Xəlifə və Bəhlul Danəndə - YUNUS OĞUZ yazır
.jpg)
YUNUS OĞUZ
Pritça
Bir gün xəlifə Harun ər Rəşidin kefi ala buludda gəzəndə vəziri içəri girib deyir ki, bəs filan tacir hüzurunuza gəlib. Xəlifə soruşur:
-Nə ilə bağlıdır hüzuruma gəlməsi, axı mən onu çağırmamışam?
Vəzir yenə baş əyib cavab verir:
-Ya əmirəlmöminin, qardaşınız Bəhlul Danəndədən şikayətə gəlib.
Xəlifə xınalı saqqalını tumarlayır:
-Qəribədir, belə hörmətli zatın Bəhlulla nə işi ola bilər? Yaxşı, çağır gəlsin, mənim üçün də maraqlı oldu.
İçəri tösmərək bir nəfər girib xəlifəni salamladı, sonra dizlərini yerə qoyub iməkləyərək xəlifənin başmağından öpdü.
-Qalx, -Harun ər Rəşid handan -hana dilləndi, - eşitdim qardaşımdan şikayətə gəlmisən.
Tacir ayağa durub əyin-başını düzəltdi.
-Bəli şikayətə gəlmişən, ya əmirəlmöminin.
-Danış, - xəlifə hökmlə dilləndi.
-Ya tacirlərin, əsnafın himayəçisi! Bİr müddət ticarətim zəiflədi. Bilmədim neyləyim. Bazara çıxanda gördüm ki, Bəhlul gəlir. Dedim, ya Bəhlul Danəndə, mənə nə məsləhət verərsən ki, ticarətim genişlənsin? Düşünmədən cavab verdi: "Get dəmir al, yığ anbara, bir azdan müharibə elan ediləcək, silah qayırmaq üçün dəmirə çox ehtiyac olacaq."Elə də etdim. Qazancım dörd-beş qat oldu. Bir gün yenə oturmuşdum bazarda. Gördüm yenə o gəlir. Çağırdım yanıma. Dedim ya Bəhlul Divanə, mənə nə məsləhət verərsiniz ki, bir qədər də çox qazanım. Yenə düşünmədən cavab verdi: "Get çoxlu soğan al, yığ anbara, üstünə də su səp". Elə də etdim. Üstündən iki ay keçməmiş soğanlar göyərib xarab oldu. Əlimdə olan-qalan da getdi. Şikayətimin məğzi belədir.
Xəlifə yenə saqqalını tumarlayıb dedi:
-Əgər, sən deyən kimidirsə, zərəri mən ödəyəcəm, yox, əgər qardaşım tutarlı bir dəlil ortaya qoysa, daha mənlik deyil.
Xəlifənin əmrilə Bəhlulu tapıb onun hüzuruna gətirdilər. Çox çəkmədi ki, üzündə heç vaxt təbəssüm görünməyən Bəhlul içəri girdi. Durdu qapının ağzında.
Xəlifə barmağı ilə taciri göstərib soruşdu:
-Bu hörmətli zata bir dəfə məsləhətinlə yaxşı xeyir vermisən, bir dəfə də zərər, niyə?
Danəndə baxışları ilə əvvəlcə taciri gözdən keçirdi, sonra isə nəzərlərini qardaşının üzərində saxladı.
-Bu tacir bir dəfə mənə Danəndə kimi müraciət etdi. Mən də ona ağıllı məsləhət verdim. Çoxlu qazandı. Əli pulla oynamağa başlayanda genəldi, harınladı. İkinci dəfə mənə Divanə kimi müraciət etdi. Mən də dəli kimi məsləhət verdim, zərərə düşdü.
Xəlifə şaqqanaq çəkərək tacirə üzünü tutdu:
-Kişi, bu işdə sən özün günahkarsan. Məndən heç bir təzminat ala bilməyəcəksən, gedin.
Onlar mürəxxəs olandan sonra xəlifə üzünü vəzirinə tutub soruşdu:
-Vəzir, sən bu Bəhlulu gülən görmüsən?
-Xeyr, ya əmirəlmöminin.
-Onun həmişə qaşqabaqlı gəzməsi məni çox düşündürür. Sən belə et. Carçıya tapşır ki, kim Bəhlul Danəndəni gülən görsə, ona bir torba qızıl verəcəm.
Carçı aləmə car çəkir, amma onu heç kim gülən görmür.
Bir gün Bəhlul sallaqxananın yanından keçəndə baxır ki, qoyun öz ayağından asılıb, dərisi də soyulur.
O, bu mənzərəyə baxıb şaqqanaq çəkir. Qəssab bu mənzərəni görüb tez saraya qaçır ki, bəs qardaşınızı gülən görmüşəm.
Bəhlulu axtarıb tapırlar, xəlifənin hüzuruna gətirirlər. Harun ər Rəşid soruşur:
-Bu qəssab iddia edir ki, sən sallaqxananın yanından keçəndə gülmüsən. Bu doğrudurmu?
O xəlifənin sözlərini təsdiqləyir:
-Bəli, gülmüşəm.
Xəlifə göstəriş verir ki, qəssabı yola salsınlar.
O gedəndən sonra sual verir:
-Yaxşı bəs, o sallaqxanada səni güldürən nə oldu?
-Qardaş, həmişə sənin zalımlığını, rəiyyətə əziyyət verdiyini görəndə fikirləşirdim ki, sənin bu əməllərinə o dünyada necə cavab verəcəm? Sallaqxananın yanından keçəndə gördüm ki, qoyun öz ayağından asılıb, dərisini soyurlar. Ondan başa düşdüm ki, hər kəs öz əməllərinə görə özü cavabdehdir. Bax buna güldüm...
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре