyevin Milli Şuradan çıxarılması və digər hadisələrlə bağlı "Kaspi"nin suallarını sabiq millət vəkili, Açıq Cəmiyyət Partiyası Ali Məclisinin keçmiş sədri Zəminə Dünyamalıyeva cavablandırır.

- Milli Şuradan istefa versəniz də yəqin ki, bu qurumda cərəyan edən hadisələrdən məlumatlısınız. Bu mənada qurumun son sessiyasını necə qiymətləndirirsiniz?

- Fikrimcə, Milli Şura barədə fikir yürütməyin özü yanlışdır. Çünki, adətən hansısa qurum haqqında danışarkən, onun potensialına nəzər salmaq gərəkdir. Bu mənada Milli Şuraya diqqət yetirəndə heç bir potensiala rast gəlmirsən. Milli Şura nə xalqın, nə də onu yaradanların ümidlərini doğrultmadı. Oradakı liderlər seçki öncəsi çoxsaylı bəyanatlar verib bildirdilər ki, bu qurum geniş xalq kütləsini, xüsusən də narazı elektoratı öz ətrafında birləşdirəcək. Lakin bu, olmadı. Bu qurumun namizədini bir neçə partiya dəstəkləsə də, yetərli səs toplaya bilmədi. Beləliklə də Milli Şura öz üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmədi. Ona görə də gözlənilirdi ki, seçkidən dərhal sonra bu qurum özünü buraxacaq. Ancaq təəssüf ki, Azərbaycanın radikal müxalifəti ötən 20 ildə öz ayıbını bilməyib. Harada, hansı addımı atmaq lazım olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. Bu, tarixi faktdır. Onlar öz davranışlarının məsuliyyətini heç zaman daşımayıb, sorumluluq duymayıb, xalq qarşısında hesabat verməyiblər. Bütün bunlara görə, Milli Şuranın sessiya keçirməsi, hansısa qərar qəbul etməsi əhəmiyyətsiz hadisədir.

- Son sessiya bəzi məqamlarla yadda qaldı. Şura üzvləri Eldar Namazovun istefasını qəbul etdilər, həmçinin eks-spiker Rəsul Quliyevi bu qurumdan uzaqlaşdırdılar. Rəsul bəyə qarşı atılan bu addımı doğru sayırsınızmı?

- Açığı, mətbuatda yer alan xəbərlərin "Eldar Namazovun istefası qəbul edildi, Rəsul Quliyev isə Milli Şuradan çıxarıldı" - kimi təqdim olunmasının əleyhinəyəm. Vaxtilə mən və bəzi əqidədaşlarım da istefa verəndə bizim haqqımızda bu cür təqdimetmə oldu. Halbuki Milli Şuradan istefa verib bu qurumu tərk etmişdik. Bundan sonra bu məsələni təkrar sessiyanın gündəliyinə çıxarıb elə görüntü yaratdılar ki, guya onlar bizi nümayişkaranə şəkildə qurumdan qovdular. Bu onu göstərir ki, Milli Şuradakılar adi prosedur qaydalarını bilmirlər. Bəlkə də bunu qərəzlilikdən, bəlkə də savadsızlıqdan, təcrübəsizlikdən edirlər. Hər halda bu, ayıbdır. Hər hansı qurumdan istefa vermiş şəxsin məsələsini təkrar müzakirə etməzlər. Sadəcə, toplaşanda qurumun üzvlərinin neçə nəfərə endiyi barədə məlumat verərlər. Eldar Namazovun icra aparatı rəhbərliyindən, Rəsul Quliyevin isə ümumiyyətlə şuradan istefa verməsinə də bu cür yanaşılmalı idi. Əslində onların istefası gözlənilən idi. Çünki hər ikisinin kifayət qədər təcrübəsi var. Belə adamların 20 ildir seçkilərdə məğlub olan, müxalifətçilik edən insanlarla bir yerdə olması mümkünsüzdür. Milli Şura yarananda hamı kimi onlar da bu qurumun faydalı olacağına ümid edirdilər deyə, bir yerə toplandılar. Ancaq hadisələrin gedişi fərqli mənzərəni ortaya qoydu. Milli Şura daxilində intriqalar, qarşıdurmalar, ciddi fikir ayrılığı yarandı, qurum uğur qazana bilmədi. Belə vəziyyətdə haqlı olaraq onlar istefa etdilər. Hələ mən onların bu qərarının bir qədər gecikdiyi qənaətindəyəm.

- Bəzi müxalifət təmsilçiləri Rüstəm İbrahimbəyova təzyiqlər olduğunu, bu səbəbdən onun Milli Şura sədrliyindən getdiyini bildirirlər. Bu iddialar düzdürmü?

- Düşünmürəm ki, Rüstəm İbrahimbəyova kimsə təzyiq edib. Belə bir fakt ortada yoxdur. Hətta təzyiq olsa belə, Rüstəm bəy buna görə istefa verməzdi. Məsələ burasındadır ki, Rüstəm bəy tamam başqa amalla Milli Şuranı qurdu. Kənardan tanıdığı bəzi müxalifət liderlərini də həmin quruma topladı. Lakin hadisələrin gedişində baş verənləri, əsl reallığı görüb diksindi. Ona görə də sədrlikdən istefa verməsi barədə Milli Şuraya müraciət etdi.

- AXCP funksionerlərindən fərqli olaraq müsavatçılar Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasına etiraz edirlər. Sizcə, onlar arasındakı bu fikir ayrılığı nə ilə əlaqədardır?

- AXCP və Müsavatın 20 illik fəaliyyətində əksər xüsusiyyətləri bildiyim üçün belə fikir ayrılığını təbii sayıram. Bu partiyalar heç zaman yolu düz gedə bilməzlər. Ayrı-ayrılıqda onların iddiası, marağı eynidir. Liderliyi ələ almaq, gündəmdə qalmaq üçün biri hər hansı fikir söyləyən kimi dərhal o birisi buna etiraz edir. Hələ iyul ayında İctimai Palatadakı çıxışımda mən bu məsələlərə ətraflı toxunmuşam. Onların müxalifət adından oyun oynadıqlarını, xalqı, milləti aldatdıqlarını bildirmişəm. Bu liderlərin nə deməsindən asılı olmayaraq, onların nə birliyi, nə də demokratlığı yoxdur. Bundan sonra da olmayacaq. Əgər demokrat olsaydılar, birliyi düşünsəydilər bir-birinə güzəştə getməyi bacarardılar. Obrazlı şəkildə ifadə eləsək, AXCP və Müsavat liderləri ağız-ağıza yatmış qurdu xatırladırlar. Heç birinin digərinə etibarı yoxdur. Elə Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə ikili münasibət də buradan qaynaqlanır. AXCP-yə Cəmil Həsənlinin Milli Şuranın sədr olması, Rüstəm bəyin isə fəxri sədr olması qaneedicidir.

- Sessiyada İsa Qəmbər, Arif Hacılı açıq şəkildə Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasına qarşı çıxdılar. Bunu həmin şəxsin başqa ölkə vətəndaşı olması ilə əlaqələndirdilər. Bu, əsaslı və səmimi arqumentdirmi?

- İctimai-siyasi prosesləri yaxından izləyənlər bilir ki, Cəmil Həsənli AXCP-nin namizədidir. O, keçmiş cəbhəçidir. Parlamentdə bu partiyanı təmsil edib. Həmin adamın Milli Şuranın sədri olması paralel olaraq AXCP-nin bu qurumda üstün mövqeyə malik olması deməkdir. Belə vəziyyətdə Müsavat Partiyasının bunu qısqanclıqla qarşılaması təbiidir. Amma məsələnin digər tərəfi də var. Bilirsiniz ki, Müsavat Partiyasının nə zamandır qurultayı keçirilmir. Bir neçə dəfə buna cəhd edilsə də guya münasib yer olmadığından, yaxud da hakimiyyət buna imkan vermədiyindən qurultay baş tutmayıb. Gerçəklikdə isə qurultayın keçirilməməsində İsa Qəmbər özü maraqlıdır. O, ümid edirdi ki, qurultaya qədər Milli Şura məsələsi həllini tapacaq, seçkilərdə hamı başqanı dəstəkləyəcək və onu bu quruma sədr, yaxud həmsədr seçəcəklər. Bundan sonra da Müsavatın qurultayını keçirib Arif Hacılını başqan yapacaqlar. Müsavatçıların Rüstəm İbrahimbəyova etiraz etmələrinin əsl səbəbi bundan ibarətdir.

- Müxalifət mətbuatı Rəsul Quliyev, Eldar Namazov və Lalə Şövkətin Milli Şuradakı proseslərdən kənara çəkilməsini özünəməxsus tərzdə şərh edir. Qeyd olunur ki, kinorejissor Rüstəm İbrahimbəyov öz tərəfdarları ilə yeni birlik yaratmaq istəyir. Bu ehtimallar doğrudurmu?

- Məndə belə bir məlumat yoxdur. Ancaq görürəm ki, özlərini ana-ata müxalifət sayanlar hakimiyyətdən istefa verib müxalifətə gələn adamları həzm edə bilmirlər. Bu, faktdır. Ona görə də Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət və digər belə adamların ayrıca birlik yaratmasını ancaq alqışlayaram. Çünki belə insanlar dövlətçilik təcrübəsi, əqli, siyasi baxımından digərlərindən yaxşı mənada fərqlənirlər. Onlar prosesləri daha yaxşı qiymətləndirə bilirlər. Adlarını çəkdiyim adamların, xüsusən də Rəsul Quliyevin qaraguruhçularla bir yerdə olması qeyri-mümkündür.

Milli.Az