Bakıda iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsinin birinci günü başa çatıb - FOTO
Bakıda iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransın birinci günü başa çatıb.
Trend xəbər verir ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində Bakıda ilk dəfə keçirilir.
Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayıb.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta biznes müəssisələri" və "yaşıl bacarıqlar"dır.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr ediləcək. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələr diqqət mərkəzində olacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil edilir.
Tədbirdə çıxış edən COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai qeyd edib ki, iqlim böhranı artıq uzaq bir təhdid deyil.
"İqlim böhranı artıq uzaq bir təhdid deyil - o, artıq buradadır. Bu, hamımıza təsir edir: nəfəs aldığımız havadan, içdiyimiz sudan, yeməkdən, inşa etdiyimiz evlərə qədər. Tezliklə iqlim icmasını Bakıda COP29-da bir araya toplayacağıq. Bu tədbirə baxışımız açıqdır - məqsədimiz ambisiyaları artırmaq və iqlim böhranını aşmaq üçün konkret addımlar atmaqdır", - o vurğulayıb.
Onun sözlərinə görə, bunları təkbaşına həyata keçirmək mümkün deyil.
"Bizə biznes və vətəndaş cəmiyyətindən tutmuş şəhərlərə və akademik institutlara qədər bütün maraqlı tərəflərdən innovasiya, bilik və öhdəlik lazımdır. Bakı iqlim həftəsi fəaliyyətə çağırışdır, dialoqun real strategiyalara çevrildiyi və strategiyaların uzunmüddətli dəyişikliyə səbəb olduğu bir məkandır", - o əlavə edib.
Bundan əlavə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev qeyd edib ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb.
Onun sözlərinə görə, bu tədbir qarşıdan gələn COP29-un diqqət mərkəzində olacaq əsas məsələlər üzrə irəliləyiş əldə etməyə kömək edəcək.
"Ən vacib mövzular arasında iqlim maliyyələşdirilməsi, şəffaflıq üzrə 2 illik hesabatların (BTR, ilin sonuna qədər) təqdim edilməsi, 2025-ci ilin fevralına qədər milli iqlim planlarının (NDC) hazırlanması və təqdim edilməsi var.
İqlim maliyyələşdirilməsi ilə bağlı COP29-un rəhbər komandasının oktyabr ayında Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) birgə iclasına qoşulması nəzərdə tutulur, çünki bu beynəlxalq maliyyə institutları "yaşıl" layihələrin idarə olunması və maliyyələşdirilməsində liderlik edir və iqlim maliyyələşdirilməsinin təşkili prosesinə kömək edə bilərlər", - M. Babayev vurğulayıb.
O həmçinin xatırladıb ki, sentyabr ayında Bakıda Zərərlər və İtkilər üzrə Fondun idarə heyətinin 3-cü iclası (DB-nin himayəsi altında) keçirilib və bu fondun 2025-ci ildən tam fəaliyyət göstərəcəyi qərara alınıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bildirib ki, qarşıdan gələn COP29-un aktuallığını və əhəmiyyətini kiçiltmək olmaz.
"Bu hadisənin əhəmiyyətini anlamaq üçün sadəcə son xəbərlərin başlıqlarına baxmaq kifayətdir; orada rekord temperatur, anomal istilik və sel hadisələri barədə məlumat verilir.
Ümumdünya Meteorologiya Təşkilatının təsdiqlədiyi kimi, 2023-cü il tarixdəki ən isti il olub, okeanda isə xüsusilə şokedici temperatur dəyişiklikləri qeydə alınıb. Ekstremal hava hadisələri və meşə yanğınları artıq gələcək proqnozlarının bir hissəsi olmaqdan çıxıb, çoxlarımız üçün reallığa çevrilib", - o vurğulayıb.
Onun sözlərinə görə, COP29-a bir addım olaraq, bu İqlim Fəaliyyəti Həftəsi Bakı şəhərinə və onun sakinlərinə diqqət cəlb etmək üçün bir platforma təqdim edir.
"COP 29-un keçirilməsi münasibətilə Azərbaycan hökumətini təbrik etmək istəyirəm. Ambisiyaları artırmaq və fəaliyyətləri dəstəkləmək məqsədi daşıyan sədrlik, enerji keçidi, şəhərlər, risklər və davamlılıq, davamlı maliyyələşdirmə, su ehtiyatları, qida və kənd təsərrüfatı kimi konfransın əsas mövzuları Azərbaycanı bu il Beynəlxalq İqlim gündəminin mərkəzinə qoyur", - o əlavə edib.
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, dünya iqlim dəyişmələrinə uyğunlaşmalıdır.
"Uyğunlaşma qlobal iqlim gündəliyində əsas yer tutur. Dünya artıq orta temperaturun artması, mövsümlərin dəyişməsi və ekstremal hava hadisələrinin artması ilə üzləşir ki, bu da ölkələrdən və cəmiyyətlərdən iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətini və mövcud və gələcək təsirlərə effektiv reaksiya verməyi tələb edir", - o qeyd edib.
Onun sözlərinə görə, uyğunlaşma müxtəlif yollarla həyata keçirilə bilər: daşqınlardan qoruyucu qurğuların yaradılması, erkən xəbərdarlıq sistemlərinin yaradılması, quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinə keçid, rabitə sistemlərinin yenilənməsi, biznes əməliyyatları və dövlət siyasətinin modernləşdirilməsi.
Umayra Tağıyeva vurğulayıb ki, Azərbaycan da regiona xas olan iqlim dəyişikliyinin təsirləri ilə üzləşib: torpaq eroziyası, buzlaqların əriməsi, su-botanika yerlərinin deqradasiyası, dəniz səviyyəsinin dəyişməsi, meşə yanğınları və su ehtiyatlarının azalması, külək aktivliyinin azalması.
Energetika naziri Pərviz Şahbazov deyib ki, "Təmiz ətraf mühit" və "yaşıl inkişaf" konsepsiyaları 2030-cu ilədək Azərbaycanın inkişaf prioritetlərindən biri kimi müəyyən edilib və ölkə bütün planlaşdırılmış tapşırıqları həyata keçirir.
"Azərbaycan milli, regional və qlobal səviyyədə "yaşıl" enerjiyə keçidi həyata keçirir, bu proses hədəfli islahatlarla müşayiət olunur", - nazir qeyd edib.
O, 2027-ci ilə qədər istehsal güclərində bərpa olunan enerji mənbələrinin payını 33%-ə çatdıracaq birinci mərhələnin enerji sisteminin gücləndirilməsi, "yaşıl enerji zonalarının" yaradılması, neft-qaz əməliyyatlarının dekarbonizasiyası, enerji səmərəliliyi və elektrik avtomobillərinin tətbiqini əhatə etdiyini vurğulayıb.
"İlk dəfə xarici sərmayələr əsasında 230 MVt gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə bu il 8 ayda günəş elektrik enerjisi istehsalı 9 dəfədən çox artıb. Bu, "yaşıl" strategiyanın həyata keçirilməsində böyük bir uğurdur", - P.Şahbazov bildirib.
Nazirin sözlərinə görə, ilin sonuna qədər 340 MVt gücündə 2 günəş elektrik stansiyasının tikintisi üzrə işlər davam etdiriləcək, eləcə də, 100 MVt gücündə stansiyanın quraşdırılması üzrə birinci hərracın nəticələri açıqlanacaq.
"Ümumilikdə 8 günəş və külək elektrik stansiyası təxminən 2 GW gücündə, eləcə də, 270 MVt gücündə 32 kiçik SES, işğaldan azad edilmiş ərazilərdə illik 2,9 milyon ton emisiyaların azaldılmasına imkan verəcək", - P.Şahbazov əlavə edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 yolunda əsas hadisədir.=
"Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyinin elan edilməsindən sonra iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün müxtəlif sektorlardan bütün nümayəndələrin aktiv mobilizasiyası başlayıb. Bu prosesdə Azərbaycan BMT ilə, COP29 sədrlik komandası ilə, hökumət, vətəndaş cəmiyyəti, inkişaf tərəfdaşları, elmi icma və gənclərlə sıx əməkdaşlıq edir.
Mənim xüsusilə qürur duyduğum əsas təşəbbüslərimizdən biri iqlim üzrə aparıcı ekspertlərlə 29 müzakirədən ibarət olan layihələrimizdir. Eyni zamanda, COP29-a gedən yolda əsas hadisə Bakı İqlim Fəaliyyəti Həftəsidir", - o qeyd edib.
Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyev bildirib ki, süni intellekt Xəzər dənizinin səviyyəsinin düşməsi ilə mübarizədə vacib bir alət ola bilər.
