Qızıl dolu çantasını tapan uşağa görün nə hədiyyə etdi

Türkiyənin Batman şəhərində 14 yaşlı Ömər Çobanın nümunəvi davranışı hər kəsin rəğbətini qazanıb. O, küçədə zibil qabının yanında tapdığı, dəyəri 1 milyon 600 min lirə (66 min manat)  olan qızıl və pul dolu çantanı polisə təhvil verib.

Evə gedərkən yol kənarındakı zibil qabının yanında qara rəngli paket görən Ömər, çantanı açanda içində qızıl və bir qədər pul olduğunu müəyyənləşdirib. Dərhal evə qaçaraq tapdıqlarını anasına göstərib. Anasının məsləhəti ilə o, çantanı polisə apararaq təhvil verib.

Hadisədən sonra Batman Valiliyi, Polis İdarəsi və Bələdiyyə nümayəndələri Çoban ailəsini ziyarət ediblər. Ömərə nümunəvi davranışına görə planşet, top və məktəb ləvazimatları hədiyyə olunub. Çantanın sahibi isə ona velosiped bağışlayıb.

8-ci sinif şagirdi Ömər Çoban hadisəni belə izah edib:

"Marketdən çıxıb evə gedirdim. Zibil qabının yanında qara çanta gördüm. Ayağımla vurdum, ağır idi. Açanda içində qızıl və pul olduğunu gördüm. Qaçaraq evə gəldim, anam dedi ki, dərhal polisə apar. Mən də gedib təhvil verdim".

Ömərin babası, 68 yaşlı İhsan Çoban isə nəvəsinin hərəkəti ilə fəxr etdiyini bildirib:

"Nəvəmə görə çox qürur duyuram. Tapdığı qızıl və pulları polisə təhvil verdi. Oğlum Əhməd Çoban 7 uşaq atasıdır, hazırda Hatayda inşaat işlərində çalışaraq ailəsini dolandırır".