Azərbaycanın mövqeyi Tayvan məsələsində beynəlxalq hüquq prinsiplərinə əsaslanır

Tayvan məsələsində Azərbaycanın mövqeyi aydın, ardıcıldır və beynəlxalq hüquq prinsiplərinə əsaslanır.

Day.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Çin münasibətləri və hərtərəfli strateji tərəfdaşlığa dair "Global Times" nəşrinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır:

 

"Biz 2024-cü ilin yanvar ayında Tayvanda keçirilən qondarma seçkiləri pisləyən ilk ölkələrdən biri olduq. Azərbaycan birmənalı şəkildə "Vahid Çin" prinsipini dəstəkləyir. Regional vəziyyəti qeyri-sabitləşdirən hər hansı bir hərəkət əks təsir göstərir və sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhlükə yaradır. Azərbaycan hesab edir ki, təxribatlar, birtərəfli addımlar və ya xarici müdaxilə yolu ilə status-kvonu dəyişdirmək cəhdləri yalnız qarşıdurma riskini artırır və beynəlxalq münasibətlərdə etimadı sarsıdır.

Bu kontekstdə, Tayvan məsələsində Azərbaycanın Çinə dəstəyi onun beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə, eləcə də Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əsasını təşkil edən qarşılıqlı etimada daha geniş sadiqliyinin əksidir".