Ağdərənin Vəngli kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub

Noyabrın 13-də Ağdərə rayonunun Vəngli kəndinə köçürülən ailələrə yeni mənzillərin açarları təqdim edilib.

Day.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu mərhələdə Vəngli kəndinə 45 nəfərdən ibarət 11 ailə köçürülüb.

Sakinlərə mənzillərin açarlarını təqdim edən xidmətin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi ardıcıl şəkildə davam etdirilir. M.Əfəndiyevin sözlərinə görə, kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Bura mühəndis-kommunikasiya xətləri, yol və su təchizatı sistemləri də daxildir. Məqsəd isə sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.

14:40

xxx

Xocalı. Trend:

Noyabrın 13-də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç mərhələsi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün hər iki kəndə ümumilikdə 50 nəfərdən ibarət 15 ailə köçürülüb.

Onlardan 9 ailə Daşbulaq, 6 ailə isə Badara kəndində daimi məskunlaşıb. Yeni mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib. M. Əfəndiyev bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu diqqət mərkəzində saxlanılır, onlara həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün lazımi şərait var. Xatırladaq ki, əvvəlki mərhələlərdə Daşbulaq kəndinə 91 nəfərdən ibarət 21 ailə, Badara kəndinə isə 31 ailə (117 nəfər) köçürülüb. Hazırda hər iki yaşayış məntəqəsində sakinlərin rahat həyatı üçün bütün zəruri infrastruktur - elektrik, qaz, su, rabitə və kommunal xidmətlər tam şəkildə bərpa olunub.

13:40

xxx

Xocalı rayonuna yola salınan növbəti köç karvanları Daşbulaq və Badara kəndlərinə çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Daşbulaq və Badara kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya isə 6 ailə (19 nəfər) köçürülüb.

13:15

xxx

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə və Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocalının Daşbulaq kəndinə 9 ailə, - 31 nəfər, Badara kəndinə 6 ailə - 19 nəfər, Ağdərənin Vəngli kəndinə isə 11 ailə-45 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.