Qarabağ həqiqətlərinin dünyada təbliği müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə Qarabağ həqiqətlərinin dünyada təbliği və Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməsi ilə bağlı birgə videokonfrans təşkil edib.

Komitədən Day.Az-a bildirilib ki, videokonfransda Komitə rəhbərliyi və əməkdaşları, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin təmsilçiləri, müharibə veteranları və bir sıra başqa şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayıb, işğalçı dövlət olan Ermənistanın silahlı qüvvələrinin ötən gün Tovuz istiqamətində törətdiyi hərbi təxribat və onun qarşısının alınmasını, Ermənistanın bütün cəhdlərinin iflasa uğramasını bir daha nəzərə çatdırıb.

O, bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan diaspor təşkilatları və nümayəndələri bu təxribat əməlinə qarşı etiraz bəyanatları yayır, beynəlxalq təşkilatları təcavüzkara qarşı addımlar atmağa çağırırlar.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, millət vəkili Tural Gəncəliyev dünya azərbaycanlılarının bu istiqamətdə daha müfəssəl məlumatlandırılması üçün Komitə ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxış edənlər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diasporun böyük rola malik olması barədə danışıb, xaricdə yaşayan azərbaycanlıların davamlı şəkildə məlumatlandırılmasının vacibliyini qeyd ediblər.

Videokonfransda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və formaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.