Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb - FOTO
ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə 8 ölkədən səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri oktyabrın 23-də başa çatıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, ikigünlük səfər zamanı səyyahlar əvvəlcə Ağdamda Cümə məscidini ziyarət edib və Çörək muzeyinin dağıntılarına baxıblar. Sonra Xankəndidə Qarabağ Universitetində görüş keçirilib. Onlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verilib.
Daha sonra Laçına gələn qonaqlar şəhərin mərkəzini gəzib, Yurd Qalereyası və "Gilabi Ceramics" Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Burada onlara şəhərin tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və müasir infrastruktur imkanları barədə məlumatlar təqdim olunub.
Səyyahların səfəri oktyabrın 23-də Şuşa ziyarəti ilə davam edib.
Qonaqlar əvvəlcə Şuşa şəhərinin mərkəzində Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət ediblər. Bildirilib ki, işğal zamanı ermənilər bu heykəlləri apararaq əritmək istəsələr də, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycana qaytarılıb.
Daha sonra səyyahlar "Xan qızı" bulağını ziyarət edərək, şəhərin bərpa olunan su xətti və Xurşidbanu Natəvan haqqında məlumat alıblar.
Səyyahlar, həmçinin Şuşa qala divarlarını və Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Onlara qala divarlarının tarixi, işğal dövründəki vandalizm və məscidin bərpası barədə məlumat verilib.
Sonra səyyahlar Füzuli rayonuna səfər ediblər.
Qonaqlara şəhərin işğaldan sonrakı bərpa prosesi barədə məlumat verilib. Bildirilib ki, işğal zamanı Füzuli tamamilə dağıdılıb, lakin artıq 824 ailə yeni yaşayış kompleksində məskunlaşıb. Gələcəkdə burada yeni yaşayış binaları, xəstəxana və inzibati mərkəz tikiləcək.
Səyyahlara, həmçinin Kənd Horadizdə azad olunmuş ərazilərdə mina təhlükəsi barədə məlumat verilib. Qeyd olunub ki, minalar sakinlərin geri qayıtmasına mane olur.
Bildirilib ki, minaların təmizləmə prosesi müasir texnika və minaaxtaran itlər vasitəsilə aparılır.
Daha sonra qonaqlar üçün mina partladılması prosesi nümayiş etdirilib.
Beləliklə, səyyahların Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb.
xxx
15:40
Dünya səyyahları Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Füzuli rayonunda olublar.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Füzulinin işğaldan azad edilmiş Kənd Horadiz kəndinə gələn qonaqlar ərazidə aparılan mina təmizləmə əməliyyatları ilə tanış olub.
Onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib. Həmçinin ANAMA əməkdaşlarının təmizləmə əməliyyatlarının icra edilməsi müşahidə olunub.
Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nəzərdə tutulur.
xxx
10:10
Beynəlxalq səyahətçilərin Qarabağa təşkil edilmiş növbəti səfər çərçivəsində Şuşa şəhərinə səfəri başlayıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, səyahətçilər ilk olaraq Şuşa şəhərinin mərkəzində olub ermənilərin Üzeyir Hacıbəylinin, Xurşudbanu Natavanın güllələdikləri heykəllərə baxış keçiriblər.
Daha sonra onların Şuşa şəhərində bir neçə yerdə olmaları planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре