Zabir Əliyev: "Səndən taparam, amma anamdan yox"

Day.Az представляет новость на азербайджанском языке.
Tanınmış teleaparıcı Zabir Əliyevi "Uşaqlıqdan reportaj"a dəvət edəndə dərhal razılaşdı. Amma haradan, necə başlayacağını bilmədi. Düzü, uşaqlıq illərindən söz düşəndə gözləri parıldadı, çöhrəsinə bir işıq yayıldı. Bir qədər də mütəəssir oldu. Çaşıb qaldım. Əcəba, onu mütəəssir edən səbəblər, görəsən, nə idi?
Axı uşaqlıq illəri insanın ən qayğısız çağlarından ibarətdir. Zabir danışdı, danışdıqca da onu anlamağa başladım. Bəlkə də başqaları bu qədər səmimi olmağı bacarmazdı. Xüsusən də atasının anasına əzab verdiyi bəzi məqamları xatırlayarkən. O isə çəkinmədi, danışdı. Bu məqamlarda gözləri dolan Zabirə təsəlli belə verə bilmədim. Əvvəllən, ona görə ki, o illərin üstündən illər keçmişdi, atası indi həyatda yox idi, digər tərəfdən təsəlli nəyi dəyişəcəkdi ki?
"Adını daşıdığım adam Şəkinin icra başçısının atasıdır"
"Adımı atam qoyub - yaxın dostunun şərəfinə. Zabir adlı həmin adam Mingəçevirdə "Torq" deyilən bir idarənin müdiri idi. Görün nə qədər yaxın dost olublar ki, atam onun adını öz övladına verib. Bir az böyüyəndən sonra həmişə deyirdim ki, görəsən bu adı mənə niyə qoyublar. Anam deyirdi ki, oğlum bu ad atanın dostunun adıdır. Atan onu çox istədiyindən adını sənə qoyub. Bu yaxınlarda eşitdim ki, adını daşıdığım Zabir adlı həmin kişi indi Şəkinin icra başçısının atasıdır".
"Elə sarsıldım ki..."
"Uşaqlıqda fərqli xarakterə malik uşaq olmuşam. Yəni həm sakit, həm də dəcəl. Deyib-gülən idim, hamı ilə ünsiyyət qurmağı bacarırdım. Uşaqlıqda məhəllə uşaqları ilə dostluq etməyi çox sevirdim. Yığışardıq, müxtəlif oyunlar oynayardıq. Uşaqlarla asan dil tapdığımdan onlar həmişə mənimlə mehriban davranardılar. Heç vaxt dalaşqanlığım olmayıb, davanı heç xoşlamazdım.
Yadımdadır ki, 3-cü sinifdə oxuyanda bir sinif yoadşım mənimlə dalaşdı. Möhkəm incidim ondan, məktəbi bitirəndən sonra da onula barışmadıq. Hətta təsadüf elə gətirdi ki, onunla eyni yerdə əsgəri xidmətdə olduq, amma küsülülüyümüz davam etdi. Uşaq vaxtı o hadisə məni elə sarsıtmışdı ki, onunla barışa bilmədim".
"Atam bizi maşına doldurub mağazaya aparardı"
"Ailədə çoxuşaqlı olmuşuq; 7 qardaş, bir bacı. Atam çox zəhmətkeş insan olub, anam isə məktəbdə müəllimə idi. Heç vaxt yadımdan çıxmaz, biz bayram günlərini xüsusilə qeyd edərdik. Yəni necə? Atam hamımızı maşına doldurub bizi mağazaya aparardı, pal-paltar almağa.
Sevincimizin həddi-hüdudu olmazdı onda. Həmin paltarları geyinib ya 1 may bayramına gedərdik, ya digər bayramlara... Onda biz bayram günlərini təmtəraqla qeyd edərdik. Bir may bayramına getməyimiz dəm-dəskah idi. Təzə paltarlar geyinərdik, şarlar alardıq. Gecədən səhərin açılmasını gözləməyə səbrimiz çatmazdı".
"Atam həmişə yatanda cibindəki pullarını sayırdı"
"Atam çox əzazil kişi olub. O, dünyasını dəyişənə qədər biz onunla çox qapalı dolanardıq. Yanında çörək yeməyə belə çəkinərdik. Çox zabitəli və sərt kişi idi. Yay vaxtı saat 9-dan, qış vaxtı saat 6-dan gec evə gəlməyə ixtiayarımız çatmazdı. Yalnız atam yatandan sonra evdə "spakoynı noç" olurdu. Uşaq olsaq da onun yanında qorxumuzdan mayka ilə gəzməzdik.
Atam həmişə yatanda cibindəki pullarını sayırdı. Bir dəfə yuxudan ayılıb görüb ki, pulundan 20 qəpik əskikdir. Evdə axtarış gedir, hər kəs oğrunun kimliyini öyrənir. Nənəm məni aldatdı ki, pulu götürdüyünü boynuna al, atan sənə onsuz da heç nə etməyəcək. Mən də pulu oğurlamamışam axı, necə boyuma alım. Nə isə, atam məni ora qovdu, bura qovdu ki, pulu neyləmisən? Axırda nənəmin təkidi ilə boynuma aldım ki, pulu mən götürmüşəm. Atam mənə bir toy tutdu ki, gəl görəsən. Əslində pulu yəqin ki, qardaşlarımdan biri götürmüşdü, ya da bəlkə salıb itirmişdi, sadəcə, yadından çıxmışdı. Amma nənəm mənim boynuma qoyduğu üçün elə bildilər pulu mən oğurlamışam".
"Atam anamı necə döydüsə, gözünün altı paralandı"
"Anamı dünyalar qədər sevirəm, bunu hər kəs bilir. O mənim həyatımın yeganə sevincidir. Həmişə atam anamla əzazilcəsinə davranırdı. Atamın anamı döydüyü anlar indi də gözümün qabağından getmir. Biz Mingəçevirdə beşmərtəbəli binada qalırdıq. Eyvanımız həyətə açılırdı.
Anam həmişə atam onu döyən kimi eyvana qaçırdı. Bilirdi ki, eyvanda onu vura bilməyəcək. Çünki həyətdəkilər görürdülər. Amma bir dəfə heç nəyə baxmadı. Anamı necə döydüsə, gözünün altı paralandı və üzündən qan axmağa başladı. Mən tez onun paltarının ətəyindən yapışdım və səhərə qədər anamla birgə eyvanda ağlaşdıq. Bu hadisəni indi də xatırlayanda gözlərim dolur.
"Deyirdim ki, böyüyəndə mən də poçtalyon olacağam"
"Uşaq vaxtı poçtalyona kömək etməyi çox sevirdim. Gəlirdim həyətə və qəzetləri paylayan poçtalyonun dalınca düşüb onun qəzetləri evlərə necə payladığını görürdüm. Bir dəfə yaxınlaşıb ona kömək etmək istəyimi bildirdim və razılıq aldım. Onunla birgə qəzet paylanan yerə gedirdik, o qəzetləri səliqə ilə bağlayıb binalara gətiridik. Deyirdim ki, böyüyəndə mən də poçtalyon olacağam.
"Dəlicəsinə sevirdim onu, adını da "qaratoyuq" qoymuşdum"
Qəribə uşaq olmuşam, romantik. Rəqsi çox sevirdim və rəqs dərnəyinə gedirdim. Eyni zamanda şeirlər yazırdım. Sevdiyim qıza da şeirlər yazmışam. Sevgidən söz düşmüşkən ilk sevgim uşaq vaxtıma təsadüf edib. Onunla xəlvəti görüşürdük, əlindən tuturdum, amma öpməyə imkan vermirdi.
Həm də uşaq idik axı. Dəlicəsinə sevirdim onu, adını da qaratoyuq qoymuşdum. Çünki qara paltar geyinirdi. Amma o qızı doyunca sevə bilmədim, çünki sevdiyim qız qan xərçənginə tutulmuşdu və bu xəstəlikdən dünyasını dəyişdi. Beşinci sinifdə oxusam da, ona yas tuturdum, ölümü ilə heç cürə razılaşa bilmirdim. Bir sevgi şeirim var, onu xatırladım:
Gözlərim pəncərədə,
Qulağım gələn səsdə.
Dedim bəlkə qayıtdın,
Amma sən qayıtmadın.
Peşiman-peşiman günümü vurdum başa,
Üşüdü, əsdi qəlbim, sanki borana düşdü,
Sanki düşdü yağışa.
Ulduzların falına həmin gün inanmadım,
Dedim bəlkə qayıtdın,
Amma sən qayıtmadın.
Söylə vəfan budurmu, mənim etibarsızım,
Gözlərindən öpərdim, əgər sən qayıtsaydın,
Dedim bəlkə qayıtdın,
Amma sən qayıtmadın".
"Ağdərədə ayaqlarımı don vurdu"
"Beş il əsgəri xidmətdə olmuşam. Bu Qarabağ müharibəsinə təsadüf edib. Ağdərə döyüşlərində olmuşam. Orda vuruşarkən dəfələrlə ölümün ağzından qurtulmuşam. Bir dəfə ayaqlarımı don vurdu, dəhşət günlər yaşadım. Dostlarım olmasaydı, indi yəqin ki, bir ayağım yox idi. Tez mənə kömək etdilər. O zaman müharibə şəraitində çətinliklər çox idi, ölüm qaşla gözün arasında idi. Amma qismət elə gətirdi ki, sağ qaldım.
"Həyat yoldaşıma dedim ki, səndən taparam, amma..."
"Anamı dediyim kimi çox sevirəm. Anam həyatımın mənasıdır. Şablon kimi səslənməsin, hər kəs anasını sevir. Amma mən anamla nəfəs alıram. Hətta evlənəndə də qızı anamın istəyi ilə seçdim. Amma o qızı mənə alsa da, həyat yoldaşım anama layiq gəlin olmadı.
Bu yaxşılığın əvəzində yoldaşım anamla yaxşı davranmadı. Baxmayaraq ki, anam bütün bunları məndən gizlətməyə çalışırdı. Amma mən hər şeydən xəbərdar idim. Bir gün həyat yoldaşıma dedim ki, səndən taparam, amma anamdan yox. Mən ailəmi anama qurban verdim və buna heç də peşman deyiləm".
/Publika.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре