Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakının Suraxanı rayonunda Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Suraxanı Rayon İcra Hakimiyyəti və "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin büstü önünə əklil qoyub, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin müəyyən dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:

"Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün əsas xidmətlərindən biri də təhlükəsizlik orqanının milliləşdirilməsi oldu. Heydər Əliyev buna nail oldu. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayandan sonra repressiyaya son qoyuldu. Təhlükəsizlik xidməti Azərbaycanın təhlükəsizliyini qoruyan bir orqan oldu. Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkədə təqiblər olmadı, insanlar sürgünə göndərilmədi. Heydər Əliyev Azərbaycanın təhlükəsizlik xidmətini inkişaf etdirdi, ölkədə sabitliyə nail oldu".

İcra Hakimiyyətinin başçısı bildirib ki, bu gün Prezident İlham Əliyev də bu siyasəti layiqincə davam etdirir: "Cənab Prezidentin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edildi. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması və personalın sağlamlaşdırılması xüsusi olaraq ölkə rəhbərliyinin diqqətindədir. Tarixdə heç vaxt Azərbaycan indiki qədər qüdrətli, azad və müstəqil olmamışdır".

"Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov bildirib ki, təhlükəsizlik orqanlarında 35 il çalışıb:

"Fəaliyyətim dövründə 15 rəhbərlə işləmişəm. Onlardan 6-sı rus olub. Onlar Azərbaycan üçün işləməyiblər. Həmin şəxslər rus və ermənilərə şərait yaratmağa çalışırdılar.

Azərbaycan təhlükəsizlik xidmətində onlardan başqa 9 azərbaycanlı rəhbər olub. Amma onların heç biri Heydər Əliyev kimi rəhbər ola bilməyib. Heydər Əliyev təhlükəsizlik orqanlarında rəhbər təyin olunan ilk azərbaycanlı idi. Ondan sonra digər azərbaycanlılar vəzifəyə gətirildi və bununla da təhlüləsizlik orqanları milliləşməyə başladı. Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün əlindən gələni edirdi. Təhlükəsizlik orqanları Heydər Əliyevin səyi nəticəsində inkişafa başladı. Heydər Əliyev İkinci Dünya Müharibəsində qəhrəmanlıq nümayiş etdirən azərbaycanlıların ad almasında, onların qəhrəmanlıqlarını sübuta yetirmək üçün böyük səy göstərib".

Ş.Süleymanov bildirib ki, Heydər Əliyev Azərbaycanın xüsusi xidmət orqanlarında yetişdirdiyi milli kadrları təkcə təhlükəsizlik xidməti üçün deyil, digər hüquq-mühafizə orqanlarına da göndərir və hərtərəfli kadr hazırlayırdı:

"O Azərbaycanın hərtərəfli inkişafı üçün səy göstərirdi. Azərbaycanın təhlükəsizlik xidmətinin möhkəmlənməsi, milli kadrların ixtisaslaşaraq irəli çəkilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev rəhbərliyə gələndən sonra azərbaycanlıların qanunsuz repressiyasının qarşısını aldı. Bir sözlə, Heydər Əliyev özünün fədakarlıq məktəbini yaratdı".

Ş.Süleymanov həmçinin Heydər Əliyev haqqında xatirələrindən danışaraq ulu öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyəti barədə məlumat verdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov isə bildirdi ki, Heydər Əliyev təhlükəsizlik orqanlarının fəaliyyətini 3 dövrə bölüb:

"AXC dövrü, SSRİ dövrü və müasir Azərbaycan dövrü. Bü dövrlərdə Azərbaycan təhlükəsizlik orqanlarının müxtəlif fəaliyyətləri olsa da, Heydər Əliyev 40-50-ci illərdəki dövrü təhlükəsizlik orqanlarının qara ləkəsi adlandırırdı. Həmin illər təhlükəsizlik orqanları tarixi üçün həqiqətən utancverici idi. Repressiyalar, Azərbaycan ziyalılarının sürgün edilməsi, əsassız təqiblər və sair. Amma Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərliyə gələndən sonra bu problemlər aradan qaldırıldı".

Sonda tədbirin təşkilatçılığında xidmətləri olan bir qrup şəxs "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin diplom və fəxri fərmanları ilə təltif edildi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!