"Texnologiyalar iqlim dəyişikliyinə uyğunlaşma proseslərində açar rol oynayır. Xüsusilə Xəzər dənizinin səviyyəsinin azalması ssenari planlaşdırmasını tələb edir ki, burada süni intellekt bu problemin qiymətləndirilməsi və həll yollarının axtarışında vacib bir alət ola bilər. Bu problem regionun bioloji müxtəlifliyinə, ekosisteminə, nəqliyyatına və uzunmüddətli əlaqələrinə təsir göstərir", - o qeyd edib.
Onun sözlərinə görə, qlobal istiləşməni 1,5 dərəcə ilə saxlamaq hələ də mümkündür.
"Azərbaycan tarixdə ilk dəfə olaraq ilin əvvəlində ölkələrin COP çərçivəsində 2024-cü ilin sonuna qədər şəffaflıq üzrə 2 illik hesabatlarını təqdim etməyi prioritet olaraq qoyub. Bu, texniki baxımdan çətin bir vəzifədir və çox miqdarda məlumatın toplanmasını və analizini tələb edir ki, bu da bir çox ölkələr üçün çətinlik yaradır. Bu səbəbdən, biz bu hesabatların hazırlanmasında ölkələrin potensialını artırmaq üçün bir sıra qlobal və regional seminarlar təşkil etdik.
May ayında Bakıda seminar keçirilib, daha sonra Tokio, Keniya və Qazaxıstanda bir neçə regional tədbir təşkil olunub. İndi biz Latın Amerikası və Asiya-Sakit Okean regionunda daha 2 seminar keçirməyə hazırlaşırıq. Beləliklə, inkişaf edən ölkələrin ekoloji şəffaflıqlarını artırmaq üçün potensial və texniki imkanlarını genişləndirmək məqsədindəyik", - o əlavə edib.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-nümayəndəsi Alessandra Rokkasalvo bildirib ki, Azərbaycan enerji keçidinin ön cəbhəsindədir.
O qeyd edib ki, Azərbaycan qalıq yanacağın istehsalçısı olaraq enerji keçidinin tələbləri ilə bağlı böyük məsuliyyət daşıyır.
Alessandra Rokkasalvo vurğulayıb ki, BMT İnkişaf Proqramı Azərbaycanda iqlim dəyişikliyi, iqlim keçidi və ona bağlı məsələlər üzrə ən böyük agentlikdir.
"COP29 sədrliyini ilk Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, məcburi deyil, könüllü bir tədbirdir və əminəm ki, yüksək qiymətləndiriləcək", - o əlavə edib.
Energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Konfransda bildirib ki, "Xəzər-Qara dəniz-Avropa" "yaşıl" enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın ilkin nəticələri COP29-da açıqlanacaq.
Nazir yaxın zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl" enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq barədə Hökumətlərarası Sazişin imzalanacağını gözlədiklərini qeyd edib.
"Bu dəhlizlər regional və qitələrarası əlaqələr quraraq, tədarük təhlükəsizliyinə və təmiz enerjiyə keçməyə müsbət təsir göstərəcək", - nazir vurğulayıb.
O, Azərbaycanın COP29-a sədrlik edən ölkə olaraq qlobal enerji keçidini dəstəkləyən təşəbbüslərin müəllifi olduğunu xatırladıb.
"14 təşəbbüsdən 3-ü - "Yaşıl enerji zonaları və dəhlizləri", "Qlobal enerji anbarları və şəbəkələri", "Hidrogen bəyannaməsi" - dünyanın enerji sahəsində karbon tullantılarının sıfıra endirilməsinə və enerji keçidinin sürətləndirilməsinə dəstək məqsədini güdür. Biz inanırıq ki, bu təşəbbüslər yalnız COP29 çərçivəsində deyil, eyni zamanda, gələcək onilliklərdə dünyada qoyulan hədəflərin həyata keçirilməsinə kömək edəcək", - P.Şahbazov bildirib.
O, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonasının" inkişafını iqlim dəyişikliyinə qarşı mübarizədə güclü dəstək kimi qiymətləndirib.
Nazir enerji keçidinin bütün komponentlərini əhatə edən və Naxçıvan da daxil olmaqla, bu bölgəni sıfır emissiya regionuna çevirən belə inkişaf modelinin tətbiqinin Azərbaycanda "Yaşıl Enerji" məkanlarının yaradılmasına nümunə olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və Naxçıvanda bərpa olunan enerji mənbələrinin yaradılması "yaşıl enerji" ixracı üçün gələcək dəhlizlərlə bağlıdır.
"Bu, Azərbaycanın enerji keçidinin növbəti mərhələsi olacaq və bu, Xəzər dənizinin nəhəng enerji potensialının, quruda bərpa olunan enerji mənbələrinin işlənilməsi və yeni enerji dəhlizlərinin inşası əsasında formalaşacaq. Azərbaycan "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa" (Naxçıvan vasitəsilə) və "Mərkəzi Asiya-Azərbaycan-Avropa" "yaşıl" enerji dəhlizləri ilə "yaşıl" enerji tədarükçüsünə çevriləcək. Bu dəhlizlər 5 GW "yaşıl" enerji və "yaşıl" qaz (hidrogen) ixracını təmin edəcək", - Pərviz Şahbazov əlavə edib.
Energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov bildirib ki, Azərbaycanda emissiyaların təxminən 70 faizi enerji sektorunun payına düşür.
"Ümumilikdə dünyada istixana qazlarının, yəni səth temperaturunun artmasına səbəb olan emissiyaların 70 faizi energetika sektoru ilə bağlıdır. Emissiyaların təxminən 20 faizi kənd təsərrüfatı sektoruna, 5 faizi sənaye sektoruna, 3-4 faizi isə tullantı sektoruna düşür. Azərbaycanda da oxşar rəqəmlər müşahidə olunur. Beləliklə, Azərbaycanda 70% emissiyalar da energetika sektoru ilə bağlıdır", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan sovet dövrünə aid köhnə və səmərəsiz elektrik stansiyalarını müasir yüksək səmərəli stansiyalarla əvəz edir.
"Bundan əlavə, biz mövcud güclərin ekoloji cəhətdən təmizlənməsi üzərində fəal işləyirik. Köhnə stansiyaları əvəz edirik, lakin hazırda heç bir qaz elektrik stansiyası inşa etmirik. Bunun əvəzinə, biz bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının inşasına diqqət yetiririk, bunların bir çoxu regionda ilk və ən böyükdür, və bu onilliyin sonuna qədər onların sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq.
Düşünürəm ki, 2030-cu ilə qədər inkişaf etmiş ölkələrdə elektrik enerjisinin 80 faizdən çoxu bərpa olunan enerji mənbələrindən istehsal ediləcək. Bu, heyrətamizdir. 2035-ci ilə qədər 100 faiz səviyyəsinə çatmağı planlaşdıran ölkələr üçün bu çox çətin olacaq, amma mən nəzəri cəhətdən bunun mümkün olduğunu düşünürəm," - o əlavə edib.
"SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev qeyd edib ki, "SOCAR Green" "yaşıl" enerji layihələrində böyük irəliləyiş əldə edib.
"Yaşıl enerji keçidi və iqlim dayanıqlılığı SOCAR-a qlobal bazarda iştirakını genişləndirmək imkanı verib", - E.Musayev qeyd edib.
O, şirkətin 2050-ci ilə qədər "xalis sıfır" (Net Zero) hədəfinə çatmağa yönələn strategiyasını xatırladıb.
E.Musayev "SOCAR Green"in gənc bir şirkət olaraq (2024-cü ildən fəaliyyət göstərir) böyük ambisiyalara malik olduğunu və artıq "yaşıl" enerji ilə bağlı bir sıra layihələrdə əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.
"Bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 qiqavatdır. Bu nəzərə alınaraq, biz "MASDAR" ilə birlikdə bu sahədə layihənin imkanlarını qiymətləndiririk", - o əlavə edib.
Eyni zamanda, o, "ACWA power", "bp", "Total", "Uniper" və Çin enerji şirkətləri ilə əməkdaşlığını da qeyd edib.
"Boston Consulting Group" (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri bildirib ki, Azərbaycan bərpa olunan enerji mənbələri (BEM) sahəsində güclü potensiala malikdir.
"Azərbaycanın ölçülərini nəzərə alsaq, bərpa olunan enerji mənbələri sahəsində çox güclü potensial mövcuddur", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın "yaşıl" enerji keçidini effektiv şəkildə həyata keçirmək və biznes çərçivələrini qurmaq üçün siyasəti strateji yanaşma ilə formalaşdırması lazımdır.
"Hesab edirəm ki, ölkə üçün aydın siyasətin olması vacibdir: hansı artıq gəlirli texnologiyaların dəstəklənməsi və gəlir gətirməyən texnologiyaların inkişaf etdirilməsinin planlaşdırılması vacibdir. Bu, dəqiq və əsaslı şəkildə yazılmalıdır. Bunu etmədən, bazarda qarışıqlıq və etimadsızlıq yaranacaq", - o vurğulayıb.
O, hələ də mənfəət gətirməyən texnologiyalara dair çərçivələr yaradan etibarlı və aydın bir siyasətin önəmli olduğunu, həmçinin, tərəfdaşlıqların yaradılmasının vacib olduğunu qeyd edib.
Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dövlət büdcəsindən təxminən 18 milyard manat (10 milyard ABŞ dollarından çox) ayrılıb.
"Azərbaycanın azad edilmiş ərazilərində şəhərlər təkcə funksional deyil, həm də dayanıqlı və inklüziv prinsipləri əks etdirməlidir. Çox vaxt biz bu son aspekti unuduruq. Bir vaxtlar ticarət və mədəniyyət mərkəzi olan Ağdam bu gün Qafqazın Xirosiması adlanır.
Eyni vəziyyət böyük dağıntılara məruz qalmış Füzuli və Xocavənd üçün də keçərlidir. Lakin biz bu ərazilərə təkcə onların keçmişi prizmasından deyil, həm də onların daha parlaq və dayanıqlı gələcək üçün potensialını nəzərə alaraq baxmalıyıq. Bu şəhərlərin və rayonların bərpası prosesi diqqətli planlaşdırma və innovativ yanaşma tələb edir. Biz təkcə itirilmiş obyektləri bərpa etmirik, həm də dəyişikliklərə daha yaxşı uyğunlaşan, iqlim dəyişikliyinin nəticələrinə dayanıqlı olan və gələcək tələblərə cavab verə bilən "ağıllı" şəhərlər yaradırıq", - o qeyd edib.
Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənddə hakimiyyət milli və beynəlxalq tərəfdaşlarla birlikdə davamlı inkişafın qabaqcıl tədbirlərini, o cümlədən, ekoloji təmiz binaların və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə fəal işləyir.
"Ancaq beynəlxalq dəstək çox azdır, hazırda dövlət büdcəsindən təxminən 18 milyard manat (10 milyard ABŞ dollarından çox) bu ərazilərin bərpası, infrastruktur, mədənçilik və sosial-iqtisadi institutların yaradılması üçün ayrılıb", - o əlavə edib.
E.Hüseynov, həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyələşdirilməsində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın davam etdiyini və onların gələcəkdə mühüm rol oynayacağını vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Azərbaycanda "yaşıl" tikintinin təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.
Ekseter Universitetinin Biznes və innovasiyalar üzrə prorektor müavini Stüart Broklharst qeyd edib ki, təbii sistemlərinin nəzarətdən çıxma riski var.
S.Broklharst vurğulayıb ki, baxmayaraq ki, tarix boyu iqlim dəyişiklikləri olub, son onilliklər ərzində qlobal orta temperaturun görünməmiş dərəcədə artımı müşahidə olunur.
"Yer üzərində milyon illər ərzində tarazlıqda olan təbii karbon dövrü mövcuddur. Ancaq insan fəaliyyəti nəticəsində atmosferə daha çox CO2 buraxılır və okeanlar, meşələr kimi təbii karbon uducuları bu CO2-ni udmağa çatdırmır. Qalıq yanacağın yandırılması, meşələrin qırılması, təbii landşaftın dəyişdirilməsi kimi insan fəaliyyəti balanslaşdırılmış təbii karbon dövrünün pozulmasına və nəticədə istixana effektinin artmasına səbəb olub", - o əlavə edib.
O vurğulayıb ki, Ekseter Universiteti iqlim tədqiqatları sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir və burada 1 500-dən çox alim iqlim və ətraf mühit problemləri ilə məşğul olur, bu da onu bu sahədə ən iri təhsil mərkəzinə çevirir.
"Biz artıq son 2 milyon il ərzində atmosferdəki ən yüksək CO2 konsentrasiyasına malikik. Dünya okeanının səviyyəsi son 3000 ildə ən sürətli templə artır. Buzlaqların əriməsi və digər proseslər dünya üzrə iqlim dəyişikliyinə birbaşa təsir edir, bu da daşqınlar, meşə yanğınları və insan tələfatlarına səbəb olur. Gələcəkdə görəcəyimiz dəyişikliklərin keçmişdə gördüklərimizlə eyni olacağını düşünürük. Təəssüf ki, iqlim dəyişikliyi vəziyyətində təbii sistemlərdə baş verən dönüş nöqtələri bizi eksponensial və geri dönməz dəyişikliklərə aparır və bunu unutmamalıyıq", - o bildirib.
O qeyd edib ki, təbiət sistemlərinin nəzarətdən çıxma riski mövcuddur.
"Bu proseslərin nəzarətdən çıxmamış dayandırmaq üçün biz sürətlə hərəkət etməliyik", - o əlavə edib.
O, su qıtlığının və iqlim dəyişikliyi ilə əlaqəli ərzaq istehsalının azalmasının aclıq təhlükəsi yaratdığını bildirib.
"Biz bilirik ki, bu prosesin qarşısını almaq üçün emissiyaların sıfır səviyyəsinə çatmalıyıq. 2050-ci ilə qədər sıfır emissiyaya çatmaq üçün nə edilməli olduğunu dəqiq başa düşürük", - professor vurğulayıb.
Onun fikrincə, iqlim dəyişikliyi ilə mübarizənin həllini təmin edəcək sahələr arasında elektromobillər, enerji saxlama sistemləri və bərpa olunan enerji mənbələri mühüm rol oynayır.
"Bir kilovatt enerji hasil etmək üçün günəş panelinin qiyməti reallıqda 99,9 faiz ucuzlaşıb. Elektromobillərin sayının artması ilə batareya istehsalının qiyməti də azalır. Biz tamamilə bərpa olunan enerjiyə keçsək, enerji saxlama və elektromobillər üçün şarj stansiyaları tikmək lazımdır. Beləliklə, elektromobillərin yayılması bərpa olunan enerji mənbələrinə keçidi asanlaşdırır, enerji saxlayan qurğuların alışını ucuzlaşdırır. Biz görürük ki, dekarbonizasiya ilə iqtisadi artım arasında seçim etməyə ehtiyac yoxdur. Bir çox ölkə eyni vaxtda karbon emissiyalarını azaldaraq, iqtisadiyyatlarını gücləndirir. Mən COP29-un keçirilməsini, qlobal iqlim məsələlərində irəliləyişləri səbirsizliklə gözləyirəm", - Broklharst vurğulayıb.
Professorun fikrincə, iqlim dəyişikliyi bəşəriyyətin qarşısında duran ən böyük çağırışlardan biridir.
"Bizim nəsil gələcək nəsillər üçün sağlam bir Yer kürəsini geridə qoymaq imkanına sahibdir və bu problemi həll etmək üçün məsuliyyət bizim üzərinə düşür", - o, sözlərinə yekun vurub.
Qeyd edək ki, COP29 bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Bu qərar 2023-cü ilin dekabrında Dubayda keçirilmiş COP28-in plenar sessiyasında qəbul edilib. 2 həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və təxminən 70-80 min xarici qonağı qəbul edəcək.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, COP29 çərçivəsində Bakıda noyabrın 20-də urbanizasiya, nəqliyyat və turizm sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması və "yaşıl" tendensiyaların müzakirə olunacağı xüsusi iclaslar keçiriləcək.
Onun sözlərinə görə, xüsusilə 20 noyabrda dayanıqlı tikinti və istismar zamanı istixana qazı emissiyalarının azaldıldığı tikinti materiallarının istifadəsi ilə bağlı müzakirələr keçiriləcək.
"Bu il COP29 çərçivəsində dayanıqlı tikinti mövzusunda bir neçə "dəyirmi masa" keçirdik, burada tikinti, su təchizatı, tullantıların idarə olunması ilə bağlı məsələlər nəzərə alınmaqla urbanizasiya mövzuları müzakirə olundu", - A.Quliyev xatırladıb.
O, Dövlət Komitəsinin "IFC" və "EBRD" ilə "Green Cities Action Plan" çərçivəsində "Yaşıl şəhərlər" layihəsi üzrə məsləhətləşdiyini vurğulayıb.
"Şəhərlər dünyada istixana qazı emissiyalarının 17 faizini təşkil edir. Bu problemin həlli üçün inklüzivlik və özəl sektorun daha çox iştirakı vacibdir", - o bildirib.
Onun sözlərinə görə, "yaşıl" texnologiyaların və infrastrukturun tətbiqi üçün hüquqi baza inkişaf edir, bu, xüsusən binalarda günəş panellərinin quraşdırılması ilə bağlıdır.
"Bərpa olunan enerji mənbələri (BEM) Azərbaycanda yeni iqlim çağırışları nəzərə alınmaqla uzunmüddətli urbanizasiya planına daxil edilir", - A.Quliyev qeyd edib.
O, həmçinin, Bakıda 18-22 may 2026-cı il tarixlərində Dünya Şəhər İnkişafı Forumu keçiriləcəyini xatırladıb.
Tədbir işini sabah davam etdirəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре