"Bir Kəmər, Bir Yol": Azərbaycanın Çinlə yaxın tərəfdaşlığa doğru yolu

Çin Azərbaycanın əsas iqtisadi partnyorlarından biridir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi təhlilçi Turab Rzayev deyib.
O bildirib ki, Rusiya, Çin, Avropa İttifaqı, ABŞ, Hindistan, hətta Türkiyə və İran belə öz ətrafında geosiyasi çevrə yaratmağa çalışır:
"Belə bir dövrdə aydın məsələdir ki, məhz Çin ilə əlaqələr də xüsusi əhəmiyyət kəsb edir. Hazırda Qərb blokunda "çat" əmələ gəlib. Belə bir məqamda Çin operativ xarici siyasət vektoru kimi önə çıxır. Çin, Rusiya və İranın əlaqələri də bu məsələdə mühüm rol oynayır".
Ekspert qeyd edib ki, digər tərəfdən Çinin qlobal layihələrindən biri "Bir kəmər, bir yol" bizim üçün də maraqlıdır.
"Azərbaycan orta dəhlizin yaradılmasında xüsusi maraq göstərir. Başqa bir məsələ isə Çinin inverstesiya layihələridir. Azərbaycanın da bu inverstesiyalara böyük marağı var. Xüsusən burda yaşıl enerji, külək elektrik stansiyası, günəş elektrik stansiyası layihələri və s. xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda yüksək texnologiyalar sahəsində də əməkdaşlığa maraqlıdır", - deyə o əlavə edib.
Siyasi şərhçi Fuad Əlili isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanla Çin arasında son illərdə baş verən yaxınlaşma bir neçə mühüm istiqamətdə əhəmiyyətli nəticələr vəd edir. Bu proses əsasən siyasi, iqtisadi və logistik sahələrdə özünü göstərir və hər iki tərəfin strateji maraqlarına cavab verir.
"Çin Azərbaycanın qeyri-neft sektoruna maraq göstərir. Xüsusilə kənd təsərrüfatı, energetika, tikinti və rəqəmsal texnologiyalar sahəsində investisiyalar artır. Azərbaycanın Çinlə "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində əməkdaşlığı, ölkəyə tranzit və investisiya baxımından yeni imkanlar açır.
Azərbaycanın coğrafi mövqeyi - Asiya ilə Avropanı birləşdirən mühüm keçid nöqtəsi olması - Çini çox maraqlandırır. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Çin mallarının Avropaya daha qısa müddətdə daşınmasına şərait yaradır.
Çin enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif mənbələrlə əməkdaşlığa can atır. Azərbaycan həm enerji ixracatçısı, həm də yaşıl enerji layihələri ilə maraq doğurur. Gələcəkdə bu sahədə əməkdaşlığın dərinləşməsi mümkündür", - ekspert vurğulayıb.
O qeyd edib ki, Azərbaycan xarici siyasətində balans prinsipinə sadiq qalaraq, həm Qərb, həm də Şərq ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır.
"Çinlə yaxınlaşma, xüsusilə Rusiya və Qərblə münasibətlərin yeni mərhələyə qədəm qoyduğu dövrdə, Bakıya əlavə manevr imkanı verir. Bu yaxınlaşmanın uğuru hər iki ölkənin maraqlarının nə dərəcədə uyğunlaşmasından və əməkdaşlığın praktiki nəticələr verməsindən asılı olacaq. Xüsusilə, Azərbaycanın Çin bazarına çıxışı və Çin texnologiyasının Azərbaycana transferi önəmli rol oynaya bilər", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре