Qələbəyə aparan yol - 8 Noyabr

8 Noyabr - Azərbaycan xalqının yaddaşında əbədi qalacaq bir tarixdir. Bu gün təkcə hərbi qələbənin deyil, həm də milli iradənin, siyasi uzaqgörənliyin və dövlətçilik düşüncəsinin təntənəsidir. Məhz həmin gün - 2020-ci ilin 8 noyabrında, Azərbaycan Ordusu Şuşanı azad etməklə, Vətən müharibəsində həlledici mərhələyə qədəm qoydu və Ermənistanın kapitulyasiyasını təmin edən əsas faktoru yaratdı. Lakin bu Qələbə ani qərarların və ya qısa müddətli planların nəticəsi deyildi. Bu, illərlə düşünülmüş, ardıcıl və məqsədyönlü siyasətin bəhrəsi idi. Azərbaycanın müstəqilliyinin bərpasından sonra keçdiyi çətin, lakin qətiyyətli yol, ölkə rəhbərliyinin strateji baxışı və xalqın birliyi sayəsində reallığa çevrildi.

Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Azər Qarayev qdeyib.

"Bu gün 8 Noyabr təkcə torpaqların azad olunmasının simvolu deyil - bu tarix Azərbaycan dövlətçiliyinin mübarizə və yenidən doğuluş salnaməsidir. Qələbə Gününün arxasında duran proseslər, uzun illər ərzində Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin və diplomatik mübarizənin zirvəsidir.

XX əsrin sonu Azərbaycan üçün həm azadlıq, həm də itkilər dövrü idi. Yeni müstəqil dövlətin qarşısında həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan çoxsaylı çağırışlar vardı. Ordunun formalaşmadığı, dövlət institutlarının zəif olduğu bir şəraitdə Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. O zaman beynəlxalq aləmdə Azərbaycanın səsi zəif eşidilirdi. Həm daxili sabitlik, həm də beynəlxalq aləmdə vəziyyət mürəkkəb idi. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, dövlətin əsasları möhkəmləndi. Məhz həmin dövrdə gələcək Qələbənin siyasi, diplomatik və iqtisadi təməli qoyuldu.

2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkə inkişafın yeni mərhələsinə qədəm qoydu. Onun rəhbərliyi ilə Azərbaycan planlı və sistemli şəkildə həm iqtisadi, həm də hərbi baxımdan güclənməyə başladı. Prezident İlham Əliyev hələ ilk illərdən bəyan etmişdi ki, Azərbaycanın iqtisadi gücü onun hərbi gücünü şərtləndirəcək. Bu siyasət qısa zamanda öz nəticəsini verdi. Azərbaycanın iqtisadiyyatı neft gəlirlərinin səmərəli idarə olunması sayəsində regionun ən dinamik inkişaf edən iqtisadi sisteminə çevrildi. Dövlət Neft Fondu vasitəsilə əldə olunan gəlirlər birbaşa ordu quruculuğuna, sosial rifahın yüksəldilməsinə və infrastrukturun modernləşdirilməsinə yönəldildi", - o bildirib.

Onun sözlərinə görə, 2000-ci illərin ortalarından etibarən Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrildi. Yeni texnologiyalar, müasir silah sistemləri, kadr islahatları və peşəkar zabit korpusu formalaşdırıldı. Orduda milli ruhun yüksəldilməsi, döyüş hazırlığının artırılması, Türkiyə ilə strateji hərbi əməkdaşlığın dərinləşməsi Qələbəyə gedən yolun ən vacib tərkib hissələrindən idi. Prezident İlham Əliyev dəfələrlə vurğulayırdı ki, biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bu, sadəcə siyasi bəyanat deyildi - bu, illərlə davam edən psixoloji və ideoloji hazırlığın ifadəsi idi.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni dövrə - diplomatik uğurlar dövrünə qədəm qoydu. Dövlət başçısının xarici siyasəti balanslaşdırılmış və çoxvektorlu idi: həm Qərb, həm Rusiya, həm də İslam dünyası ilə qarşılıqlı etimad mühitinə əsaslanırdı. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, BMT, Avropa Şurası, Qoşulmama Hərəkatı kimi platformalarda fəal mövqe tutdu. Qarabağ məsələsində isə Ermənistanın təcavüzkar imici tədricən ifşa edildi, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini qəbul etməyə başladı. Bütün bunlar bir məqsədə xidmət edirdi - Qarabağın azadlığı üçün diplomatik və hüquqi zəminin möhkəmləndirilməsinə.

2020-ci ilin 27 sentyabrında Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Prezident İlham Əliyev "Biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik" deyərək əməliyyatların mahiyyətini qəti şəkildə ortaya qoydu. Bu, təkcə hərbi əməliyyat deyildi - bu, Azərbaycan xalqının 30 illik ədalət mübarizəsinin başlanğıcı idi. Müharibə cəmi 44 gün çəkdi, amma bu qısa müddət ərzində Azərbaycan Ordusu müasir hərbi tarixdə misli görünməmiş taktiki və texnoloji üstünlük nümayiş etdirdi. Dron əməliyyatları, real vaxt koordinasiyası, yüksək motivasiya və peşəkar rəhbərlik Ermənistan ordusunu tam məğlubiyyətə uğratdı. Şuşanın azad olunması müharibənin ən dramatik və həlledici məqamı idi. Dağlıq relyef, əlverişsiz şərait və düşmənin müdafiə sədlərinə baxmayaraq, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi. Prezident İlham Əliyevin həmin tarixi çıxışı - "Şuşa bizimdir! Qarabağ bizimdir!" - təkcə bir hərbi xəbər deyildi, bu, Azərbaycanın yeni dövrünün başlanğıcı idi. Şuşanın azad olunması Ermənistan ordusunun psixoloji sarsıntısına səbəb oldu və 10 noyabr 2020-ci ildə kapitulyasiya aktının imzalanması ilə nəticələndi. Bu qələbə təkcə torpaqların geri alınması deyildi - bu, həm də ədalətin, milli qürurun və suverenliyin bərpası idi. 30 il davam edən işğal dövründə Azərbaycanın nə unudulmuş, nə də barışmış xalq olmadığını bütün dünya gördü. Müharibə dövründə Prezident İlham Əliyev həm Ali Baş Komandan, həm diplomatik lider, həm də milli rəmz rolunu mükəmməl şəkildə yerinə yetirdi", - o bildirib.

A.Qarayev qeyd edib ki, Vətən müharibəsindən sonra regionda tamamilə yeni siyasi və təhlükəsizlik mühiti formalaşdı. Azərbaycan qalib ölkə kimi regional nizamın aparıcı qüvvəsinə çevrildi.

"Lakin Qarabağda hələ də müəyyən qeyri-qanuni silahlı dəstələrin mövcudluğu, separatçı qalıqların təxribatları və Ermənistanın sülh prosesindən yayınması, Azərbaycanın suveren hüquqlarını tam reallaşdırmasına mane olurdu. Prezident İlham Əliyev dəfələrlə bəyan edirdi ki, "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir". Bu bəyanat beynəlxalq hüquqa tam uyğun idi, çünki BMT-nin prinsiplərinə əsasən, hər bir dövlət öz suveren ərazisində təhlükəsizlik və idarəetmə hüququna malikdir.

2023-cü ilin sentyabrında Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribatlar fonunda Azərbaycan lokal antiterror tədbirlərinə başladı. Əməliyyatlar cəmi bir sutka davam etdi, lakin nəticə tarixi idi - separatçı rejim tamamilə məhv edildi, silahlı dəstələr tərksilah olundu və Qarabağ ərazisində Azərbaycanın suverenliyi tam bərpa edildi. Separatçı liderlər həbs edildi və hazırda onların məhkəməsi Bakıda davam etdirilir. Bu əməliyyatlar müharibə yox, hüquqi baxımdan konstitusion qayda-nizamın bərpası idi. Prezident İlham Əliyev bu prosesi həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan misilsiz dəqiqliklə idarə etdi.

Torpaqlarımız tam azad edildikdən sonra Azərbaycan dövləti bu ərazilərdə "Böyük Qayıdış" proqramını həyata keçirməyə başladı. Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Ağdam kimi şəhərlərdə bərpa işləri geniş vüsət aldı. Yeni yollar, hava limanları, enerji xətləri, məktəblər, xəstəxanalar tikildi. Bu, yalnız fiziki yenidənqurma deyildi - bu, xalqın ruhunun bərpası, dövlətin gələcəyə yönəlmiş strateji baxışının təzahürü idi. Prezident İlham Əliyev qeyd edib ki, "Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək". Bu baxış artıq reallığa çevrilməkdədir. Qarabağda suverenliyin bərpasından sonra Azərbaycan regionda dayanıqlı sülh və əməkdaşlıq gündəliyini irəli sürdü. Prezident İlham Əliyevin mövqeyi aydın idi: "Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh".

Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsi beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanırdı. Bu prinsiplər həm beynəlxalq hüquq normalarına uyğundur, həm də bölgədə uzunmüddətli sabitliyin təminatı kimi çıxış edir. Lakin Ermənistan hökuməti ilk mərhələdə bu prosesə ciddi müqavimət göstərdi. Rəsmi İrəvan Qərb dairələrinin təzyiqi və daxili radikal qrupların təsiri altında sülh danışıqlarını uzatmaq siyasəti yürüdürdü. Prezident İlham Əliyev bu vəziyyəti də soyuqqanlılıqla idarə etdi. O, həm Brüssel formatında, həm Moskva, həm də Vaşinqton görüşlərində Azərbaycanın milli maraqlarını dəyişməz prinsipial mövqelə müdafiə etdi. Bu mərhələdə Azərbaycanın diplomatiyası həm də mədəniyyət və hüquq diplomatiyası səviyyəsində işləyirdi. Azərbaycanın təqdim etdiyi faktlar, müharibədən sonra həyata keçirilən bərpa siyasəti, Ermənistanın revanşist ritorikasına qarşı beynəlxalq aləmdə inandırıcı arqumentlər kimi qəbul olunurdu. Nəticədə, beynəlxalq ictimaiyyət getdikcə daha açıq şəkildə qəbul etdi ki, Cənubi Qafqazda sülh yalnız Azərbaycanın təklif etdiyi formatda mümkündür", - o bildirib.

Politoloq vurğulayıb ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın üçtərəfli görüşü baş tutdu.

"Bu görüş Cənubi Qafqaz diplomatiyasının dönüş nöqtəsi kimi tarixə düşdü. Vaşinqton formatı əvvəlki Brüssel və Moskva danışıqlarından fərqli olaraq, tam nəticəyə yönəlmiş idi. Çünki artıq mübahisəli məsələlər faktiki həll olunmuş, Azərbaycanın suverenliyi tam bərpa edilmişdi. Vaşinqton görüşündə tərəflər Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsini əsas götürərək razılığa gəldilər. Sazişin paraflanması - yəni ilkin imzalanması - faktiki olaraq münaqişənin hüquqi sonunu rəsmləşdirdi. Sənəddə bir sıra vacib bəndlər yer aldı. Bu razılaşma Azərbaycanın diplomatik qələbəsinin yekunu idi. Vaşinqtonda imzalanan sənəd bir çox cəhətdən tarixi əhəmiyyət daşıyır: Regionda müharibə dövrü rəsmi olaraq başa çatdı, Ermənistanın Azərbaycana qarşı iddiaları hüquqi müstəvidə ləğv olundu, ABŞ və beynəlxalq ictimaiyyət Azərbaycanın lider və təşəbbüskar tərəf kimi rolunu qəbul etdi, Cənubi Qafqazda yeni inteqrasiya mərhələsi başlandı", - o bildirib.

Onun sözlərinə görə, 8 Noyabr - Azərbaycan tarixində təkcə hərbi zəfərin günü deyil. Bu gün xalqın iradəsinin, dövlətin qüdrətinin və liderliyin təntənəsi kimi yaddaşlara həkk olunub.

"Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində ağır sınaqlardan keçdi. Torpaqlar işğal olundu, yüz minlərlə insan məcburi köçkünə çevrildi, beynəlxalq sistemdə səsi az eşidilən bir ölkə idi. Amma bu xalq öz tarixini yenidən yazmaq gücünə malik idi. Və bu gücün formalaşması, istiqamətlənməsi üçün liderlik faktoru həlledici rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti strateji düşüncəni milli iradə ilə birləşdirərək tarixdə nadir rast gəlinən dönüş nöqtəsi yaratdı. Prezident İlham Əliyevin siyasi xəttinin əsasında dövlətin müstəqilliyini möhkəmləndirmək, xalqın rifahını təmin etmək və ədaləti bərpa etmək prinsipi dayanır", - politoloq deyib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük müharibə zamanı Azərbaycanın mövqeyi dünyaya çatdırılırdı.

"Müharibə zamanı Prezident İlham Əliyev həm cəbhənin, həm də diplomatiyanın Ali Baş Komandanı idi. Onun BBC, CNN, Al Jazeera, TRT və bir sıra digər qlobal media platformalarında apardığı ideoloji mübarizə informasiya cəbhəsində həqiqətin qələbəsini təmin etdi. Qarabağın azad olunması təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də milli kimliyin, ruhun və qürurun dirçəlişi idi. Şuşanın azadlığı Azərbaycan üçün təkcə hərbi əməliyyat deyildi - bu, mədəniyyətin, tarixin və inancın azadlığı idi. Qarabağda yenidən tikilən şəhərlər, qayıdan ailələr, bərpa edilən məscidlər və məktəblər bu qələbənin bəşəri dəyərini təsdiqləyir. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası tarixi prosesin ikinci mərhələsi idi. Bu hadisə göstərdi ki, Azərbaycan müharibəni yalnız torpaq üçün deyil, dövlətçilik prinsipləri üçün aparmışdı. Ardınca başlayan sülh diplomatiyası artıq Azərbaycanın təşəbbüsü ilə irəliləyirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sülh, inkişaf və əməkdaşlıq doktrinası formalaşdı. Ermənistanı sülhə məcbur edən amil təkcə hərbi güc deyildi - bu, həm də Azərbaycanın diplomatik və siyasi üstünlüyü idi. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sülh sazişinin paraflanması da Azərbaycan diplomatiyasının zirvəsi oldu. Bu sənəd yalnız iki ölkə arasında razılaşma deyildi - bu, Cənubi Qafqazda yeni dövrün başlanğıcı idi. Sülh sazişi ilə Azərbaycan Ermənistanla münaqişəyə hüquqi nöqtə qoyur, bölgədə təhlükəsizlik arxitekturasını müəyyənləşdirir, öz təşəbbüsü ilə regional inteqrasiya prosesinin liderinə çevrilir. Bu, Prezident İlham Əliyevin "Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir" bəyanatının siyasi təcəssümü idi", - o bildirib.

Politoloq vurğulayıb ki, bu gün Azərbaycan artıq yalnız qalib dövlət deyil - lider ölkə statusundadır. Cənubi Qafqazda yeni siyasi və iqtisadi nizam Azərbaycanın təşəbbüsləri əsasında formalaşır.

"Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi, Cənub Qaz Dəhlizi kimi layihələr regionu birləşdirən strateji arteriyalar rolunu oynayır. Qarabağ və Şərqi Zəngəzur bölgələri isə Azərbaycanın "yaşıl enerji" və "ağıllı şəhər" konsepsiyalarının mərkəzinə çevrilir. Azərbaycan beynəlxalq səviyyədə sülh və təhlükəsizlik platforması kimi çıxış edir - COP29-a ev sahibliyi, BMT platformalarında fəallıq bunun bariz sübutudur. Bütün bu proseslərin mərkəzində Prezident İlham Əliyevin liderlik məktəbi dayanır - bu məktəb praqmatizm, realizm və milli maraqlar üzərində qurulub.

8 Noyabr indi təkcə qələbənin xatirəsi deyil - bu tarix gələcək nəsillər üçün məsuliyyət və ilham günüdür. Bu gün azad Qarabağda üçrəngli bayrağımız dalğalanırsa, bu, xalqın birliyi, ordunun qəhrəmanlığı və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsindədir. İndi Azərbaycanın qarşısında yeni vəzifə dayanır - Qarabağı bərpa etmək, sülhü qorumaq və gələcəyin nəsillərinə bu ruhu ötürmək.

1990-cı illərin sarsıntısından 2025-ci ilin sülh sazişinədək keçən 35 illik yol bir xalqın yenidən doğuluş salnaməsidir. Bu yolun başlanğıcında ağrı, sonunda isə qürur dayanır. 8 Noyabr - bu yolun zirvəsidir. Bu tarix, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının iradəsinin, səbrinin, gücünün və dövlət düşüncəsinin təntənəsidir. Bu gün dünya Azərbaycanı qalib, ədalətli və sülhpərvər dövlət kimi tanıyır", - A.Qarayev əlavə edib.