Evlərimizə “isti ölüm” gətirən İran sobaları
Day.Az представляет новость на азербайджанском языке.
Ticarətçilər dəm qazından zəhərlənmələrə təkcə sobaların səbəb olmadığını iddia edirlər; boğulma hallarının səbəbləri bu reportajda...
Hər il havalar soyuyan kimi dəm qazından boğulma, qaz sızmasından partlayış və s. kimi hallar çoxalır. Noyabrın 2-də Astarada bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb.
Hadisə rayonun Şiyəkəran kəndində baş verib.
Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.
Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onların dəm qazından boğulduğu müəyyən edilib.
Bu hadisə yenidən qaz sobaları ilə bağlı problemi gündəmə gətirib. Çünki əksər boğulma halları dəm qazından olur. Qaz sobalarının standarta uyğun olmaması isə faciənin miqyasını birə-beş artırır.
Azərbaycana qaz sobaları İran və Türkiyədən gətirilir. Eyni zamanda son illər kustar üsulla hazırlanmış sobalara da bazarlarda rast gəlmək olur. Düzdür, aidiyyəti qurumlar zaman-zaman bazarlarda, iri ticarət mərkəzlərində reyd keçirib həmin sobaları satışdan çıxarsalar da, qara bazarda sexlərdə hazırlanmış və heç bir sertifikatı olmayan sobalara rast gəlmək olur.
Ötən gün Bakının ən böyük ticarət mərkəzlərindən olan "Vosmoy" bazarında olub, soba satılan mağazalarda araşdırma apardıq. İki ilə yaxındır soba satdığını deyən Emil Hüseynov adlı satıcı deyir ki, son günlər havaların soyuması soba satışını artırıb: "Günə 3-4 soba satırıq. Hələlik pis deyil. Əsas satışımız dekabrda olur. Alıcıların əksəriyyəti İran istehsalı olanları alır. Türkiyə istehsalı olan da var. Onlar nisbətən - 30-40 manat bahadır. Bizim camaat da həmişəki kimi ucuza qaçır. Satdığım sobaların çoxu Türkiyə istehsalıdır. Trabzonda "Huzur" firması tərəfindən istehsal olunub. Sertifikatı var. Satdığımız sobanı özümüz quraşdırırıq. Sobaların qiymətləri 120-330 manat arası dəyişir. Montaj və çatdırılmaya görə əlavə 40 manat alırıq. Bəzən gəlib sobanı alırlar, quraşdırma təklifimizdən imtina edirlər. İki gündən sonra gətirib sobanı qaytarırlar ki, bəs içəri tüstü verir. Biz müştərilərə başa salırıq ki, sobanı evin harasına gəldi quraşdırmaq olmaz. Küləyin istiqaməti, boru və s. kimi şeylər mütləq nəzər alınmalıdır".
"Evlərə təmizlənməmiş mədən qazı verilir"
Əhliman Məmmədov adlı satıcı deyir ki, problem həmişə sobada olmur. Boğulmaya evlərə verilən qaz da səbəb ola bilir: "Təmizlənməmiş mədən qazını evlərə verirlər. Soba satarkən evlərə gedib, onu quraşdırırıq. Görmüşük ki, qazın rəngi mavi olar. İndi bizdə evlərdə qazı yandırırsan, tünd qırmızı rəngdədir. Bu, mədən qazıdır. Təmizləmədən evlərə verirlər. Sobanı yandırırsan, bir müddət sonra evin içində gözün yaşarmağa başlayır, nəfəsin çatmır".
İran sobası satan Qəmbər İbrahimov adlı satıcı isə deyir ki, sobanı vaxtı-vaxtında təmizləmək lazımdır: "Həm qaz, həm də odunla işləyən sobaları təmizləməsən, istər-istəməz içəri tüstü verəcək. Borunun uzunluğuna fikir vermək lazımdır. Bakı kəndlərinə gedin, tək-tük ev taparsan ki, sobanı düzgün quraşdırıb. Hətta bəzi evlərdə kömür yandırırlar. Bilmirlər ki, kömür yanarkən ayrılan qaz çox təhlükəlidir. İran sobaları sırf qaz üçündür. Sobaya kağız atıb, yandırsan belə, xoşagəlməz nəticələr verə bilər".
Osman adlı satıcının sözlərinə görə isə ən çox satılan sobalar bunlardır: "Mashhad Davam Co", "NEVALUX" - Rusiya istehsalı, "Təbriz Load" şirkətinin istehsalı olan "Adrian" istilik sobaları, "Süsler", "Westburq", "Luxell", "Nord", "Termes", "Seamens", "Temirkel" nişanlı qaz sobalarını daha çox alırlar. Bunlar 80-220 manat arası satılır. Həm keyfiyyətlidir, həm də ki, ucuz".
Dəm qazından necə qorunmalı?
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin məlumatına görə, dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Belə ki, sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir. Adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi əleyhqazlardan istifadə edilməlidir. Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir. Katalizator əleyhqazın uducu hissəsində yerləşdirilir. Dəm qazı katalizator vasitəsilə oksidləşərək qeyri-toksik xassəli karbon 4-oksidə çevrilir. Oksidləşmə zamanı istilik enerjisi ayrılır ki, bu da nəfəs aldığımız havanı qızdırır. Belə əleyhqazlarla dəm qazının konsentrasiyası 10 faizə qədər olan şəraitdə də nəfəs almaq olur. Eyni zamanda bu əleyhqazlarla ammonyak, xlor, tsikloheksan, fosgen və s. kimyəvi maddələrdən də qorunmaq olur.
Qeyd edək ki, İran sobalarının keyfiyyətsiz və həyat üçün təhlükəli olması ilə bağlı ölkə əhalisinə dəfələrlə xəbərdarlıq edilib. "Azəriqaz" İctimai Birliyi hər qış mövsümündə İran sobaları ilə bağlı əhaliyə xəbərdarlıq edərək sertifikatı və lisenziyası olmayan qızdırıcı sobalardan istifadə etməməyi məsləhət görür. Qurum "Bu, qəti qadağandır!", - desə də, məhəl qoyan yoxdur. "Azəriqaz" bu sobalara heç bir sertifikat və lisenziya vermədiyini vurğulayır. Bu səlahiyyətlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə və Fövqəladə Hallar Nazirliyinin agentliyinə aiddir. Aidiyyəti qurumlar dəfələrlə əhalini standartlara uyğun olmayan qaz sobalarından istifadə etməməyə çağırsalar da, bazar və dükanlarda apardığımız müşahidələr bunu əksini deyir. Qadağan olunmuş İran sobaları açıq satışdadır və əhali də alır.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре