Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı azalıb

Day.Az представляет новость на азербайджанском языке

Dekabr ayı başlayan kimi, dünyanın hər bir yerində o cümlədən ölkəmizdə Yeni il hazırlıqları başlayır. Parklarda, bağlarda yolkalar quraşdırılır, Şaxta baba və Qar qızlar isə yolkaların ətrafında bayrama xüsusi rəng qatmağa çalışırlar. Bəs görəsən, paytaxt Bakıda xüsusən də uşaqların sevimlisi, Yeni ilin baş qəhrəmanları olan Şaxta baba və Qar qız olmaq üçün hara müraciət etmək lazımdır?

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu barədə musavat.com-a açıqlama verib. 

Departament əməkdaşının sözlərinə görə, artıq bu istəkdə olan şəxslərə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb: "Ayın sonunadək müraciətlərə baxılacaq, dəyərləndiriləcək və münasib bildiyimiz  yerlərdə həmişə olduğu kimi onlara icazələr veriləcək ki, öz fəaliyyətləri ilə məşğul olsunlar.  Artıq şəhərin müxtəlif yerlərində, ünvanlarında yolkalar qurulur. Hazırda bizə az  müraciətlər olur. Müraciətlər əsasən, dekabrın 25-dək intensiv olur, daha sonra proses bir qədər zəifləyir".

Əlabbas Bağırov xüsusilə vurğuladı ki, müraciət edən şəxslərdən şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb edilmir: "Bundan öncə mətbuatda yazılırdı ki, guya biz müraciət edənlərdən sağlamlıq haqqında sənəd tələb edirik, Şaxta baba ingilis dilini bilməlidir, boyu hündür olmalıdır və s. Bu belə deyil. Doğrudur, bütün bunlar olsa daha yaxı olar. Çox istərdik ki, Şaxta baba və Qar qız fiziki cəhətdən sağlam  olsun, çünki onlar körpələrlə daima təmasda olurlar. Xoşagəlməz halların baş verməməsi üçün sağlamlıq mühüm şərtdir". 

"Yolkaların yerini kim təyin edir, geyimlər departament tərəfindən təmin olunur" sualına departamentin əməkdaşı bu cür cavablandırdı: "Yolkaların yerlərini müraciət edənlərin özləri müəyyənələşdirir. Həmin yolkalar yerli icra hakimiyyətləri tərəfindən qurulur. Bakıda ən bahalı yolka baş yolkadır. Qismən bahalı yolkalar Bakı Bulvarında, Hüseyn Cavid parkında, Elmlər Akademiyası ilə üzbəüz olan yerdə və s.olanlardır. Digər kiçik yolkaların olduğu yerlərdə  Şaxta baba və Qar qızın olmadığını müəyyənləşdirdikdən sonra müraciət edənlərə icazə veririk ki, orda öz fəaliyyətləri ilə məşğul olsunlar. Geyimləri müraciət edənlərin özləri tapmalıdır. Bəzən mətbuatda yazırlar ki, guya biz ayrı-seçkilik edir, kimlərəsə paltar veririk. Bu qətiyyən belə deyil".

Əlabbas Bağırov təəssüflə qeyd etdi ki, müraciət edənlərin sayı getdikcə azalır. Departamentin əməkdaşı bu problemin səbəbləri haqda danışıb: "Müraciət edənlərin sayı o qədər azdı ki, bu təəccüb doğurur. Əsas səbəb odur ki, bu qazanc gətirən sahə deyil. Vaxtilə müraciət edənlərin sayı çox idi, indi bu say azalıb. Əvvəllər valideynlər körpələrini Şaxta baba və Qar qızla şəkil çəkdirmək üçün həvəs göstərirdisə, indi insanlar artıq buna maraq göstərmək istəmir. İndi uşaqlar sanki bilirlər, başa düşürlər ki, Şaxta baba əsl Şaxta baba deyil. Bilirlər ki, onlar öz aramızda olan insanlardır. Halbuki biz körpə olanda elə bilirdik ki, Yeni ilin qəhrəmanları uzaq  Qrelandiyadan, Şotlandiyadan və yaxud başqa yerdən gəlib, hədiyyələri də ordan gətiriblər. Amma indiki uşaqlar hər şeyin mahiyyətini dərk edirlər. Digər səbəblərdən biri də fotoqrafçıların olmamasıdır. Məhz foto sayəsində insanlar qazanc əldə edə bilirdi. Bu gün isə hər kəsin əlində şəxsi telefonu var və onların vasitəsi ilə fotolar çəkə bilirlər".

Əlabbas Bağırov onu da əlavə etdi ki, ötən illərdə olduğu kimi bu il də Şaxta baba, Qar qız və fotoqrafçı ayrı ayrılıqda 60 manat (cəmi 180 manat) dövlət rüsumu ödəməklə fəaliyyət göstərə bilərlər: "Qeyd edilən rüsum şəhərin kənar yerlərində qismən ucuzdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.