Yeni Baş Kollektiv Sazişin hazırlanmasına başlanılıb - Şahin Mustafayev
Ölkəmizdə 2026-2028-ci illəri əhatə edəcək yeni Baş Kollektiv Saziş üzərində işlər artıq başlanılıb.
Day.Az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda islahatların mərkəzində insan amili dayanır:
"Azərbaycanda həyata keçirilən islahatların əsas mərkəzində insan amili dayanır. Bu strateji xətt həm dövlət qurumlarının, həm də həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu baxımdan həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti hökumətin etibarlı tərəfdaşı kimi mühüm rol oynayır. Həmkarlar ittifaqları da öz fəaliyyətlərində bu humanist prinsipləri rəhbər tutur. Nazirlər Kabineti sosial siyasətin dəstəklənməsi, əmək münasibətlərinin tənzimlənməsi, iş yerlərində təhlükəsizlik və sosial ədalət prinsiplərinin təmin olunması sahəsində həmkarlar ittifaqları konfederasiyası ilə sıx əməkdaşlıq edir. Qeyd olunur ki, əmək qanunvericiliyinin təkmilləşdirilməsi bu əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Əmək mühitinin yaxşılaşdırılması kollektiv sazişlərə əsaslanan sosial tərəfdaşlığın nəticəsidir.
Azərbaycanda əmək mühitinin yaradılması və təkmilləşdirilməsi istiqamətində əldə olunan uğurlar baş kollektiv sazişə əsaslanan səmərəli sosial tərəfdaşlığın bariz nümunəsidir.
2026-2028-ci illəri əhatə edəcək yeni Baş Kollektiv Saziş üzərində işlər artıq başlanılıb. Yeni sənəddə ənənəvi əmək hüquqlarının qorunması ilə yanaşı, müasir dövrün çağırışlarına cavab olaraq qloballaşan iqtisadiyyata uyğun ətraf mühit məsələləri və ədalətli keçid prinsipləri, o cümlədən süni intellektin iş yerlərinə mümkün təsiri kimi mühüm məsələlər də əksini tapacaq.
Yeni kollektiv sazişin hazırlanması zamanı sosial tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinin daha da gücləndirilməsi əsas məqsəd olaraq müəyyən edilib".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре