“Baku Network” analitik mərkəzinin “Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

"Baku Network" analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən "Hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə "Baku Network" mərkəzinin rəhbər şəxsləri, ekspert üzvləri, qeyri-hökumət təşkilatları və media şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network"ün layihə direktoru Sahil Kərimli bildirib ki, bu layihə çərçivəsində həm Azərbaycanda, həm də əsas hədəf olan Avropada, xüsusilə də Fransanın paytaxtı Parisdə müəyyən tədbirlər keçiriləcək. O həmçinin, bir müddət əvvəl Fransadakı Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində şəhid jurnalistlərin fotosərgisinin təşkil edildiyini də xatırladıb.

"Baku Network"ün direktoru Elçin Ağacanov vurğulayıb ki, kütləvi informasiya vasitələri ilə yanaşı, cəmiyyətdə də hibrid təhükələrin nə olduğunu tam anlayanlar çox azdır: "Hibrid təhlükə sadəcə haker hücumu, saxta məlumat yaymaq, süni intellektdən istifadə edərək, deyilməyənləri deyilən kimi təqdim etmək deyil. Hibrid təhlükə özümüzdən özümüzə qarşı istifadə etmək cəhdləridir. Məhz bunu nəzərə alaraq hibrid təhükələrin təsnifatını apardıq. Eyni zamanda, ideoloji təhlükələrin də təsnifatını hazırlamaq niyyətindəyik. Fəaliyyətimizi daha geniş aspektdə davam etdirmək istəyirik".

Öz növbəsində Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev deyib ki, indiki zamanda şəbəkələrin, informasiya imkanlarının, yeni texnologiyaların formalaşması, xüsusən "Baku Network" kimi qurumların fəaliyyətinə böyük zərurət yaradır: "Bu layihənin ölkə üçün əhəmiyyətinin fərqindəyik. Bu cür layihələrə daha çox dəstək verilməlidir. Fransaya səfər, UNESCO çərçivəsində görüşlər, sərgilər, yayılan materiallar, yeni ekspertlərlə yaranan əlaqələr çox böyük nailiyyətdir".

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun sözlərinə görə, dünyada və qonşu dövlətlərdə gedən proseslər məcbur edir ki, hərbi və ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirilməlidir:

"Təhlükəsizlik dövlətin prioritet məsələlərindəndir. Yeni texnologiyaların meydana gəlməsi bu məsələləri çətinləşdirməklə yanaşı, digər tərəfdən də asanlaşdırır. Çünki imkanlar daha genişlənir, böyükmiqyaslı informasiyalar ala bilirik. Belə bir şəraitdə cəmiyyət özü də informasiya savaşına hazır olmalıdır".

 

Daha sonra "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" xəbər portalının direktoru Rafail Becanov isə bildirib ki, layihə dövrümüzün aktual məsələləri istiqamətində fokuslanıb: "KİV, QHT-lər, sosial media platformaları belə bu məsələyə xüsusi diqqət ayırırlar. Müxtəlif mövzulu saxta informasiyaları yerləşdirib insanları manipulyasiya etmək mümkündür. Baş verənlər təkcə kibercinayətklarlıq deyil, bu, orduya, dövlət strukturlarına da təsir edir".

Çıxışı zamanı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli vurğulayıb ki, tədbirdə qaldırılan mövzu müasir dünyada olduqca aktualdır: "Azərbaycan üçün isə bu üçqat aktuallıq kəsb edir. Biz dünya siyasi mərkəzlərinin diqqət mərkəzindəyik. Hibrid təhdidlərlə, informasiya savaşı ilə bağlı nə baş verirsə, müxtəlif ölkələrdə, bəlkə, komponentlərdən təkcə biri mövcuddur. Lakin onların hamısı birləşib Azərbaycanın üzərinə düşür. Ona görə də təhdidlərin yaxın vaxtlarda səngiyəcəyini gözləməməliyik".

Tədbirdə həmçinin, APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev, tarixçi Yəhya Babanlı da çıxış edərək layihənin beynəlxalq miqyasda Azərbaycan üçün əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki, "Baku Network" 2025-ci ilin mayından avqustun sonunadək "Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili" layihəsini həyata keçirəcək. Layihəyə dövlət qurumlarının dəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub.

Layihənin məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq reputasiyasına və strateji maraqlarına yönəlmiş informasiya-psixoloji hücumların (media kampaniyalar, dezinformasiya, ideoloji təsirlər və s.) mənbələrini aşkar etmək və onlar qarşısında sistemli yanaşma ilə zərərsizləşdirməkdir.