Bu ölkə ilə Azərbaycan arasında hava əlaqəsi qurulur

Milli Məclis Azərbaycan və Ruanda arasında hava əlaqəsi haqqında Sazişi ratifikasiya edib.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" 20 sentyabr 2025-ci il tarixində Bakı şəhərində imzalanıb.

Bu Saziş tərəf dövlətlər arasında hava əlaqəsinin qurulması məqsədilə Çikaqo Konvensiyasına əlavə Saziş bağlamaq niyyəti ilə imzalanıb və sənədin müddəaları qeyd olunan Konvensiyanın beynəlxalq hava əlaqəsinə tətbiq edilən müddəaları ilə şərtlənir.

Razılığa gələn tərəflərdən hər biri digərinə yerə enmədən öz dövlətinin ərazisi üzərindən uçmaq və qeyri-kommersiya məqsədləri üçün öz dövlətinin ərazisində dayanmaq, həmçinin, bu Sazişin Əlavəsində göstərilən marşrutlar üzrə beynəlxalq hava əlaqələrini yerinə yetirmək məqsədilə digər hüquqlar verir.

Hər bir razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə diplomatik kanallar vasitəsilə təyin etmək hüququna malikdir. Bununla yanaşı, tərəflər yazılı bildiriş əsasında belə təyinatı ləğv etmək və ya dəyişmək hüququna da malikdirlər.

Razılığa gələn tərəflər bu Saziş çərçivəsində həyata keçirilən beynəlxalq hava daşımalarının yerinə yetirilməsində təyin olunmuş aviasiya şirkətlərinə ədalətli və bərabər rəqabət imkanları təqdim edilməsinə şərait yaradırlar.

Razılığa gələn tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birlərinə bütün lazımi yardımı göstərirlər.

Hər bir razılığa gələn tərəf təyin olunmuş aviasiya şirkətlərinə, həmin razılığa gələn tərəf tərəfindən qəbul edilən ölkənin milli qanunvericiliyinə uyğun olaraq, beynəlxalq sərnişin və ya yük hava xidmətləri ilə birlikdə yerüstü nəqliyyat növlərindən istifadə etmək icazəsi verir.

"Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.