ÜST uşaqlarda onkoloji xəstəliklərin yeni ödənişsiz müalicə proqramına başlayır

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-müəyyən sağalma nisbətlərini yaxşılaşdırmaq üçün aşağı və orta gəlirli ölkələrdəki uşaqlarda onkoloji xəstəliklərin pulsuz müalicəsini təmin etmək üçün yeni bir proqrama start verib.

Day.Az xəbər verir ki, ÜST-nin bəyanatında bildirilir ki, pilot layihədə iştirak edən ölkələr uşaqlarda xərçəngə qarşı yüksəkkeyfiyyətli dərman preparatları ilə fasiləsiz təmin olunacaq.

BMT-nin son məlumatına görə, ilk dərman preparatları tədarükü Monqolustan və Özbəkistana, daha sonra isə Ekvador, İordaniya, Nepal və Zambiyaya aparılacaq. 2025-ci ilə qədər kampaniya bu altı ölkədə ən azı 30 xəstəxanada təxminən 5000 azyaşlını əhatə edəcək.

ÜST təəssüflə bildirib ki, uşaqlarda xərçəngdən sağalma nisbətləri aşağı və orta gəlirli ölkələrdə çox vaxt 30 faizdən aşağıdır (adambaşına düşən ümumi milli gəlirə əsaslanan təsnifat). Halbuki, yüksək gəlirli ölkələrdə bu rəqəm təqribən 80 faizə çatır. ÜST-nin rəhbəri Tedros Adhanom Gebreyesus bildirib ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən uşaqlara həyat qurtaran dərmanlar verilmir.

Proqramda iştirak etmək üçün daha altı ölkə dəvət olunub və təşkilat beş-yeddi il ərzində 50 iştirakçının olacağına və 120.000-ə yaxın uşağa fayda verəcəyinə ümid edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 400 000 uşaq xərçəngə tutulur, onların əksəriyyətinin tibbi resurslara çıxışı məhduddur. ÜST bildirir: "Bu ərazidə uşaqların təxminən 70 faizi düzgün müalicənin olmaması, müalicədə fasilələr və ya keyfiyyətsiz dərmanlar kimi amillər səbəbindən xərçəngdən ölür".