Azərbaycan və İran xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran xarici işlər naziri Seyid Abbas Əraqçinin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Day.Az xəbər verir ki, tədbirdə iki ölkə əlaqələri, beynəlxalq və regional münasibətlər üzrə fikirlər səsləndirilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2025 Azərbaycan-İran münasibətləri üçün önəmli il olub.
Onun sözlərinə görə, ümumilikdə iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat-kommunikasiya, regional təhlükəsizlik və beynəlxalq münasibətlər haqda müzakirələr aparılıb.
Nazir bildirib ki, iki ölkə arasında yerləşən Ağbənd-Kəlalə körpüsünün 2026-cı ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir.
Onun sözlərinə görə, ümumilikdə iki ölkə arasında il ərzində siyasi, iqtisadi, nəqliyyat kommunikasiya, regional təhlükəsizlik və beynəlxalq münasibətlər haqda müzakirələr aparılıb:
"2025-ci il Azərbaycan-İran münasibətləri fonunda çox uğurlu olub. 2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon dollar, 2025-ci ilin 10 ayı ərzində isə 520 milyon dollar civarında olub".
Ceyhun Bayramov Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı məsələyə də münasibət bildirib
"Azərbaycan ABŞ-dən Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb. Lakin bizi maraqlandıran məsələlərlə bağlı sorğular göndərmişik. Suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur", - nazir vurğulayıb.
İran xarici işlər naziri Seyid Abbas Əraqçi çıxışında bildirib ki, İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.
Əraqçi bildirib ki, 3+3 formatında danışıqların davam etdirilməsi əhəmiyyət kəsb edir.
O, həmçinin əlavə edib ki, bu gün İran və Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm mədəni və həm başqa sahələrdə müzakirələr aparılıb.
Nazirin sözlərinə görə, bu gün ən önəmli razılaşma danışıqlar, məsləhətləşmələrin davam etdirilməsi üçün səfərlərin artırılmasıdır.
"Səyimiz budur ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə artırılması, anlaşılmazlıqlar sıfıra endirilsin.
İran Azərbaycanla kommunikasiyaların artırılmasına maraq göstərir. Nəticədə iki ölkə arasında ticarət artacaq. Enerji sahəsində də danışıqlar aparılıb" - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре