Başqasının "WhatsApp"ını izləmək istəyənlərin NƏZƏRİNƏ - Bunu bilməlisiniz!
Son dövrlər sosial şəbəkələrdə "WhatsApp" mesajlaşma proqramının gizli şəkildə izlənildiyini iddia edən səhifə və profillər artıb.
Bu səhifələr əsasən "WhatsApp" izləmə xidmətləri", "WhatsApp"ı gizli şəkildə izləyirik" və s. adlar altında fəaliyyət göstərir.
Bəzi istifadəçilər bu iddialara inanaraq, guya həmin xidmətin göstərilməsi üçün müəyyən məbləğdə ödəniş edirlər.

Bəs doğrudanmı "WhatsApp" mesajları başqaları tərəfindən icazəsiz şəkildə oxuna bilər?
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Day.Az-a açıqlamasında bildirib ki, "WhatsApp" izləmə mövzusu ətrafında çoxlu yanlış təsəvvür var.
"WhatsApp" bütün mesajlar üçün end-to-end encryption (başdan-başa şifrələmə) istifadə edir. Bu o deməkdir ki, mesajları üçüncü şəxs oxuya bilməz, WhatsApp" özü belə mesaj məzmununu görmür, şəbəkə üzərindən dinləmə ilə mesaj oxumaq mümkün deyil. Əgər gizlilik ayarları açıqdırsa, son görülmə, onlayn / offline, profil fotosunun dəyişməsi kimi izləmələr mümkündür, amma bu məzmun izlənməsi deyil."
Mütəxəssis deyib ki, əgər kimsə, telefonu fiziki ələ keçiribsə, PIN / barmaq izi varsa, və ya sizdən xəbərsiz Linked Devices (Əlaqəli cihazlar) qoşulubsa, o zaman, mesajlar birbaşa cihazdan oxuna bilər, bu, şifrələməni pozmur, cihazı istifadə edilir.
"Bəzi hallarda, telefonunuza zərərli proqram yüklənə bilər, bu proqram klaviaturanı, ekranı və bildirişləri izləyir. Bunlar qanunsuzdur. Bu da İOS və yenilənmiş Android-də çox çətindir. Adətən istifadəçinin xəbəri olmadan mümkün olmur. Wi-Fi / operator üzərindən mesaj oxumaq mümkün deyil. Sadəcə nə qədər data sərf edildiyini bilmək mümkündür.
Ekspert təhlükəsizlik üçün tövsiyyələr də verib:
Two-Step Verification aktiv et
2. Linked Devices bölməsini yoxla
3."Son görülmə" → Heç kim
4. Naməlum tətbiqləri sil
5. Telefonu kilidsiz vermə
6. Play Store / App Store xarici APK quraşdırma
Qeyd edək ki, Daxili İşlər Nazirliyi də bununla bağlı bir neçə dəfə vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilir ki, internet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır.
"Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək, son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır. Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре