İnsanı içdən yeyən natamamlıq kompleksi

Day.Az представляет новость на азербайджанском языке.

Natamamlıq kompleksi bir çox nevrozların əsas səbəblərindəndir. Bu kompleksdən əziyyət çəkən insanlar özlərini qüsurlu, əskik, bacarıqsız hiss edirlər.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, natamamlıq kompleksindən əziyyət çəkən adamlar özlərinə qarşı çox tənqidi olurlar: "Ətrafındakı insanlardan hansısa bacarıqlarına və ya xarici görünüşünə görə üstün olsalar da, özlərini bəyənmir və başqalarını özündən üstün tuturlar. Belə adamlarda özünə inam hissi aşağı olur. Özünə inam hissinin olması isə insanın psixi cəhətdən rahatlığını təmin edir. İnsan həyatdan daha məmnun olur, baş verən hadisələrə pozitiv yanaşır".

A.Qurbanova bildirib ki, natamamlıq kompleksi uşaqlıqda formalaşır: "Uşaq imkan və bacarıqlarına uyğun olmayan şeyləri arzulayanda, lakin bacarıqlarının məhdud olduğunu anlayanda onda natamamlıq kompleksi yaranmağa başlayır. Bu zaman uşaq bütün arzularını həyata keçirə bilməyəcəyini başa düşür. Eyni zamanda, valideynin də daim uşağa bu haqda danışması onda natamamlıq kompleksini gücləndirə bilər", - deyə psixoloq əlavə edib ki, insanın arzularını müxtəlif tələbatları olan fiziki bədəni və mənəvi tərbiyəsi məhdudlaşdırır: "Uşaqlar əslində oyun oynayarkən öz arzularını yaşamaq və məhdud bacarıqlarını kompensasiya etmək istəyirlər. Oyuncaqları istifadə edərək uşaq gerçək həyatda yaşaya bilmədiyi müxtəlif obrazları oynayır. Bu cür oyunlar zamanı uşaq öz arzularını gerçəkləşdirir. Yaşa dolduqca isə bu oyunlar insanı artıq qane edə bilmir və o, böyüklər üçün oyunları oynamağa başlayır".

Bəzi natamamlıq kompleksindən əziyyət çəkən yetkin və yaşlı insanlar komplekslərin doğurduğu təlabatları ödəmək üçün yaxınları, dost-tanışları, iş yoldaşları və ailə üzvləri ilə kobud danışır və onların xətrinə dəyəcək ifadələr işlədərək mübahisə edirlər. Bəziləri isə uşaqtək gerçəklikdən uzaqlaşmaqla özlərini təsdiq edirlər. Bu zaman onlar kompüter oyunları oynayır, roman oxuyur, seriala baxır və təxəyyül dünyalarında öz istədikləri həyatı yaşayırlar.

Psixoloq qeyd edib ki, natamamlıq kompleksinin səbəbi çox sadə ola bilər: "Misal üçün, uşaqlıqda yaşıdları ilə döyüş, atışma xarakterli oyunları az oynayan oğlanlar böyüdükdən sonra kompüter oyunları ilə bunu həyata keçirməyə başlayırlar. Nə qədər qəribə görünsə də, zorakılığa meyl də bu cür natamamlıq kompleskindən irəli gəlir. Belə ki, oyunlarla və ya başqa bir üsulla bunu kompensasiya etməyən şəxs sonradan bunu gerçəklikdə icra edə bilər. Eləcə də uşaqlığı pis keçən, istəkləri valideynləri tərəfindən qəbul olunmayan və sıxışdırılan uşaqlarda da zorakılığa meyl müşahidə olunur".

Natamamlıq kompleksindən əziyyət çəkənlərin bir qismi isə təxəyyülləri ilə tələbatlarını kompensasiya etməklə kifayətlənmirlər. Onlar öz gerçəkləşməyən planlarını, arzularını həyatda gerçəkləşdirməyə çalışırlar. Bu cür insanlar özlərini bacarıqsız hiss edir, nailiyyətləri ilə kifayətlənə bilmir və bundan kədərlənirlər. Natamamlıq kompleksi bu cür insanlarda özünü paxıllıq, günahkarlıq və qüsurlu olmaq hissi ilə büruzə verir. İnsan ya bu hisslərlə yaşamaq, ya da onları yox etmək qərarına gəlir. Bu da ona çox güclü motivasiya verir. Lakin natamamlıq kompleksinin doğurduğu hisslər çox güclü olur və insanı irəliyə getməyə sövq etməklə yanaşı onu hər şeyin uğursuzluqla nəticələnəcəyi ilə qorxudur. Bununla da kompleks insanı iki istiqamətdə hərəkət etməyə təhrik edir. Həm istəklərini gerçəkləşdirməyə doğru, həm də əksinə. Bu kompleksdən əziyyət çəkən insan uğursuzluqdan çox qorxaraq özünü bacarıqsız və aciz hiss etməyə başlayır".

Bu komplekslərin təsirindən insan daim dəyişikliklərin baş verməsini istəyir, amma, eyni zamanda dəyişikliklərdən qorxur. Ona görə ki, dəyişikliyi etmək üçün o, nəsə etməli və çalışmalıdır. Bunu edərkən isə o, özünün aciz olduğunu hiss edir. Hiss etdiyi təzadlı hisslər isə bir-birini növbələyir. Nəticədə o, ya özünü güclü, ya da aciz hiss etməyə başlayır.

Onun dediyinə görə, natamamlıq kompleksindən əziyyət çəkən və heç bir yolla komplekslərin doğurduğu tələbatları ödəyə bilməyən şəxslərsə, spirli içkilərdən, narkotik vasitələrdən asılılığa düşür. Belə ki, özünü realizə etməyən insanlarda natamamlıq kompleksi daha da güclənir və insana əzab verməyə başlayır. Bu əzablara dözə bilməyən şəxs isə unudulmaq və təsəlli tapmaq üçün spirtli içkilərə, narkotik vasitələrdən istifadəyə əl atır.

Natamamlıq kompleksinin kökündə ölüm qorxusu dayanır. İnsan mükəmməl olmadığı üçün sevilməyəcəyindən, cəmiyyət tərəfindən qəbul olunmayacağından, tərk edilməkdən, tənha qalmaqdan, təhqir olunmaqdan qorxur. Dərindən təhlil etdikdə isə bu hisslər ən böyük qorxu - ölüm qorxusu ilə bağlıdır.

Psixoloq məsləhət görür ki, natamamlıq kompleksindən qurtulmaq üçün şəxs düşüncə tərzini dəyişməyə çalışmalıdır: "Özünü natamamlıq kompleksinin təsirinə təslim edən şəxs ondan daha bacarıqlı, daha xoşbəxt insanlara paxıllıq edir. Ətrafındakı insanlar dərd çəkəndə onun əhvalı düzəlir. Başqalarının uğuru isə ona işgəncə kimi gəlir".

/Ekspress.az/